Azərbaycan cüdoçusu Zelim Tçkayev Macarıstanda keçirilən dünya çempionatında qazandığı bürünc medalı dəyərləndirib.
Operativ Media xəbər verir ki, milli üzvü bu barədə Cüdo Federasiyasının mətbuat xidmətinə danışıb.
“Təəssüratlarım əladır. Çox sevincliyəm və xoşbəxtəm. Bu medal mənim üçün çox dəyərlidir. Mənə görə bu qızıl medala bərabərdir. Çünki bu, dünya çempionatlarında qazandığım ilk medaldır. Məşqçilərlə birlikdə plan hazırladıq və bu uğurla işə yaradı. Hesab edirəm ki, yaxşı iş gördük. Bürünc medal uğrunda görüş yaxşı keçdi və qələbə qazandım. Yarımfinalda qələbə qazanmaq imkanım var idi. Amma belə alındı. Elə oldu ki, rəqibim məni üstələdi”.
O, gələn il Bakıda keçiriləcək dünya çempionatında qızıl medal qazanmaq istədiyini bildirib:
“Növbəti il dünya çempionatı Bakıda keçiriləcək və qızıl medal qazanmaq üçün bütün imkanları dəyərləndirəcəyəm. Federasiya rəhbərliyi məni təbrik etdi, hər zamankı kimi dəstək göstərdi. Qələbəni ailəmə və Azərbaycana həsr edirəm. Çünki onlar mənə hər şey veriblər".