AZ

13 yaşlı azərbaycanlı şahmatçı Maqnus Karlseni iki dəfə məğlub edibmiş

"Azərbaycanlı şahmatçı Xaqan Əhmədin dünya reytinqində ikinci olan Hikaru Nakamuranı məğlub etməsi sevindirici və yaddaqalan qələbədir".
 
Moderator.az xəbər verir ki, bunu "Report"a 13 yaşlı şahmatçının məşqçisi Rəsul İbrahimov deyib.
 
O, iti zəka sahibinin İngiltərənin paytaxtı Londonda keçirilmiş komandalar arasında rapid üzrə dünya çempionatında ABŞ-li qrossmeysteri məğlub etməsi ilə bağlı fikirlərini bölüşüb:
 
"Bu, sevindirici və yaddaqalan qələbədir. Chess.com portalında ənənəvi olaraq hər həftə turnirlər keçirilir. Xaqan Əhmədin də burada təcrübəsi var. Bu turnirləri buraxmamağa çalışır. Hətta onlayn yarışlarda Fabiano Karuananı (ABŞ), iki dəfə isə Maqnus Karlseni məğlub edib. Amma onlayn turnirlər yarıciddi sayılır. Hər halda, orada istər-istərməz fikirlər yarana bilər ki, kimsə elektron vasitələrdən istifadə edir. Amma canlı şahmat tamam başqadır".
 
R.İbrahimov Xaqanın məşhur şahmatçılarla bir yarışda oynamasının o qədər də əlçatan olmadığını söyləyib:
 
"Qazanılan qələbə tamam başqa sevincdir. Nakamuraya qalib gəlməsi gözlənilməz idi. O, blits ustası kimi tanınır. Onlayn olsa da, Xaqanın bu şahmatçılarla oynamaq təcrübəsi var".
 
O, Xaqan Əhmədin perspektivi barədə də danışıb:
 
"İstedadlı uşaqdır. Perspektivi var. Azərbaycan Şahmat Federasiyasının da nəzarətindədir. Amma onun istedadının sürətlə üzə çıxması üçün mütləq sponsor dəstəyinə ehtiyac var. Bu olmasa, yüksəklərə qalxmaq çətindir".
Seçilən
3
4
moderator.az

5Mənbələr