Adelet.az portalından verilən məlumata əsasən, ain.az bildirir.
Vaqif müəllim, bildiyimiz kimi Azərbaycan xalqı 200 ildən artıqdır ikiyə bölünüb. Şimali Azərbaycanın müstəqillik illərini nəzərə almasaq, əvvəlki illərdə biz və Cənubi Azərbaycan – 2 qardaşı bir-birinə həsrət qoyan imperiyaların siyasi iradəsinə qarşı dəfələrlə etirazlar, üsyanlar və inqilablar olub. Həmişə də xalqın oyanışına siyasətçilərdən daha çox şairlər təsir ediblər. İnqilabçılar hər iki tərəfdə zaman-zaman olub və iqtidarlar tərəfindən müxtəlif formalarda açıq və gizli şəkildə məhv ediliblər. Bu oyanışların, üsyanların, inqilabların stimul verənləri isə əsasən öz şeirləri ilə şairlər və böyük ziyalılar olub. Mən bu gün onlardan ikisi – Bəxtiyar və Şəhriyar haqqında sizə sual vermək istəyirəm.
Bu günümüzün böyük şairi Vaqif Aslan Bəxtiyar və Şəhriyar yaradıcılığında kəsişən, yəni uzlaşan məqamları nədə görür?
Uzun dövr quzey şaqqası rus, güney şaqqası isə İran imperiyasına düşən bir məmləkətin – Azərbaycanın acı taleyi öz ifadəsini hər şeydən daha çox poeziyamızda tapmışdır. Azərbaycan şeiri tarixin hökm və iradəsindən daha yüksəkdə dayanaraq milli-mənəvi bütövlüyümüzün saxlanmasında misilsiz rol oynamışdır. Bu ilahi və tarixi missiya hər bir kəsdən daha çox şairlərin, güneydə Şəhriyarın, quzeydə Bəxtiyarın üzərinə düşmüşdür. Bu iki nəhəngin gücü Azərbaycan dərdini daşıya bilmək əzmində olmalarındadır. Azərbaycan dilindəki mətbuatın belə qadağan edildiyi güney Azərbaycanda “Türkün dilitək sevgili, istəkli dil olmaz. Özgə dilə qatsan, bu əsil dil əsl olmaz” deyərək türk dilinin saflığından, ecazkarlığından söz açmaq, 37-nin xəlbirindən keçən quzeydə isə “Bu dil bizim ruhumuz, eşqimiz, canımızdır. Bu dil bir-birimizlə əhdi-peymanımızdır” deyərək xalqın qan yaddaşını oyatmaq əsl cəsarət və əsl qəhrəmanlıq idi. Bunu “Öz ömrünü deyil, sözün ömrünü uzatmaq iqtidarında olan şairlər edə bilərdilər. Etdilər də. Bu iki şairin poetik gücü ilə Azərbaycan şeirinin yeni bir qolu-istiqlal poeziyası yarandı və yetkinləşdi. İstiqlal poeziyasına gedən yol sözə sədaqətdən başladı. Əsl vətənpərvər şairlər qəlbin və beynin vəhdətindən doğulan poetik nümunələr ərsəyə gətirməklə, bütöv bir milləti manqurtlaşmaq bəlasından xilas etməyə çalışdılar. Güneydən Şəhriyar harayı gəldi.
Şeytan bizim qəlbimizi çöndərob,
Allah deyən yoldan bizi döndərib.
İlanlı çeşməyə bizi göndərib
Minnət qoyar ki, arxınız nəhr olub,
Biz görürük, sular bizə zəhr olub.
Quzeydən isə Bəxtiyar fəryadı yüksəldi:
Arazın suları qəzəbli, daşqın,
Şirin nəğmələri ahdır, haraydır.
Vətən quşa bənzər qanadlarının
Biri bu taydırsa, biri o taydır.
Sonra şair kölə olduğu halda özünü “azad” xalqın övladı kimi təqdim edənlərə qeyzləndi, azadlıq məddahlarına üz tutdu:
Arazın bu tayı vətənim,
O tayı vətənim.
Vətəni görməyə
Amanım yox mənim.
