Böyük Britaniyanın “The Times Higher Education” nəşri 2025-ci il üçün dünyanın ən nüfuzlu universitetlərinin növbəti reytinq cədvəlini (THE Impact Rankings - 2025) tərtib edib.
Modern.az-ın məlumatına görə, bu il Bakı Dövlət Universiteti (BDU) ölkə üzrə ən yüksək göstəriciyə imza atıb.
Ali təhsil müəssisəsi 401-600-cü pillədə qərarlaşıb. Eyni pillədə Xəzər Universitetini də görmək mümkündür.
801-1000-ci pillədə isə ölkəmizin iki ali təhsil müəssisəsi var - Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) və Bakı Ali Neft Məktəbi (ilk dəfə).
1001-1500-cü yerdə isə Azərbaycan Tibb Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti (ilk dəfə), Lənkəran Dövlət Universiteti (ilk dəfə), Qərbi Kaspi Universiteti qərarlaşıb.
Digər universitetlər 1501-ci və daha aşağı pillələrdə yer alıb.
Qeyd edək ki, Reytinq Birləşmiş Millətlər Təşkilatının 17 Dayanıqlı İnkişaf Məqsədlərinə (SDGs) uyğun olaraq universitetlərin qiymətləndirildiyi yeganə qlobal effektivlik cədvəlidir.
"THE Impact Rankings" 1700-dən çox universitetin BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə verdiyi töhfənin ölçüsüdür. Universitetlər tədqiqatları, təhsilləri və qlobal sosial çağırışların həlli yolu ilə dünyaya geniş təsir göstərə bilər.
Reytinq universitetlərin bu təsirə necə töhfə verdiyinin şəffaf qiymətləndirilməsini təmin edən mühüm vasitədir. Builki reytinq yalnız hansı tərəqqinin əldə edildiyini deyil, həm də hər bir qurumda gələcək inkişaf imkanlarını göstərmək məqsədi daşıyır - onlara həm müsbət, həm də mənfi təsirlər daxil olmaqla, cəmiyyətə təsirlərini ölçməyə imkan verir. Dayanıqlı İnkişaf Məqsədləri ölkələr üçün mühüm əhəmiyyət daşıyır, çünki onlar qlobal prioritetlərin müəyyən edilməsi və bütün dünyada davamlı inkişafı təşviq edən milli fəaliyyət gündəliyini hazırlanması üçün beynəlxalq çərçivəni təmin edir.
Reytinq universitetlərin 4 geniş sahədə - tədqiqat, tədris, informasiya-təbliğat və idarəetmə üzrə hərtərəfli və balanslı müqayisəsini təmin etmək üçün diqqətlə seçilmiş kriteriyalardan istifadə edir. 2023 Impact Rankings beşinci nəşrdir və ümumi reytinqə 112 ölkədən olan universitetlər daxildir.