Gəncə Dövlət Universitetində baş verənlərlə bağlı redaksiyamıza şikayət daxil olub.
Oxu.az-a ünvanlanan şikayətdə iddia edilib ki, əvvəllər Gəncə Dövlət Universitetində rektorun köməkçisi və müşaviri, daha sonra Gəncə Musiqi Kolleci və Gəncə Dövlət Universitetinin nəzdində Regional Kollecin direktoru olmuş İlqar Kubışov hazırda universitetdə imtahan proseslərinə müdaxilə edir.
Bildirilib ki, universitetdə vəzifə tutmayan İ.Kubışov vaxtilə töhmətlə işdən azad edilsə də, indi rektorun dostu kimi universitetdə qeyri-rəsmi səlahiyyətlər əldə edib və onun yenidən yüksək vəzifəyə gətirilməsi planlaşdırılır. Şikayətdə aidiyyəti qurumlardan bu vəziyyətə müdaxilə edilməsi və obyektiv tədbir görülməsi xahiş olunur.
Sözügedən iddialarla bağlı Gəncə Dövlət Universitetindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, hazırda İlqar Kubışov universitetin İnformatika və cəbr kafedrasının baş müəllimi, dosentidir.
"İlqar Kubışovun yaz imtahan sessiyasına müdaxiləsi yoxdur. İmtahanların təşkili və gedişinə xüsusi komissiya nəzarət edir. Onun imtahanlarla bağlı heç bir səlahiyyəti yoxdur", - deyə universitetin cavabında vurğulanıb.