AZ

Nazirlikdən generala məxsus olduğu deyilən şirkətə 2,5 milyonluq sifariş

“Şərq-Qərb” Açıq Səhmdar Cəmiyyəti (ASC) 7 və 9-cu siniflər üçün böyük ölçülü dərsliklər çap edəcək. 

Valyuta.az xəbər verir ki, Elm və Təhsil Nazirliyi bununla bağlı ASC ilə satınalma müqaviləsi imzalayıb. 

Müqavilənin maliyyə dəyəri 2 535 277 manatdır. 

“Şərq-Qərb” ASC 4 nömrəli Bakı Kitab Mətbəəsinin bazasında yaradılıb. Mətbəə 2001-ci ildə özəlləşdirilib və bundan sonra "Şərq-Qərb” ASC adlandırılıb. 

ASC elə həmin ilin sentyabr ayının 14-də vergi qeydiyyatına alınıb. Nizamnamə kapitalı 589 min 880 manat olan ASC-nin hüquqi ünvanı Xətai rayonu, Aşıq Ələsgər küçəsi, ev 17 ünvanında yerləşir. Şirkətin qanuni təmsilçisi Əhmədov Oktay İskəndər oğludur. 

Mediada gedən məlumatlara görə, “Şərq-Qərb” ASC-nin 96 % Mehdiyev Ramiz Teymur oğluna, 0,81 % Məmmədov Tariq Qurban oğluna məxsusdur.

Teymur Mehdiyev Azərbaycan Milli Elmlər Akademiyasının keçmiş prezidenti Ramiz Mehdiyevin oğludur. Görünür, bu səbəbdəndir ki, zaman-zaman “Şərq-Qərb”ASC-nin Ramiz Mehdiyevin nəzarətində olduğu barədə iddialar səsləndirilib. 

General-mayor Teymur Mehdiyev hazırda fövqəladə hallar nazirinin müavini vəzifəsində çalışır. 

Azərbaycan qanunvericiliyinə görə məmurların biznes fəaliyyəti ilə məşğul olması qadağandır. 

Elm və Təhsil Nazirliyi ötən il “Şərq-Qərb” ASC ilə 10 satınalma müqaviləsi imzalayıb. Bu müqavilələrin toplam maliyyə dəyəri 9 069 900,74 manatdır. 

Hüseyn

Seçilən
13
valyuta.az

1Mənbələr