“Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə DövlətXidmətinə həqiqi hərbi xidmətə və mülki işə qəbul qaydaları”na əsasən həqiqi hərbi xidmətə qəbul olunmaq istəyən vətəndaşlar SHXÇDX-də fəaliyyət göstərən “Müsahibə komissiyası”nın müsbət rəyindən, fiziki hazırlıq səviyyəsi (qadınlar istisna olmaqla), sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararlılığı müəyyənləşdirildikdən, mülki işə qəbul olunmaq istəyən vətəndaşlar isə “Müsahibə komissiyası”nın müsbət rəyindən sonra test imtahanında iştirak etmələri üçün adları Dövlət İmtahan Mərkəzinə təqdim olunub.
Bu barədə Teleqraf-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib.
Bildirilib ki, hazırda qeydiyyatdan keçən vətəndaşların test imtahanına yazılma prosesi davam edir. Namizədlər imtahanda iştirak etmək üçün DİM-in internet saytında (http://ekabinet.dim.gov.az) “Şəxsi kabinet”lərini yaratmalıdırlar (bax, “Şəxsi kabinet"in yaradılması və istifadə qaydası”). Şəxsi kabinetin yaradılması zamanı pul hesabı açılır. Vətəndaşın imtahanda iştirak etməsi üçün ödənişin məbləği 118 AZN (ƏDV daxil olmaqla) təşkil edir. “Şəxsi kabinet”də olan pul hesabına vəsait daxil etmək üçün müxtəlif ödəniş üsullarından (ətraflı məlumat burada) istifadə etmək olar.
“Şəxsi kabinet” yaradıldıqdan və hesaba lazımi vəsait daxil edildikdən sonra test imtahanında iştirak etmək üçün 19 iyun saat 14:00-dək DİM-in internet saytında “Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti həqiqi hərbi xidmətə və mülki işə qəbulla əlaqədar test imtahanında iştirak etmək üçün onlayn qeydiyyat” elektron xidməti vasitəsilə qeydiyyatdan keçmək lazımdır.
Hal-hazırda SHXÇDX-nin DİM-ə təqdim etdiyi siyahıda adları olan namizədlərdən bir qismi DİM-in səhifəsində qeydiyyatdan keçməmişdir. Xatırladırıq ki, qeydiyyatdan keçməyən şəxslər imtahan binasına buraxılmayacaqlar.
Test imtahanı 2025-ci il 23 iyun tarixindəDİM tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, S.S. Axundov küç., 50 ünvanında yerləşən Elektron imtahanlar korpusunda kompüter vasitəsilə elektron formada keçiriləcəkdir. İmtahanın başlama vaxtı saat 11:00-dır. İmtahanda iştirak etmək üçün namizədlər “İmtahana buraxılış vərəqəsi” və “Yaddaş kitabçası”nı 20 iyun 2025-ci il tarixindən etibarən DİM-in saytından “Elektron imtahanlara buraxılış vərəqələri və nəticələrin çapı” xidməti vasitəsi ilə çap edə biləcəklər.
Namizəd imtahan keçirilən korpusa imtahana “İmtahana buraxılış vərəqəsi”ndə qeyd edilən vaxtda gəlməlidir. İmtahana gələrkən namizəd şəxsiyyət vəsiqəsini və “İmtahana buraxılış vərəqəsi”ni hökmən özü ilə gətirməlidir. Bu sənədlərdən hər hansı biri olmadıqda və ya imtahanın başlamasına 15 dəqiqə qalmışdan gec gəldikdə namizəd imtahana buraxılmır.
Test imtahan mərhələsində namizədlərə qanunvericilik üzrə 40, Azərbaycan dili üzrə 10, informatika üzrə 20, Azərbaycan Respublikasının tarixi və coğrafiyası üzrə 15, məntiqi təfəkkürün müəyyən edilməsi üzrə 15 olmaqla, ümumilikdə 100 qapalı tipli test tapşırığı təqdim olunacaq. Test tapşırıqlarına müvəffəqiyyətlə cavab vermək üçün namizədlərə test proqramları ilə tanış olmağı tövsiyə edirik.
İmtahanın müddəti 3 saatdır. Hər doğru cavablandırılmış test tapşırığı 1 balla qiymətləndirilir. Səhv cavablar doğru cavabların nəticəsinə təsir göstərmir. İmtahanın sonunda hər bir namizədə kompüterin ekranında imtahanın nəticəsi barədə məlumat-arayış təqdim olunur. İmtahanda toplanıla bilən maksimal bal 100-ə bərabərdir. Test imtahanında müvəffəqiyyət qazanmaq üçün həqiqi hərbi xidmətə qəbul olunmaq istəyənlər ən azı 60, mülki işə qəbul olmaq istəyənlər isə ən azı 50 bal toplamalıdırlar. Test imtahanında iştirak edən namizədlərin imtahan nəticələri və SHXÇDX-də vakant vəzifələr nəzərə alınmaqla müsabiqə komissiyasının qərarı əsasında müəyyən edilmiş keçid balı aşağı salına bilər.
İmtahanın nəticələri ilə bağlı namizədlər DİM-də fəaliyyət göstərəcək Apellyasiya komissiyasına 24 - 25 iyun tarixlərində saat 14:00-dan 17:00-dək müraciət edə bilərlər.