İmperiyanın qanlı caynaqları sözümüzə, şeirimizə qarşı yönəldikcə Bəxtiyar poeziyası daha çox qatılaşdı. Ehramlar ölkəsində sıxıla-sıxıla gəzən türklüyünü danan azərbaycanlının tale oxşarlığı daha qabarıq açıqlandı. Ölü dil hesab edilən latın dilindən söz açan şair elə Azərbaycanda da Azərbaycan dilinin öldürülməsinə işarə edərək yazırdı:
”Mən azadam”, “müstəqiləm” sözlərini
Öz dilində deməyə də
İxtiyarın yoxsa əgər,
De, kim sənə azad deyər?
Maskalanmış imperiya bununla təsəlli tapırdı ki, burada “Azərbaycan dili” termini yox idi. “ixtiyarım” yerinə “ixtiyarın”, “mənə” yerinə “sənə” sözləri var idi. Bu əcəb bir oyun idi. Və bu oyunda Bəxtiyar şeiri rejimlər arasında gedən siyasəti üstələdi. O tayda isə Şəhriyar belə deyirdi:
İtimiz qurd olalı biz də qayıtdıq qoyun olduq,
İt ilə qol-boyun olduq.
İt əlindən qayıdıb, qurda da bir zad boyun olduq ...
... İt ilə qurd arasında oyun olduq.
Bəxtiyar “Yollar-oğullar” poemasında hadisələri Əlcəzair müstəvisinə keçirdi. Təmiz qanlı ərəblə fransızlara çalaq edilmiş ərəbin - Etyenlə Mustafanın qarşısında daha bir müqəddəs vəzifə durduğunu göstərdi:
Mustafa “Mənimdir bu ana torpaq”
Deyə gəlmələrə oxudu meydan.
Silib təmizləmək istədi, ancaq
Vətəni Etyenin dayılarından.
Bəxtiyar sonralar “Habil segahı”nın sızıntıları içərisində canını qoymağa yer tapmadı:
Ondakı bu qüdrət, bu sirr nədir, nə?
əzabla, zillətlə doludur bu yol.
Görəndəki, türk bir ayağı Avropada, bir ayağı Asiyada olan nəhəngdir: “Qarşıda işıq var, axtaran tapar” deyə ulu tanrıya şükürlər etdi. Biz də böyük şairin xeyir-duasına qoşulub bu işığa doğru gedirik və çox şükürlər edirik ki, “Özü qocalsa da, sözü qocalmayan” şairlə yanaşı, qol-qolayıq.
Mif anlayışı insanların təxəyyülündə yaratdığı özünüdərk formasıdır. Bəs siz bir şair kimi poetik mif dedikdə, nəyi nəzərdə tutursunuz?
Filosoflar mifi “şəxsiyyət forması”, “möcüzə”, “dialektika” hesab edirlər. Ədəbiyyat isə “mif”i “söz” kimi qiymətləndirir. Mif semantikası ilə söz semantikası fərqlidir, birində hissi-idraki qavrayış, digərində isə ədəbi-bədii ifadə şəklində üst-üstə düşdüyündən şeir və şair mifi yaranır.
Sözü möcüzə səviyyəsinə qaldırmaq üçün şair özünü və dünyasını bütövlükdə görməyə can atır. Şəxslər sonsuzluğunda öz şəxsiyyətini, ölçülərin ölçüsüzlüyündə özünü və dünyasını görə bilmək üçün şair özündən və dünyasından uzaqlaşıb ona kənardan baxmağı, baxdıqca da dəyərləndirməyi bacarmalıdır. Üstəlik şair özünə enmək və nəinki gördüyü, hətta təsəvvür etdiyi dünyaya da nüfuz etmək səviyyəsində olmalıdır. Əslində bu da azdır. Şair bunları hissin və idrakın süzgəcindən keçirməlidir. Bu isə taleyin hökmü ilə olur.
