ABŞ Prezidenti Donald Trampın İranla bağlı çıxışları getdikcə sərtləşir. İsrailin ilk hücumu zamanı rəsmi Vaşinqton bunu dəstəkləmədiyini açıqladı və İranla razılaşmanı hədəflədiyini bildirdi. Lakin Tramp son bəyanatında İranın hava məkanına nəzarət etdiklərini, ali rəhbər Ayətullah Xameneinin yerini bildiklərini və onu öldürmək istəmədiklərini deyərək Tehranı təslim olmağa çağırdı.
ABŞ İsrailin təkidlərinə müsbət cavab verərək İrana hücumlara qoşula bilərmi?
Globalinfo.az-a danışan siyasi şərhçi Anar İsayev bildirib ki, ABŞ-ın İrana birbaşa hərbi müdaxiləsi ciddi geosiyasi və hərbi nəticələrə yol aça bilər:
“Donald Trampın sərtləşən ritorikası onun xarici siyasət strategiyasının tərkib hissəsidir. Tramp təhdid və maksimal təzyiq diplomatiyasından istifadə edir. Bunu ikinci prezidentlik müddətinin ilk günlərindən Meksika, Kanada və Qrenlandiyaya qarşı tətbiq etdiyi təzyiqlərdə aydın görmək mümkündür.
Anar İsayev
ABŞ İran-İsrail münaqişəsinə birbaşa müdaxilə etməsə də, İsrailə kəşfiyyat məlumatları, peyk görüntüləri, silah-sursat və diplomatik dəstək verir. Rəsmi Vaşinqtonun müharibəyə qoşulması ehtimalı yalnız İranın ABŞ-ın maraqlarına və ya bazalarına ciddi zərbələr endirməsi, həmçinin İsrailə qarşı daha sərt və ölümcül hücumlar həyata keçirməsi halında mümkündür. Belə vəziyyətdə Tramp administrasiyası hava zərbələri və ya dron hücumları ilə prosesə daxil ola bilər.
ABŞ körfəzdə hərbi gəmiləri yerləşdirib. Əgər həmin gəmilərə və qonşu ölkələrdəki hərbi bazalara zərbələr endirilərsə, Vaşinqton sakit qalmayacaq. Lakin genişmiqyaslı müharibə ehtimalı nisbətən aşağıdır, çünki bu, Yaxın Şərqdə böyük qarşıdurmaya səbəb olar. Proses başlayarsa, Çin və Rusiya kimi böyük güclər də münaqişəyə birbaşa və ya dolayı yolla qoşula bilər ki, bu da Üçüncü Dünya müharibəsinin başlanması riskini artırar”.