ain.az, Konkret.az portalına istinadən məlumatı açıqlayır.
Sosial media fenomeni Nihal Candan Anoreksiya Nervoza diaqnozu ilə gündəmə gəlib. Məlumata görə, fenomenin çəkisi 25 kiloya qədər enib. Bu vəziyyət isə ciddi narahatlığa səbəb olub. Bəs, Anoreksiya Nervoza nədir? Bu xəstəlik insanı ölümə apara bilərmi?
Mövzu ilə bağlı Klinik psixoloq, psixoterapevt Rövşən Nəcəfov KONKRET.az-a açıqlamasında bildirib ki, Anoreksiya Nervoza psixoloji əsaslı qidalanma pozuntusudur.
“Bu xəstəlik zamanı insan enerji qəbulunu son dərəcə məhdudlaşdırır və nəticədə bədən çəkisi kəskin azalır. Ən əsas əlamətlərdən biri yeməkdən imtina, kilo alma qorxusu və bədən görüntüsünə qarşı narazılıqdır.
Anoreksiya yalnız fiziki deyil, eyni zamanda psixi fəsadlara da yol aça bilər. Uzunmüddətli qida çatışmazlığı ürək problemləri, osteoporoz (sümük kütləsinin itməsi) və hətta ölüm riski ilə nəticələnə bilər. Bu xəstəlik xüsusilə gənc yaş qrupunda daha çox müşahidə olunur”.
Psixoloq bu problemi bədən dismorfik pozuntusu ilə əlaqələndirir.
“Belə ki, insan öz fizioloji görüntüsündən narazı qaldıqda, zamanla qeyri-realist düşüncələrə qapılır və sağlamlıq üçün təhlükəli davranışlar sərgiləməyə başlayır”.
Mütəxəssis xəbərdarlıq edir ki, belə hallarda vaxtında psixiatrik və psixoloji dəstək almaq həyati önəm daşıyır. Davam edən çəki itkisi və qida qəbulu ilə bağlı pozuntular mütləq şəkildə peşəkar müdaxilə tələb edir.
Aynurə İsmayıl
KONKRET.az
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.