İsrailin İrana hücumundan iki gün öncə - 11 iyunda Tehranın Vanak meydanında Araş Kamangirin (Araş Oxatan) heykəli ucaldılıb. Araş Kamangir İranın Turana – türklərə qarşı müharibəsinin mifik qəhrəmanı hesab olunur. Mifə görə, Araşın atdığı ox bir neçə min kilometr uçaraq, İranla Turanın sərhədini ayırıb. Buna görə Araş Kamangir obrazı İranda həm də sərhədin bütövlüyünü simvolizə edir.BUTA.TV xəbər verir ki, bu barədə politoloq Asif Nərimanlı qeyd edib. “Bu heykəlin qoyulması birmənalı qarşılanmır. Çünki islam dövləti qurduğunu iddia edən İran rejimi həmişə millətçiliyə qarşı olduğunu bəyan edib. İndi – İsraillə müharibə fonunda dini motivlərə əsaslanan rejim pəhləvilərin irqçi mifinə heykəl ucaltmaqla fars şovinizmini önə çıxarır. Və belə görünür ki, rejim qabığını yeniləməklə həlledici müharibədə fars millətçiliyinin İranı qorumaq hərəkatına bel bağlamaq niyyətindədir. Rejimə qarşı beynəlxalq planlarda məhz fars şovinizminə xidmət edən Pəhləvilərin hakimiyyətə gətirilməsi istisna edilməyən variantlardandır. İran rejimi də Pəhləvi irqçiliyinə heykəl ucaldaraq, bu xətti də öz tərəfinə çəkmək istəyir. Araş Kamangirin oxunun məhz Arazın bu tayına – Azərbaycana tuşlanması ilə bağlı fikirlər də xüsusilə diqqət çəkir. Və o qədər də təccüblü qarşılanmamalıdır. Rejimin Azərbaycanı İran sərhədlərinə - fars şovinizminin bütöv İran ideologiyasına təhlükə mənbəyi kimi göstərməsi ilk hal deyil, hərçənd, son 5 gündə İranın düşdüyü vəziyyət fonunda bu cür simvolika tragikomediyaya bənzəyir. Bizə isə Araşın oxunun İsrail qarşısında “nəyə qadir olduğuna” tamaşa etmək qalır”, - o bildirib.