Bakı, 18 iyun, AZƏRTAC
Braziliyalı rəqibim Nikolas Motta təhlükəli idmançıdır.
AZƏRTAC xəbər verir ki, bu sözləri Bakıda keçiriləcək UFC gecəsində döyüşəcək azərbaycanlı idmançı Nazim Sadıxov mətbuat konfransında deyib.
O, rəqibindən çəkinmədiyini bildirib: "Mən ondan da təhlükəli və güclüyəm. Nikolasın döyüşdən əvvəl səsləndirdiyi fikirlərə diqqət yetirmirəm. Oktaqonda hər şey məlum olacaq. Bütün fikrimi bu döyüşə yönəltmişəm".
N.Sadıxov UFC-də mübarizə aparacaq azərbaycanlı idmançılar Rafael Fiziyev və Tofiq Musayevin şansları barədə də danışıb: "Rafael artıq top döyüşçülərdən biridir. Tofiq isə bu turnirdə uğurla iştirak edərək özünü sübut edə bilər".
Qeyd edək ki, Bakıda UFC turniri iyunun 21-də Bakı Kristal Zalında keçiriləcək.