Özündən və dünyasından uzaqlaşma, özünə və dünyasına yaxınlaşma mif və şeir üçün ortaq əlamətdir. Mifik və poetik uzaqlaşma və ya yaxınlaşma məzmun içində məzmun, forma işində forma tapıntısına səbəb olur. Şair real hadisələr içərisindən insan və cəmiyyət üçün xarakterik olanı seçib ayırır, özündən uzaqlaşdıraraq və ya özünə yaxınlaşdıraraq ədəbi-fəlsəfi prizmadan baxdıqca onu poetikcəsinə yaşayır.
Kentavrlar, qippoqriflər, yeddibaşlılar, oxbatmazlar. Qılınckəsməzlər, topdağıtmazlar mifik-poetik uzlaşma və yaxınlaşmada mahiyyət və məzmunu ilə görünən reallıqlardır. Şairin böyüklüyü mifik-portik uzaqlaşma və yaxınlaşma bacarığının səviyyəsi ilə ölçülür.
B.Vahabzadəni sözümüzün ağsaqqalı edən əsas amil onun tam aydın görününcəyədək hadisə və faktdan uzaqlaşa bilməsi, formadan daha çox məzmun və mahiyyətə yaxınlaşmasıdır.
Sovet dönəmində yazılan bütün tarix kitablarında “Gülüstan sülh müqaviləsi”ndə yazır və bunu Azərbaycan xalqının tarixi xoşbəxtliyi kimi qiymətləndirirdilər. Əlbəttə ki, B.Vahabzadə ilə bir əsrdə yaşayanların çoxu bu müqavilə haqqında bilirdi. Onları 1813-cü il hadisələrindən öz günlərinədək olan dövr ayırırdı. Onların hadisə və faktdan uzaqlaşma məsafəsi elə bu qədər idi. Onlar bilmirdilər ki, “Gülüstan” Rusiya ilə İran arasındakı sülh müqaviləsidir. Burada Azərbaycanın iştirakı yoxdur. Azərbaycanı müharibədə əldə edilən qənimət kimi bölüşdürəndən sonra hər iki tərəfin – Rusiya ilə İranın özlərindən razılıq hissi ilə imzaladıqları sənədin obrazlı, düşünülmüş, reallıqda görünə bilməyən tərəflərini görmək poetik uzaqlaşmada mümkün ola bilərdi. Bunu da Bəxtiyar Vahabzadə etdi.
B.Vabahzadə öz yaradıcılığı ilə xalqın milli – bədii təfəkkürünə necə təsir edib və hansı amilləri ilə milyonların sevgisini qazanıb?
B.Vahabzadəni milli-bədii təfəkkürümüzün aparıcı simasına çevirən əsas amil hadisəni və faktı bütövlükdə görməsində, onu ədəbi-bədii təhlil süzgəcindən məharətlə keçirməsindədir, - “Gülüstan sülh müqaviləsi”nin mahiyyətini poetik şəkildə ortaya qoymasındadır. Elə buna görə də, “Gülüstan sülh müqaviləsi”ni günün reallığı kimi qəbul edib barışanlar B.Vahabzadənin intellektual-poetik “Gülüstan” harayından diksinib ayıldılar. B.Vahabzadə real-tarixi hadisəyə elə bir güzgü tutmuşdu ki, orada ləyaqət və heysiyyətimizin necə tapdalandığı, necə dəhşətli bir amansızlıqla iki şaqqa edilməyimiz aydın, özü də çox aydın görünürdü. Bu aydınlıqda oyanmaqda olan milli mənlik hissini ört-basdır etmək mümkün deyildi. Çünki poetik işıqda görünməyən yerimiz yox idi və bununla da sovetin mifik təbliğat maşını sındırılmışdı. Azərbaycanın milli müstəqilliyinin elan ediləcəyi günə aparan yolun təməl daşı qoyulmuşdu. 1990-cı ilin 20 Yanvar gününə hələ çox qalırdı və məşu günün şəhidlərinə həsr etdiyi poemada azadlığın yaxında olduğunu B.Vahabzadə hamıdan daha çox hiss etmişdi:
Onlar sübut etdi, hər qara zülmün
Əli uzunsa da, ömrü gödəkdir.
Xalqın azadlığı sabah, bir gün
Şəhid yarasından göyərəcəkdir.
