AZ

Rəssamlar İttifaqından Fərhad Yalquzaqla bağlı açıqlama: Maddi problemlərindən xəbərimiz olmayıb

BAKI, 18 iyun. TELEQRAF

"Fərhad Yalquzaq Rəssamlar İttifaqının üzvü idi. Biz onu tanıyırdıq. Müasir üslubda maraqlı əsərləri vardı".

Bunu Teleqraf-a Azərbaycan Rəssamlar İttifaqının sədr müavini, Xalq rəssamı Ağəli İbrahimov deyib.

İttifaq onun ölüm xəbərini mediadan öyrənib: “Adətən, kimsə rəhmətə gedəndə ailəsi, yaxınları zəng edib Rəssamlar İttifaqına məlumat verir. Amma Fərhad Yalquzağın ölümü haqqında bizə məlumat verilməyib, gec bildik, ölüm xəbərini mediada gördük. İttifaq mərhumun yasında mütləq iştirak edəcək".

A.İbrahimov qeyd edib ki, Rəssamlar İttifaqının 2500-ə yaxın üzvü var, bəziləri sərgilər açır, aktiv işləyir və yadda qalır.

"Fərhad Yalquzaq ittifaqın üzvü olsa da, fəal olmayıb. Maddi məsələlərlə bağlı isə heç vaxt ittifaqa müraciət etməyib, problemlərindən xəbərimiz olmayıb.

Yaradıcı insanlarda belə hallar olub. Ölümünə təəssüflənirik. Allah rəhmət eləsin”, - məlumatda deyilib.

Qeyd edək ki, ötən gün vəfat edən rəssam Fərhad Yalquzağın meyiti Bakıda emalatxanada aşkarlanıb. Əldə etdiyimiz xəbərə görə, o, bıçaqla özünə xəsarət yetirib və qanaxmadan ölüb.

Fərhad Əhmədli oğlu İsgəndərov (Fərhad Yalquzaq) 1973-cü il martın 14-də anadan olub. Sənətkarın yaradıcılığının əsasını avanqard üslub təşkil edib.

O, 2022-ci ildə "XAZART" simpoziumunda iştirak edərək texnika və yaradıcılıq prinsiplərini gənclərlə paylaşıb. "Muzey Mərkəzi"nin sərgilərində isə "Afrikalı şaman" (2009), "Bilyard ustası" (2010) və s. əsərləri yer alıb.

Seçilən
12
teleqraf.com

1Mənbələr