AZ

Riqada Azərbaycanın üzləşdiyi mina təhlükəsinə dair dəyirmi masa keçirilib » AzadMedia.az

Riqada

Azərbaycan Latviyadakı Səfirliyi, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi və
Latviyanın “Şimali Avropa Siyasəti Mərkəzi” beyin mərkəzinin birgə təşkilatçılığı ilə Riqa
şəhərində “Azərbaycanda Minatəmizləmə Fəaliyyəti: Prioritetlər və Təhdidlər”
mövzusunda dəyirmi masa keçirilib.

Tədbiri giriş nitqi ilə açan Azərbaycanın Latviyadakı səfiri Elnur Sultanov tədbirin təşkil
olunmasının məqsədinin Azərbaycanın üzləşdiyi mina təhlükəsi, minatəmizləmə sahəsində
aktual aspektləri, xüsusilə humanitar minatəmizləmə, beynəlxalq yardım və əməkdaşlığın
zəruriliyi ilə bağlı məsələləri işıqlandırmaq olduğunu diqqətə çatdırıb. Səfir Ermənistanın
30 ilə yaxın davam edən hərbi işğalı nəticəsində Azərbaycanın mina və partlamamış hərbi
sursatlarla ən çox çirklənmiş ölkələr sırasında olduğunu bildirib. O qeyd edib ki, işğal
dövründə Ermənistan tərəfindən Azərbaycan ərazilərində təqribən 1.5 milyon mina və
partlamamış hərbi sursatlar basdırılıb, bu da Azərbaycan ərazisinin 13 faizdən çoxunu
əhatə edir. Bildirilib ki, ölkəmizin üzləşdiyi bu problem mülki əhali üçün ciddi təhlükə
yaradır, işğaldan azad edilmiş ərazilərin bərpasına və keçmiş məcburi köçkünlərin
təhlükəsiz və ləyaqətli şəkildə qayıdışına əngəl törədir.

Latviyanın sabiq Prezidenti Raymonds Veyonis Azərbaycanda mövcud mina probleminin
törətdiyi fəsadlara toxunaraq, sözügedən təhlükənin böyük olduğunu qeyd edib və
ANAMA-nın humanitar minatəmizləmə fəaliyyətini yüksək qiymətləndirib.
“Şimali Avropa Siyasəti Mərkəzi”nin sədri, Latviyanın sabiq müdafiə naziri Artis Pabriks
ölkəmizin Latviya üçün Cənubi Qafqazda uzun illər strateji tərəfdaş olduğunu diqqətə
çatdıraraq, hazırkı dəyirmi masanın Azərbaycanın üzləşdiyi mina təhlükəsi ilə yaxından
tanış olmaq üçün imkan yaratdığını bildirib.

Sonra Milli Məclisin deputatı Qaya Məmmədov çıxış edərək, Azərbaycan torpaqlarının
işğaldan azad olmasından sonra, məcburi köçkün düşmüş soydaşlarımızın öz torpaqlarına
qayıtması üçün Azərbaycan Hökumətinin külli miqdarda vəsaitin xərclədiyini, lakin
Ermənistanın həm də keçmiş təmas xəttindən uzaq, mülki ərazilərdə mina basdırması
soydaşlarımızın qayıtması üçün ciddi əngəl törətdiyini diqqətə çatdırıb.
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin İdarə Heyəti sədrinin müavini
Samir Poladov minatəmizləmə sahəsində fəaliyyətə dair təqdimat keçirib. S.Poladov mina
və partlamamış hərbi sursatlarla dünyada ən əziyyət çəkən ölkələrdən biri olan
Azərbaycanın üzləşdiyi problemin miqyası, mina təhdidlərinin yaratdığı fəsadlar və insan
sağlamlığına vurduğu zərər barədə ətraflı məlumat verib.

Daha sonra Latviya Milli Silahlı Qüvvələrinin polkovnik-leytenantı Kaspars Ladzinş mina və
partlamamış hərbi sursatların zərərsizləşdirilməsi sahəsində Latviya təcrübəsi ilə bölüşüb.
Tədbir müzakirələr ilə davam edib.

Seçilən
7
1
azadmedia.az

2Mənbələr