Bəxtiyar Vahabzadə tarixə ekskur etdikdə özünü necə və hansı vəziyyətdə görürdü?
Şəhid qanı ilə suvarıldıqca böyüyən və qol-qanad atan azadlıq ağacını görmək B.Vahabzadəyə birdən-birə nəsib olmamışdı. O, bura qədər mifik-poetik bir ovqatla M.Ə.Sabirin “necə ağlayıb necə güldüyünü” yaşamışdı, “tamam qəmzadələrin və möhnətkeşlərin yüklərini götürmək və məzlumların halına yanmaq üçün xəlq olunan” M.Füzulinin “şəbi-hicran” alovunda necə şölə çəkdiyinə baxa-baxa isinmək eşqi ilə hadisə və faktlara 500 illik məsafədən nəzər salmışdı.
M.Füzulinin ahı, göz yaşları və ürəyinin odu ilə günbəgün pardaxlanıb gözəlləşən, gözəlləşdikcə ilahiləşib onun sevgisinə sevgi ilə cavab verən iki Leyla görmüşdü: bunlardan birincisi sevgili Vətən, ikincisi isə sevgili Vətənin yetirdiyi məhəbbət çiçəyi idi. Vətənə və Vətən çiçəyinə Füzuli elə bir sevgi, elə bir şövq, elə bir zövq ilə baxmışdı ki, Vətən də, çiçək də həsrətli gecələrin qaranlıqlarını dəlib keçən odlu baxışların nuruna boyanmışdı. Bu həsrətə sancılan vüsal işığında Vətən də, Vətən çiçəyi də lalərəng görünürdü. Onların üzərinə Füzuli ürəyinin qanı çilənmişdi. Elə buna görə də, Vətənin də, Vətən çiçəyinin də ürəyinə xal düşmüşdü, həm də bu “şəbi-hicran” 500 il idi ki, uzanırdı.
Qatı qaranlıqlar, parlaq işıqlar içərisində M.Füzulinin elə özü olduğunu görüb B.Vahabzadə titrəyib özünə dönmüşdü. Mifik “şəbi-hicran”ı poetik “Şəbi-hicran”a çevirmişdi. B.Vahabzadə qəriblikdə qərib olduğundan Vətəndən göndərilən bir dəstə çiçəyin ətriylə xəyalları qanadlanmış Füzuli kimi vəcdə və ehtizaza gəlmiş, Vətəndə olsa da, Muğanı, Xəzəri, “səslənən Kürü”, “hayqıran Arazı”, Samux müşələrini gözlərinin önünə gətirmiş, özünü doğmaların arasında qərib hiss etmişdi, üzünü ustad şairə tutaraq belə demişdi:
Əsrlər ötsə də, o vaxtdan sənin
Hər dərdin, hər qəmin bizə tanışdır.
Qəlbindən od alan sətirlərinin
İstisi hələ də soyumamışdır.
B.Vahabzadənin özü və taleyi ilə tanışlığı bununla bitməmişdi. O daha da irəli getmiş, , insanlığa və dünyaya sevgisi ilə özünü ən ali məqamda dərk etmək istəmişdi.
İdrakda yol açmış gecədən gündüzə Allah.
Güldürməsən öz könlünü, gülməz üzə Allah.
Dünyaya şəfəqlər kimi Tanrım səpələnmiş,
Qəlbin gözü yanmazsa, görünməz gözə Allah.
Şair elə bu məqamda cin, şeytan xislətli adamların ondan necə qorxduqlarını, qorxduqları üçün ona necə tələ qurduqlarını hiss etmişdi...
Birdən gözünə faniliyə qəhqəhə çəkən Nəsimi görünmüşdü. Füzulinin timsalında özündən 500 il əvvəl var olan varlığına, Nəsiminin timsalında isə 700 il əvvəlki özünə baxmışdı. Artıq orada ümumbəşəri sevginin işığında xəbisliklərinin aşkarlanacağından qorxan iblis təbiətli əmirlər, vəliəhdlər onun dərisini soyurdular. Bununla da iş bitmirdi. Nəsil-nəsil insan və gözəllik qarşısında baş əydikcə ucalan yeni-yeni Nəsimilər meydana gəlirdi. Bu həqiqətləri öz taleyində yaşayan B.Vahabzadə insanları Hüseyn Cavidsayağı bir şəkildə qorxmazlığa və dönməzliyə çağırırdı.
