Müharibə, toqquşma üçün səbəblər arxa planda qalır, kütləyə yedirilən isə bəhanələr olur. İsrailin İranı vurmasını nüvə silahının əldə edilməsi ilə bağlayırlar.
Reallıq ondan ibarətdir ki, İranın nüvə silahı yoxdur, hətta İran dəfələrlə rəsmi dillə nüvəni yalnız dinc məqsədlər üçün istifadə etmək istədiklərini bildiriblər. Bu yöndə İranın ali dini liderinin fətvası da var. Ancaq İranı vurmaq üçün böyük bəhanəyə ehtiyac vardı. Necə ki, İraqda bioloji və kimyəvi silah axtarırdılar. Maraqlı bir məqam ondan ibarətdir ki, İsrail İranın nüvə silahı əldə etməsinə qarşı çıxdığını bəyan edir, ancaq elə həmin İsrail “Nüvə silahlarının yayılmaması haqqında” müqaviləyə qoşulmayıb. Artıq nüvə dövləti olan Pakistan da bu məsələni dilə gətirdi. Nüvə silahının yayılması pisdirsə, İsrail o müqaviləyə niyə qoşulmur? Nüvə silahı pis şeydirsə, bundan niyə əlində olan hər bir dövlət imtina etmir, yaxşı şeydirsə, niyə hamının əldə edilməsinə icazə verilmir?
Toqquşmaların ikinci günündən sonra bütün daşlar öz yerinə oturdu. Məqsəd nüvə silahı yox, məhz İrandakı rejimin dəyişməsidir. İrandakı rejim niyə dəyişməlidir? Çünki Ərəb liqasındakı millətçi ərəb liderinin hamısı sıradan çıxarıldı və ölkələri xarabalığa çevrildi. Elə həmin ölkələr İsrail və ABŞ-nin əlində oyuncaq oldu. Yeganə müqavimət göstərən dövlət isə İrandır. İran həm ABŞ-nin, həm də İsrailin maraqlarına zidd addımlar atırdı, müqavimət göstərirdi. Təsadüfi deyil ki, İsrail Baş naziri İrandakı əhaliyə rejimə qarşı ayağa qalxmağa səslədi. Bu isə tərs effekt verdi. Artıq iddialar var ki, kürdlər İranda hər an daxildə iğtişaşlar törətməyə qalxa bilər. Təəccüblüdür? Əsla! Əsas məqsəd ya kürd dövlətinin, ya da böyük İsrail dövlətinin yaradılmalıdır. Layihənin mahiyyəti bundan ibarətdir. Burada bizi də düşündürən suallar var. Hazırda Azərbaycandan uzaqda yerləşən İsrail Azərbaycanla strateji müttəfiqdir. Sabah böyük İsrail dövləti yaranarsa və məsafə qısalarsa, yenə Azərbaycana müttəfiq kimi baxacaqlar, yoxsa?
İsrailin hava üstünlüyü danılmazdır. Havadan İranın bütün hərbi – açıq şəkildə demək lazımdır ki, həm də mülki obyektlərini bombalayır. İran da qarşılıq verir. Ancaq İranın qarşılığını eyni vaxtda İordaniya, ABŞ, Səudiyyə və İsrail almağa çalışır.
Proseslər kontroldan çıxıb. İnsanlar sözün əsl mənasında manqurtlaşıb. Artıq əminliklə demək olar ki, insanların doyması üçün böyük bir müharibəyə ehtiyac var. Bunu dövlətlər də bilməmiş deyil. İranla İsrail arasında qarşılıqlı zərbələrdən sonra insanlar sosial şəbəkələrdə vurulan zərbələrin kadrlarına baxmaq üçün dəridən-qabıqdan çıxırlar. Səhərlər İsrail zərbələrini izləyənlər, gecələr İran zərbələrinə acgöz kimi darışırlar. Dünən axşam təkcə sosial şəbəkələrin Azərbaycan yox, Rusiya, Ukrayna, Türkiyə seqmentlərinə göz atdım, rəyləri oxudum. İnsanlar haranınsa dağılmasına, haranınsa partlamasına, insanların əziyyətinə yox, İsrailin videoçəkilişləri qadağan etməsi, canlı yayımlar açanları həbs edilməsinə etiraz edirdilər. Niyə? O vəhşiliyi görməyəcəklər deyə. Hesab edirəm ki, Üçüncü Dünya müharibəsinin olması həm də sosial sifarişdir.
