Məhkəmə-Hüquq Şurası və onun əməkdaşlarının 20 illik gərgin fəaliyyəti nəticəsində Azərbaycanda müasir, savadlı və vicdanlı hakim korpusu formalaşdırıb.
“İki sahil” xəbər verir ki, bunu Prezident Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin müdiri Gündüz Kərimov “Məhkəmə idarəçiliyi sahəsində qlobal çağırışlar” adlı beynəlxalq konfransda çıxışı zamanı deyib.
O bildirib ki, Məhkəmə-Hüquq Şurası sovet üsulundan azad olunmuş dövlət idarəçiliyinin ən parlaq nümunələrindən biridir və müasir dövrümüzdə belə olaraq qalır:
"Son illərdə Məhkəmə-Hüquq Şurasının fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra islahatlar keçirilib. Məhkəmə sistemi kiçik bir ailədir. Özünəməxsus, ayrıca idarə olunan, hətta bəzən qapalı bir ailədir. Ölkədə hakimlərin sayı 600, 700, 800 ola bilər, amma bu, əsas məsələ deyil. Bu kiçik spesifik ailə dövlətin ən ali sütunlarını qoruyub saxlayır. Onun müstəqilliyi çox önəmlidir. Nə qədər ki, məhkəmə sistemində hakimlərin seçimi, təyinatı və vəzifədə irəliləməsi heç bir ideoloji, qohumluq, dostluq və ərazi faktorlarından asılı olmayacaq, o qədər cəmiyyətin, habelə hakimlərin məhkəmə sisteminə müstəqilliyinə inamı artacaq, onun qəbul etdiyi qərarlara etibar möhkəmlənəcək, bu isə öz növbəsində qəbul edilmiş qərarların təsirinin sayını və keyfiyyətini artıracaq".