AZ

Fəzail Ağamlı da partiya sədrliyindən GEDİR

Azərbaycanda son aylarda bir sıra siyasi partiyaların sədrləri dəyişib. İlyas İsmayılovun vəfatından sonra Ədalət Partiyasına yeni sədr seçilib. Bu vəzifəyə Mütəllim Rəhimli layiq görülüb.

Uzun illər Vəhdət Partiyasına sədrlik edən Tahir Kərimli vəzifəsini təhvil verib. Sabiq Baş nazir Pənah Hüseynli isə Azərbaycan Xalq Partiyasında sədrlik vəzifəsini müavininə tapşırıb.

Qeyd edək ki, Azərbaycanda 26 siyasi partiya mövcuddur.

Redaktor.az xəbər verir ki, modern.az-a açıqlamasında Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı da sədrlik postunu təhvil verəcəyini bildirib.

"Nəsillər bir-birini zamanında əvəz etməlidir. İnsan yaşa dolur. Özündən sonra gələn nəsilə də bu və ya digər sahədə vəzifə tutuması, özünün arzularını reallaşdırmasına imkanlar yaradılmalıdır. Bu il 35 yaşı tamam olan Ana Vətən Partiyası yarandığı, siyasi mühitə qədəm qoyduğu andan bu günə qədər partiya üzvləri keçirilən çoxsaylı qurultaylarda mənə etimad göstərərək bu günə qədər belə məsuliyyətli vəzifəni daşımaq üçün mənə şans veriblər. Böyük etimaddır, təbii ki, bunu müsbət qəbul edirəm. Yeni çağırışlar var. Azərbaycan siyasi mühitində fərqli, daha dinamik, çevik, proseslərə adekvat addım ata biləcək gənclərin ortaya çıxmasına ciddi zərurət var. Bu baxımdan ayrı-ayrı partiyaların atmış olduğu addımlar tamamilə məntiqidir”.

F.Ağamalı onun da partiya sədrliyindən getməsinin məqamının yetişdiyini söyləyib:

“Əslinə qalsa, bu gün siyasi partiyaların əksəriyyəti Xalq Hərəkatı dövründə proseslərdə iştirak edən və partiyanın yaradılmasında ciddi rol oynayan, ilk dövrdən bu günə qədər sədr olan siyasətçilərdir. Bu insanların arasında mən də yer alıram. Düşünürəm ki, vaxtıdır, zamanıdır, biz getməliyik, yerimizə gənclər gəlməlidir. Onlar partiyanın ənənələrinə uyğun olaraq sədrlik kimi böyük məsuliyyət tələb edən vəzifəni öz üzərinə götürüb Azərbaycan dövlətçiliyinə xidmət etmək prosesində iştirak etməlidir. Bu ilin sonuna qədər Ana Vətən Partiyasının qurultayının keçirilməsi nəzərdə tutulub.Təbii ki, mən sədrlik vəzifəsindən gedəcəm. Namizədliyi irəli sürülən şəxslərdən kimin sədr olması  qurultayın səlahiyyətində olan məsələdir”.

"Ana Vətən Partiyasının sədr müavini, deputat Günay Ağamalı sədrliyə ən iddalı namizəddir. Siz ona dəstək olacaqsınız?", sualına olaraq F.Ağamalı belə cavab verib: “Mən bu suala cavab versəm, bu, ola bilsin ki, doğru alınmaz. Sonradan ayrı-ayrı namizədlər bu iddiada olsa, qurultayın gedişinə, qurultay nümayəndələrinin səs verməsinə təsir göstərməklə məni ittiham edərlər. Mənim bir səsim var və ən layiqli namizədə onu verəcəm. Ümidvaram ki, cəmiyyətdə bunu normal qəbul edəcək”.

Seçilən
0
11
redaktor.az

10Mənbələr