AZ

“Azərişıq” bölgələrdə maarifləndirici tədbirlər həyata keçirir

Bakı, 17 iyun, AZƏRTAC

“Azərişıq” ASC fermer, sahibkar və vətəndaşların rahat fəaliyyəti, yaranan çətinliklərin aradan qaldırılması məqsədilə İsmayıllıda maarifləndirici tədbir keçirib.

ASC-dən AZƏRTAC-a bildiriblər ki, Heydər Əliyev Mərkəzində təşkil olunan görüşdə “Azərişıq” ASC-nin “ASAN Xidmət”lə iş departamentinin direktor müavini İnam Yusifov, mətbuat və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Vaqif Mustafayev, Şimal-qərb Regional Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) rəisi Nəriman Mahmudov, İsmayıllı rayon İcra Hakimiyyətinin nümayəndəsi Şahin Hüseynov iştirak edib.

Görüşdə tədbir iştirakçıları elektron xidmətlər barədə məlumatlandırılıb, mərkəzlərdə vətəndaşlara göstərilən xidmətlər haqqında maarifləndirici söhbət aparılıb.

Tədbirdə yeni elektrik təchizatı şəbəkəsinə qoşulma prosesi, texniki şərtlərin verilməsi və ödəniş qaydaları izah edilib. Bununla yanaşı vətəndaşların daha çox müraciət etdikləri digər xidmətlər, abonentin balansındakı avadanlıqlara texniki xidmət göstərilməsi, çoxmənzilli binalarda yaşayış mənzillərinin qeydiyyatı, sayğac zədələnməsi hallarında görüləcək tədbirlər, qeyri-əhali abonentlərinin ad dəyişikliyi prosedurları, smart kartın və qüsurlu ödənişlərin bərpası xidmətləri barədə ətraflı məlumatlar verilib, onların sualları cavablandırılıb. Eyni zamanda, həm “ASAN Xidmət” mərkəzlərində, həm də elektron platformalar üzərindən təqdim edilən bütün xidmətlər barədə geniş məlumat verilib. Vətəndaşların və sahibkarların müraciətlərinin daha asan və sürətli həlli üçün yaradılan imkanlar vurğulanıb. Abonentlərin ofis və evlərindən çıxmadan onlayn qaydada quruma müraciətetmə imkanları ətraflı izah olunub. İştirakçıların müxtəlif məsələlərlə bağlı sualları dinlənilib, qaldırılan bəzi problemlər yerindəcə həll olunub.

Görüş zamanı “Azərişıq” ASC-nin Tədris və İnnovasiyalar Mərkəzinin təşkil etdiyi “Sabaha yaşıl işıq” kursları barədə də ətraflı məlumat verilib. Bildirilib ki, Elm və Təhsil Nazirliyi tərəfindən verilən lisenziya əsasında fəaliyyət göstərən tədris kurslarında dərin biliyə, bacarığa və yüksək peşə hazırlığına malik mütəxəssislər yetişdirilir. Bir ay müddətində kursları uğurla başa vuran müdavimlərə dünyanın bir çox aparıcı energetika şirkətləri tərəfindən tanınan sertifikatlar təqdim olunur.

“Azərişıq” ASC ölkənin bütün regionlarında maarifləndirici tədbirlər, görüşləri davam etdirir. Fermer və sahibkarların fikirləri, təklifləri, tövsiyələri dinlənilir, mövcud problemlərinin həlli istiqamətində işlər aparılır. Məqsəd abonentlərin dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təmin olunması, elektrik enerjisi itkilərinin minimuma endirilməsidir.

Seçilən
0
28
azertag.az

10Mənbələr