AZ

Elxan Şahinoğlu: Müharibənin dayanması üçün İran ağ bayraq qaldırmalıdır - MÜSAHİBƏ

BAKI, 17 iyun. TELEQRAF

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Teleqraf-ın suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik.

- Elxan bəy, İsrail-İran arasında hava hücumları ancaq bu iki ölkəni əhatə edir. Hücumların genişlənməsi ilə bağlı ən pis ssenarilər nədən ibarət ola bilər?

- İranla İsrail arasında artıq 4-cü gündür ki, müharibə gedir. Amma hələki bu müharibə iki dövlət arasından kənara çıxmayıb. İki dövlət qarşılıqlı olaraq bir-birinə zərbələr endirir. İsrailin texnoloji üstünlüyü göz qabağındadır. Ötən 4 gün ərzində İsrailin həyata keçirdiyi hərbi əməliyyatlar nəticəsində İran ordusunun komandanlığı demək olar ki, başsız qalıb. Ötən axşam SEPAH-ın (İran İslam İnqilabı Keşikçiləri Korpusunun) daha bir yüksək rütbəli generalı da öldürüldü. Bu öz növbəsində İsrailin üstünlüyünü göstərir. Amma İranın da öz növbəsində müəyyən üstünlüyü var. İran raketləri İsrailin paytaxtı Təl-əvivə, Hayfa və digər şəhərlərini vurur. Bu o deməkdir ki, İran İsrailin raketdən müdafiə sitemini olan “dəmir qübbə”sini yara bilib. Müharibənin şiddəti getdikcə artır.

- Tərəflər arasında danışıqların aparılacağı ilə bağlı iddialar səslənir. Atəşkəsin olması ehtimalı varmı? Müharibənin dayanması üçün nə lazımdır?

- Hazırda tərəflər arasında danışıqlar, vasitəçilik və digər məsələlər hələ ki, mümkün deyil. Çünki İsrail öz hədəfinə çatmayıb. İran da geri çəkilmək istəmir. Ona görə də müharibənin dayanması üçün İran ağ bayraq qaldırmalıdır. Tehrandan müharibənin dayandırılması üçün müəyyən siqnallar gəlir. İranın “müharibəni dayandıraq, biz yenidən atom silahı əldə etməyəcəyik” kimi bəyanatları İsraili dayandırmayacaq.

- İranın atom silahı əldə etməməsi öhdəliyi müqabilində müharibə dayana bilərmi?

- İsrailin əsas məqsədi heç də İranı atom silahı əldə etmək imkanından məhrum etməklə bağlı deyil. Onlar açıq şəkildə deyirlər ki, əsas istəklərindən biri İranda rejimi dəyişməkdən ibarətdir. Hədəflərdən biri məhz budursa, deməli müharibə hələ uzun çəkə bilər. Müharibənin qonşu dövlətlərə artıq təsirləri hiss olunur. İsrail tərəfi də bəyanat verir ki, Tehran sakinləri şəhəri tərk etsinlər. Bu həm də psixoloji bir təzyiqdir. Artıq bir çox Tehran sakinlərinin şəhəri tərk etməsi ilə bağlı görüntülər də var.

- İran sakinləri təhlükəsizliklə bağlı hara üz tutacaqlar?

- Onlar Türkiyə və Azərbaycan sərhəddinə gələ bilərlər. Artıq Azərbaycan sərhəddini İranda olan müxtəlif ölkələrin vətəndaşları keçir. Ölkəmiz də buna şərait yaradır. Türkiyə ərazisinə keçiddə də artım ola bilər. Elə bu da müharibənin region ölkələrinə yan təsirlərindən biridir.

- İddia edilir ki, Tehran-Təl-əviv qarşıdurması ABŞ-in prosesə qoşulması daha pis nəticələrə səbəb olar. Faktiki olaraq İran bu hücumlarda ABŞ-in geniş rolundan danışır. Bu halda Tehranın Amerikanın Yaxın Şərqdəki hərbi bazalarına və diplomatik nümayəndəliklərini vura bilərmi?

- Yaxın müddətdə ABŞ İsraillə İrana qarşı hücumlara qoşula bilər. Belə bir versiya var. Təsadüfi deyil ki, ötən gün ABŞ Prezidenti Donald Tramp Kanadada “G-7”-lərin toplantısını yarımçıq tərk edib. Fransa prezidenti Emmanuel Makron bunu onunla əsaslandırıb ki, guya Tramp İranla İsrail arasında atəşkəslə bağlı danışıqları intensivləşdirəcək. Tramp isə bu məsələdə Makronun yanlışlığına diqqət çəkərək toplantını başqa səbəblərə görə, yarımçıq qoyduğunu bildirib. Ona görə də mümkündür ki, Amerika prosesə qoşulsun. Sözsüz ki, İranın ABŞ bazalarına zərbə endirməsi onun vəziyyətini daha da ağırlaşdıracaq. Bunun fonunda Amerika İsraillə İrana daha sarsıdıcı zərbələr endirəcək.

