Azərbaycan müxtəlif kanallarla İsrail rəhbərliyinə İranda azərbaycanlıların yaşadığı yaşayış məntəqələrini hədəf götürməmək, mülki infrastruktura və dinc əhaliyə zərər yetirməməklə bağlı mesaj göndərib.
Bu barədə KİV-lər məlumatlı mənbəyə istinadən xəbər yayıb.
Xatırladaq ki, 13 iyun səhər saatlarında İsrail İrana hərbi hava zərbələr endirib. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəli hərbçi, o cümlədən, İran Silahlı Qüvvələri Baş Qərargah rəisi Məhəmməd Baqeri, İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) baş komandanı Hüseyn Salami, Xatəm Əl-Ənbiya Qərargahının komandanı Qulaməli Rəşid, 6 nüvə alimi və yüksək vəzifəli şəxslər ölüb.
Elə həmin günün axşamı, İran “Həqiqi Vəd III Əməliyyatı” ilə Israilə cavab verib: Tel-Əviv daxil olmaqla bir çox yerlərə yüzlərlə ballistik raket, pilotsuz uçuş aparatı buraxılıb, bu da mülki itkilərə və geniş-miqyaslı dağıntılara yol açıb.