İnsanı ucaldan ulu bir eşq, dəyanət.
Alçaldan isə... Qorxu, xəyanət.
Qorxduqsa ölümdən və əcəldən,
İnsanlığı verdik demək əldən.
Qorxduqsa əgər zülmdən, haqdan keçər olduq.
Qorxduqca əgər, zülmə qul olduq, nökər olduq.
Nəsimilərin get-gedə təkləndiyini görüncə şairin qəlbindən dəli bir fəryad qopdu və bu fəryad tarixi bir dramın sərlövhəsinə çevrildi.
Özünə və dünyaya mifik, poetik, fəlsəfi gözlə baxan şair soyulan dərinin özününkü olduğunu hiss etdikcə daha da irəliyə (əslində geriyə, yəni keçmişə) boylandı. Orada pas tutmuş bir qılınc gördü. O, qılınca əl uzatmağa kimsə cürət etmirdi. Şair irəli keçib o qılıncı götürmək istəyəndə qabağını kəsdilər: -Əl vurma, sehrlidir! Bu qılınc kimin əlində olsa, elə onun özünü kəsir, -dedilər.
1200 il bundan əvvəl özünün nə gündə olduğunu görən şair heyrət və dəhşət içində “Özümüzü kəsən qılınc” əsərini qələmə aldı. Özündən əvvəlkilərin ona səviyyət etdiklərini bugünki və gələcək nəsillərə çatdırmaq istədi.
Poetik-fəlsəfi, mütəfəkkiranə yaradıcılığın bir sirri də öz daxilinə enməklə özünə doğru yol getməkdədir. B.Vahabzadə yaradıcılığının daha bir məziyyəti də elə bundadır. Öz keçmiş və şöhrətli tarixindən ta bu günlərədək keçilən yollara nəzər salan şair fərd kimi, millət kimi cılızlaşmağa etiraz edir: “gələni çəpiklə qarşılamağı, gedəni təpiklə yola salmağı” öz-özünə yadlaşma kimi qiymətləndirir. XX əsrin sonlarında xalqımızın başına gələn bəlaların qarşısını almaq üçün milli ruhumuza qayıdışı zəruri sayır:
Güzəran naminə boğuldu gerçək,
Yalana əl çaldı şərəf də, şan da.
Bəy, xan qürurumuz yolçu payı tək
Paylandı duidərgin çadırlarında.
Bəzən xatirələr ona qorxulu yuxular kimi görünür. Ona görə ki, şairin şahidi olduğu hadisələr və qarşılaşdığı insanlar çox mürəkkəbdir. Bu mürəkkəblik qarşısında tərəddüd keçirməmək mümkün deyildir. Mənsub olduğu xalqın sabahı üçün təşviş keçirən şair yazır:
Bunu düşündükcə xoflanıram mən,
Vallahi, kimsədən bir gileyim yox.
Mən necə qorxmayım xatirələrdən?
Mənim keçmişim var, gələcəyim yox.
Şairin bu fikrində nə qədər haqlı olmasını situativ məqamlarda izah etmək olar. Yəni hansısa bir məqamda deyilən bu fikir ani şəkildə gəlib keçən hisslərin yaratdığı ovqatın məhsuludur. Təbiidir ki, xalqının keçmişi ilə öyünən bir şair həm də öz xalqının gələcəyi ilə fəxr etmək arzusunda olur. Burada, sadəcə olaraq gözəl bir gələcəyimiz olsun deyə, narahatlıq keçirən şairin “mənim keçmişim var” deməklə, gələcək nəsillərə gələcəyimizi qorumaq tapşırığı öz ifadəsini tapır.
