Qadın futbolçulardan ibarət Azərbaycan millisinin Belarusla yoldaşlıq oyunlarının yeri, başlanma vaxtı və hakimləri müəyyənləşib.
Arena.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.
Xəbərdə bildirilir ki, komandamız iyunun 25-dən iyulun 2-dək Minskdə təlim-məşq toplanışında olacaq. Azərbaycan millisi burada Belarus yığması ilə iki yoxlama oyunu keçirəcək.
İyunun 28-də Jodinodakı “Torpedo” stadionunda keçiriləcək ilk oyuna Bakı vaxtı ilə saat 19:00-da start veriləcək. İyulun 1-dəki qarşılaşma isə Bakı vaxtı ilə saat 17:00-da Minskdə yerləşən “Traktor” stadionunda təşkil olunacaq.
Hər iki matçı rusiyalı Vera Opeykina idarə edəcək. Ona həmyerliləri Yekaterina Kuroçkina və İrina Çeçenina köməklik edəcəklər. Ehtiyat hakim funksiyasını isə belaruslu Volqa Blotskaya yerinə yetirəcək.
Azərbaycan millisinin toplanış üçün heyəti barədə daha sonra məlumat veriləcək.