Bu aralar yazmaqdan daha çox müşahidə aparmaqda fayda olduğunu düşünürəm. Azərbaycanda bir kəsim var ki, insanları rusbaşlıqda, iranbaşlıqda ittiham edir. İnsanları İran və Rusiyanın propaqandasının təsirinə düşməmək üçün çalışdıqlarını nümayiş etdirməyə çalışırlar. Ancaq həmin adamların dilinə baxırsan, ABŞ və İsrailin sözün əsl mənasında propaqandası ilə məşğul olduğunu görürsən. Bu adamlar hesab edir ki, çox ağıllı, savadlı insanlardır, adamları düz yola çəkə bilərlər. Ancaq karyeralarına baxırsan, ən böyük uğurları kanallarda çənə vurmaqdan o yana keçmir. Mənim gözümdə Rusiya və İranın propaqandasını aparan nədirsə, ABŞ, İsrail və Qərbin propaqandasını aparan da odur.
Bunları yazanda olursan pis adam. Misal üçün İsrailin İran hərbi obyektlərinə vurduğu zərbələrə haqq qazandırır. Ola bilər fanatikdir, ancaq mülki obyektlərə endirilən zərbələrə da haqq qazandırdığını görürük. Ancaq İranın İsrailin nəinki mülki, hətta hərbi obyektlərinə də endirilən zərbələrə terror aktı deyir. Terror pis şeydirsə, hamı üçün eyni olmalıdır. Yaxşı şeydirsə, niyə birininki doğru, digərininki yanlış olur? Terror terrordur. Misal üçün xristian ölkələri haranısa vuranda olur leqal hədəf. Müsəlman biri hansısa hədəfi vuranda terror? Əslində, müsəlman qardaşlığı deyə bir anlayış da yoxdur. Ya sünni var, ya şiə. Gerisi boş, reallığı əks etdirməyən pafosdan başqa bir şey deyil.
Azərbaycanda bir kəsim var ki, özünü türkçü adlandırır və İrandakı azərbaycanlıların təpəqapaz olduğunu deyir. Düzü, Azərbaycanda fərdi olaraq türkçülərin olduğunu görmüşəm, bilirəm, tanıdıqlarım da var. Ancaq böyük hissəsi türkçülüyü türkiyəçiliklə qarışıq salır, özü şimala, cənuba barmaq silkələyir, ancaq Rusiyanın ölkədəki ən önəmli adamlarının yanında yalmanır, bozqurd-zad tutur. Baxırsan, özü təpəqapazdır, başqasının təpəqapaz olmasından narahat olduğunu deyir. Özün özünü görmürsən, anladıq, kənardan baxan, öz təpəndəki qapazı qaldır, sonra danışarıq desə, necə reaksiya verər, şəxsən görmək istərdim.
İranla İsrail arasındakı bu toqquşma davam edəcək. Ancaq İsrailin ABŞ-ni müharibəyə qatmaq yönündəki çağırışları onu göstərir ki, təkbaşına İsrail İranda istəyinə nail ola bilməz. Tramp da İranın ilk hücumu günü etiraf etdi ki, İranın cavabını gözləyirmişlər, ancaq İran gözlədiklərindən 10 qat artıq cavab verib. Bu tip toqquşmanın da uzun zaman davam edəcəyi mümkün deyil. Aviasiya və raketlər tükənməyən sərvət deyil.
Şimal qonşumuz da, cənub qonşumuzda müharibə içərisindədir. Ermənistanla da sülh müqaviləsi imzalanmayıb. Bu region kənardan sakit kimi görünə bilər, ancaq bu sabitliyin uzun müddət davam etməsi mənim üçün təəccüblü olacaq.
Haqlı olaraq Üçüncü Dünya müharibəsinin getdiyini deyənlər var, ancaq bu sanki bu İkinci Dünya müharibəsinin 1939-1941-ci il aralığına bənzəyir. Tərəflərin tam şəkildə müəyyən edilməsinə qədər bu vəziyyətin davam edəcəyini düşünürəm. Tərəflər müəyyən olduqdan sonra isə dünyanın bölüşdürülməsi, siyasi xəritələrin dəyişməsinin şahidi olacağıq.