Blok imtahanından 100 balı keçə bilməyən abituriyentlər üçün ixtisas seçimi fərqli şəkildə həyata keçiriləcək. Bəs, buraxılış imtahanında tələb olunan nəticəni əldə edib, lakin blok imtahanında 100 baldan aşağı bal toplayan abituriyentləri nə gözləyir? Bu addımı nə dərəcədə ədalətli hesab etmək olar?
Ölkə.az xəbər verir ki, mövzu ilə bağlı “Sonxeber.az”a təhsil eksperti Vüsət Əzizov danışıb.
O, açıqlamasında qeyd edib ki, Dövlət İmtahan Mərkəzi tərəfindən ali təhsil müəssisələrinə qəbul imtahanında 3 fənn üzrə minimum 50 bal toplayan və 100 balı keçməyən abituriyentlər üçün 150 ballıq ixtisaslar mövcuddur:
"Bu ixtisasları həmin bal aralığında nəticə göstərən abituriyentlər seçə bilərlər. İxtisasların sayı və çeşidi ixtisas qruplarına görə dəyişir. Məsələn, I ixtisas qrupu üzrə daha çox 150 ballıq ixtisaslar mövcuddur, III qrupda isə bu say daha azdır.
Təbii ki, qəbul şansı da ixtisas qruplarına görə fərqlənir. Məsələn, I ixtisas qrupu üzrə ümumi balı 150-200 arasında olan abituriyentlər əsasən regionlardakı ali təhsil müəssisələrinə qəbul olunurlar, çünki Bakıda qəbul üçün tələb olunan bal daha yüksək olur. II ixtisas qrupu üzrə isə 150-200 bal toplayan abituriyentlərin həm Bakıda, həm də regionlarda təhsil alma imkanları daha genişdir. III ixtisas qrupu üzrə isə vəziyyət fərqlidir: ədəbiyyat alt qrupu üzrə 150-200 bal toplayanların qəbul şansı çox aşağıdır, amma coğrafiya alt qrupu üzrə bu balla Bakıda yerləşən ali təhsil müəssisələrinə qəbul olunmaq mümkündür".
Təhsil eksperti onu da qeyd etdi ki, blok imtahanında tətbiq olunan 100 bal limiti daha prestijli ixtisasların seçilməsi ilə əlaqələndirilir:
"Məsələn, bəzi ali təhsil müəssisələri elə bal limiti tətbiq edir ki, ümumi balı 400-dən aşağı olan abituriyentlər həmin universitetləri seçə bilmirlər. Bu bal tələbi ali təhsil müəssisəsinə görə dəyişir. 100 bal limiti eyni zamanda bəzi ixtisaslarda ona görə tətbiq edilir ki, həmin balı toplaya bilməyən abituriyentlər bu ixtisaslarda keçilən fənləri mənimsəməkdə çətinlik çəkə bilər. Bu səbəbdən belə bir məhdudiyyət qoyulub.
Xüsusilə I ixtisas qrupu üzrə kənd təsərrüfatı yönümlü ixtisaslar daha çox olduğuna görə bu sahədə müəyyən güzəştlər tətbiq olunur. Məqsəd az bal toplayan abituriyentlərin də bu ixtisasları seçməsini stimullaşdırmaq və dövlət tərəfindən ayrılmış plan yerlərinin boş qalmasının qarşısını almaqdır. Bu ixtisasların əksəriyyəti dövlət sifarişi əsasında, yəni pulsuz şəkildə həyata keçirilir. Bu da həmin sahədə mütəxəssis hazırlığını təmin etmək məqsədi daşıyır.
Bundan əlavə, buraxılış imtahanında hər hansı bal limiti tətbiq edilmir. Yəni, buraxılış imtahanında 0 bal toplayan şəxslər də blok imtahanında və ya V ixtisas qrupu üzrə sənəd qəbulunda iştirak edə bilərlər. Həmçinin, buraxılış imtahanında hər üç fənn üzrə zəif nəticə göstərən abituriyentlərə də təhsil müəssisəsi tərəfindən 11 illik təhsili təsdiqləyən attestat təqdim olunur".