BAKI, 18 iyun. TELEQRAF
Sumqayıt Şəhər İcra Hakimiyyəti Yanında "Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi" şəhərin bir çox küçə və məhəllə-mikrorayon ərazilərində asfalt örtüklərini əsaslı təmir edəcək.
Teleqraf xəbər verir ki, qurum müvafiq işlər üzrə tender elan edib və podratçı axtarışındadır. Tenderin ilkin ehtimal edilən qiyməti 1 milyon 923 min 51 manatdır.
Təmir işləri Sumqayıtın əsasən, 1-ci, 2-ci, 3-cü, 7-ci, 8-ci, 9-cu,12-ci 29-cu, 30-cu məhəllərində, İnşaatçılar qəsəbəsi və küçəsində, Kimyaçılar qəsəbəsində, S. Bəhlulzadə küçəsində, 1-ci mikrorayon ərazisində, H.Z.Tağıyev qəsəbəsi D/Y yaşayış ərazisində, Qaçqın şəhərciyinə gedən yolda, kotej qəsəbədaxili yollarda və bir sıra digər ərazilərində həyata keçiriləcək.
Qeyd edək ki, təkliflərin son təqdimolunma tarixi iyulun 17-dir. Zərflərin də həmin gün açılması nəzərdə tutulur.