AZ

Xroniki xəstəliyi olanlar isti havalarda nələrə diqqət etməlidir?

ain.az, Azertag saytına istinadən bildirir.

Bakı, 18 iyun, AZƏRTAC

“Bir çox xroniki xəstəliyi olanlar isti havalarda diqqətli olmalıdırlar. Ürək-damar sistemi xəstəlikləri olan şəxslərdə yüksək temperatur qan damarlarının genişlənməsinə və təzyiqin düşməsinə səbəb ola bilər. Bu isə ürək döyüntülərinin artmasına, ürəyin yükünün çoxalmasına və infarkt riskinin yüksəlməsinə gətirib çıxara bilər”.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi instaqram hesabında canlı yayımda Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, terapevt Zakir Quliyev açıqlayıb.

Onun sözlərinə görə, hipertoniya və hipotoniya xəstələri üçün də isti hava təzyiqin qeyri-sabitləşməsinə səbəb olaraq başgicəllənmə, ürəkbulanma, hətta huş itkisi ilə nəticələnə bilər: “Şəkərli diabet xəstələrində susuzlaşma daha tez inkişaf edir, bu isə qanda şəkərin kəskin yüksəlməsinə və ya düşməsinə gətirib çıxara bilər. Üstəlik, bəzi diabet dərmanları və insulin bədəndə maye itkisini artırır. Xroniki tənəffüs xəstəlikləri, xüsusilə astma və xroniki obstruktiv ağciyər xəstəliyi (KOAH) olanlarda isti hava ilə birlikdə artan rütubət nəfəs darlığını artırır, tutmaların tezliyini yüksəldir.

Böyrək xəstəlikləri olan şəxslər isə maye-elektrolit balansının pozulmasına daha həssasdırlar, çünki bədən temperaturunun tənzimlənməsi üçün lazım olan tərləmə funksiyası onlarda böyrək yükünü artırır və bu, böyrək funksiyasının daha da zəifləməsinə səbəb ola bilər”.

Mütəxəssis-ekspert qeyd edib ki, hamilə qadınlar, yaşlı insanlar və azyaşlı uşaqların orqanizmi isə temperatur dəyişikliklərinə qarşı daha az adaptasiya qabiliyyətinə malikdir:

“Onlarda susuzlaşma, istilik iflici və digər istiliklə bağlı pozulmalar daha tez baş verir. Buna görə də, həmin qruplara aid insanlar günün ən isti saatlarında (adətən 11:00–17:00 arası) çöldə olmamalı, bol maye qəbul etməli, yüngül və açıq rəngli geyimlər geyinməli, birbaşa günəş işığından qorunmalı və müntəzəm olaraq qan təzyiqi, qan şəkəri kimi göstəricilərini izləməlidirlər”.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
3
2
azertag.az

4Mənbələr