- ABŞ-in İsraillə müharibəyə qoşulması İran üçün nələrə səbəb olar?

- Ağ Evin bu müharibəyə qoşulması İranın vəziyyətini daha da ağırlaşdıracaq. Sözsüz ki, İsrail bu müharibəyə başlamaq üçün Vaşinqtonun icazəsini alıb. Eyni zamanda Amerikanın kəşfiyyat məlumatlarını bu müharibədə İsraillə paylaşması da heç kəsə sirr deyil. Ola bilər ki, ABŞ bu müharibəyə qoşulsun.

- Bu müharibədə İranın yanında kimlər yer ala bilər?

- Məhz İranın yanlış xarici və təhlükəsiz siyasəti nəticəsində o tək qalıb. Vaxtilə Azərbaycana, Türkiyəyə dil uzatmaqla Tehran indi dəstəksizdir. Rusiya və Çindən umacaqları olsa da, onlar da İrana yaxın durmur. Halbuki, İran Rusiya ilə bu ilin yanvar ayında strateji razılaşma da imzalamışdı. Rusiya isə bu prosesə müdaxilə etməyə ehtiyat edir. Rusiyanın başı zatən Ukraynada müharibəyə qarışıb. Onun ikinci cəhbədə İran hansısa dəstək verməsindən söhbət gedə bilməz. Çin də sözdə İranı dəstəkləyir. Amma real olaraq İrana dəstək verən heç bir ölkə yoxdur. Bu da İranın uzun illər yanlış xarici və təhlükəsizlik siyasətinin nəticəsidir.

- Korfəz ölkələrinin İran-İsrail savaşına qoşulmaq riski varmı?

- İran əgər Amerikaının bu bölgələrdə olan hərbi bazalarına zərbə endirərsə, həmin ölkələrlə də münasibətləri gəringləşdirəcək. Faktiki olaraq bu həmin ölkələrlə də İran arasında müharibənin başlanması deməkdir. Halbuki, həmin körfəz ölkələri İranla gərginlik istəmir. Onlar sülh tərəfdarıdır və müharibənin dayandırılmasını istəyirlər. Amerikanın Qatarda, Birləşmiş Ərəb Əmirliklərində, Bəhreyndə, Türkiyənin İncirlik bölgəsində hərbi bazaları var. Öz növbəsində Türkiyə İsrailin hücumlarını tənqid edir, İrana hücumların dayandırılmasını tələb edir. Amma İran Türkiyədəki İncirlik hərbi bazasına zərbə vursa, bu onun üçün fəlakət ola bilər. Ona görə də bu məsələdə Tehran ehtiyyatlı davranacaq. Amma başını itirsə ora da zərbələr endirə bilər.

- İsrailin İranın nüvə imkanlarını dağıtmaqda uğursuz olması fonunda Təl-əviv hücumların coğrafiyasını genişləndirəcəyi də iddia edilir. Hücumların bu fazasını yəni “ot biçmək” strategiyasının təsir imkanları genişlənə bilərmi?

- İranla İsrail arasında ortaq sərhəd yoxdur. Əsas sual odur ki, İsrail təyyarələri hansı ölkələrin hava sahəsindən keçib İrana zərbələr endirir? Sözsüz ki, bu Suriya və İraqdır. İraq və Suriya isə bunun qarşısını ala bilmir. Çünki onların bunun qarşısını almaq imkanları yoxdur. İmkanı olsa belə buna qarşı çıxa bilməz. Bu zaman İraq İsraillə savaşa girmiş olacaq. Parçalanmış vəziyyətdə olan İraqın isə buna nə qədər imkanı çatacağı məlum deyil. Suriyada isə İrana qarşı intiqam hissləri var. İndiki Suriya hökuməti də bəyan edir ki, ölkəsində bu cür dağıdıcı vəziyyətin ortaya çıxmasında İranın rolu çox olub. Ona görə də İsrail bu imkanlardan istifadə edərək İrana zərbələr endirir və onu zəiflətməyə çalışır. Baş verənlər fonunda İranda rejim dəyişikliyi, parçalanma, Suriyanın gününə düşməsi ilə bağlı ssenarilər səslənir. Bütün bunlar isə Azərbaycanın qonşuluğunda yaşanır.

Seçilən
14
teleqraf.com

1Mənbələr