AZ

Türkmənistan Azərbaycan kimi nəqliyyat marşrutlarının inkişafında fəal iştirak edir Şiriyev

ain.az, 525.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Əvvəllər neytrallıq çox vaxt təcrid olunma kimi qəbul olunurdusa, bu gün o, fəal diplomatik mövqeyə çevrilir. Türkmənistan bu yanaşmanı aydın şəkildə nümayiş etdirir - sülhün, dialoqun və beynəlxalq əməkdaşlığın aləti kimi neytrallığı təşviq edən bir dövlət kimi. Neytral dövlətlər qlobal parçalanmanın nəticələrinin aradan qaldırılmasında mühüm rol oynaya bilərlər".

525.az xəbər verir ki, bunu Türkmənistan Xarici İşlər Nazirliyi yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru Şiri Şiriyev Bakıda “Azərbaycan ilə Türkmənistan arasında çoxşaxəli əməkdaşlıq: nailiyyətlər və perspektivlər” mövzusunda keçirilən tədbirdə deyib.

O bildirib ki, Türkmənistanın neytrallığı sadəcə bloklarda iştirakdan imtina deyil, həm də dayanıqlı inkişaf və tərəfdaşlıq üçün şərait yaratmağa yönəlmiş bir səydir. Bu kontekstdə ölkənin əsas təşəbbüslərini qeyd etmək yerinə düşər:

“Xəzər dənizinin hüquqi statusunun həllinə dəstək göstərilməsi, Mərkəzi Asiyada nüvə silahından azad zona yaradılmasının dəstəklənməsi, TAPI (Türkmənistan — Əfqanıstan — Pakistan — Hindistan) qaz kəmərinin irəlilədilməsi. Bu addımlar sülh və sabitliyin möhkəmləndirilməsinə yönəlib və regional iqtisadiyyatın inkişafına töhfə verir.

Məsələn, TAPI qaz kəməri sadəcə enerji layihəsi deyil. O, həm də region ölkələri arasında qarşılıqlı asılılıq və etimadın gücləndirilməsi vasitəsidir. Belə yanaşma münaqişə risklərini azaldır və dayanıqlı inkişaf üçün əsas yaradır.

Türkmənistan, Azərbaycan kimi, Transxəzər marşrutu, həmçinin «Şimal–Cənub» və «Şərq–Qərb» istiqamətləri daxil olmaqla, beynəlxalq nəqliyyat marşrutlarının inkişafında fəal iştirak edir. Türkmənistan Avropa ilə Asiyanı birləşdirən logistika mərkəzinə çevrilməyə çalışır və bu yolla iqtisadi və siyasi əlaqələri genişləndirir. Bu addımlar həm sülhün möhkəmləndirilməsinə, həm də iqtisadi inkişafın təmin olunmasına yönəlib. Onlar Türkmənistanın strateji yanaşmasını göstərir ki, burada neytrallıq regional layihələrin inkişafı üçün əsas kimi çıxış edir”.

O əlavə edib ki, müasir çoxqütblü dünyada neytral dövlətlər çağırışlarla üzləşsələr də, unikal potensiala malikdirlər. Onlar vasitəçi kimi çıxış edə, dialoq və münaqişələrin həlli üçün etimad mühiti yarada bilərlər:

“Türkmənistan öz neytral statusuna qəti şəkildə sadiqdir və onu fəal xarici siyasət, diplomatiya və humanitar fəaliyyət üçün əsas kimi istifadə edir. Bunlardan biri — Əfqanıstana çətin zamanlarda göstərilən humanitar yardımdır. 1998–2001-ci illərdə Əfqanıstanda quraqlıq və ağır humanitar şərait hökm sürərkən, Türkmənistan digər ölkələrdən fərqli olaraq sərhədlərini bağlamadı, əksinə, humanitar körpüyə çevrildi. İmamnazar və Sərhətabat keçid məntəqələri vasitəsilə, o cümlədən Ümumdünya Qida Proqramının dəstəyi ilə yardım çatdırılırdı.

Ümumdünya Qida Proqramı (WFP) Türkmənistanda öz nümayəndəliyini açdı. Onun vasitəçiliyi ilə donor ölkələrdən Əfqanıstana humanitar yardımın çatdırılmasına başlandı. Bu, neytrallığın yardım, dialoq və sabitlik üçün praktik vasitəyə çevrilməsinin nümunəsidir. Bundan əlavə, Türkmənistan Tacikistan ilə Əfqanıstan arasında sülh danışıqlarına töhfə verib ki, bu da onun regionda fəal sülhməramlı rolunu vurğulayır. 2025-ci ildə biz Türkmənistanın neytrallığının 30 illiyini, həmçinin Prezident Serdar Berdimuhammedovun təşəbbüsü və BMT-nin qərarı ilə cari ilin Beynəlxalq Sülh və Etimad İli elan olunmasını qeyd edirik. Son 30 ilin təcrübəsi göstərir ki, Türkmənistanın neytrallığı sadəcə xarici siyasət aləti deyil, daha sabit, ədalətli və harmonik dünya üçün fəal töhfə və nümunədir”.

Pərvanə Sultanova

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
14
525.az

1Mənbələr