Tədqiqatçıların, ədəbiyyatşünasların, filosof şair adlandırdıqları Bəxtiyar Vahabzadənin yaradıcılığında zamana münasibəti başqa şairlərdən fərqlənir. Siz Bəxtiyar Vahabzadənin zamana münasibətini necə dəyələndirirsiniz və bu haqda nə deyə bilərsiniz?
Bütün yaradıcılığı boyunca onu ən çox düşündürən zaman problemi olmuşdur. Keçmişi və gələcəyi indiki zamanın üzərində cəmləşdirən cabarığı, bu günündən dünəninə və sabahına baxmaq istəyi mövzu və janr rəngarəngliyindən asılı olmayaraq onun şeirlərinin ana xəttinə çevrilmişdir.
Şəxsiyyət kimi ölçülü, şair kimi ölçüsüz zaman içində çox sirayət etmişdir. Çox güman ki, B.Vabazadəni yaradıcılığı baxımından 1813-cü ilin məlum müqaviləsindən Göytürk imperiyasına qədər aparan qüvvə onun zamana fəlsəfi münasibətindən irəli gəlmişdir. Maraqlıdır ki, onun tarixi-fəlsəfi əsərlərində olduğu kimi lirik əsərlərində də zamanın mahiyyətini açmaq cəhdi vardır.
Zaman rəqəmlərə sığmadığı üçün elmin, hamıya aydın və hamıya qaranlıq olduğuna görə hər bir kəsin ağrılı yeridir. Zaman ölçülü olduqda davamlıdır, ölçüsüz olduqda əbədiyyətdir. Müəyyən bir zaman çərçivəsindən başqa bir zaman olduqda çıxmaq mümkündür. Əslində poetik özündən uzaqlaşma və özünə yaxınlaşma B.Vahabzadənin zaman içərisində hissi, idraki manevrlərindən başqa bir şey deyildir. Vaxtilə Nəsimini hər iki məkanda məkansızlıq sıxdığı kimi B.Vahabzadəni də ölçülü və ölçüsüz zamanda zamansızlıq sıxır, hətta bir çox məqamlarda məkana münasibətdə qəribə çalarlar da yaranır:
Oğul şəhərdədir, anasa kənddə,
Görüşə bilmirlər bir məmləkətdə
“Gözləmə otaqları”. “insan əzaları satılan əczaxanalar”, “iynəylə, dərmanla qadına hamiləlik bəxş edən kabinetlər” və nəhayət, bu dünya onu sıxıntılı düşüncələrə vadar edir. Bəzən zaman və məkan dolaşıqlığında bir şair xoşbəxtliyinə qibtə etməmək də olmur. İllər boyu həsrətdən, hicrandan gileyi şairin əlçatmaz vüsalında könül xoşluğu görürük.
Sən mənim qəribə qismətim, payım.
Gecələr Günəşim, gündüzlər Ayım.
Güneydə quzeyim, qışda yazımsan.
Sən mənim həmişə əlçatmazımasan.
İşə bir bax! Vüsalı da özündən əlin çatmayacaq qədər uzaqlaşdırarsan və bundan da həzz alasan!
Şairin ölçülü zaman qəlibində ömür məfhumu müxtəlif məzmunda və mahiyyətdə olur. “Dərinə boy verən qısa bir ömrü on ömürdən, yüz ömürdən üstün” tutan Bəxtiyar Vahabzadə eyni bir gecədə oğul gözləyən ana ilə bir-birinə qovuşan sevgililərin zaman adlı daş tərəzilərinin ayrı-ayrı olduğunu yazır:
Bir evdə intizar, könül möhnəti
Vaxtən ayağına daş bağlayıbdır.
O biri evdəsə vəslin ləzzəti
Vaxtın özünü də ayaqlayıbdır.
Qoy zaman ölçüsü zamanın olsun,
Bu ölçü düz gəlmir istəyimizə.
Gün var ki, ildən də uzundur, uzun,
İl var ki, gündən də qısadır bizə .
Zaman, məkan və poetik ovqat üçlüyü hadisənin mahiyyət və məzmununa əlavə çalarlar gətirir. Sevgilinin sevgilisindən küsməsi günəşin gündüzündən küməsi təsirini bağışlayır:
Bu nə yoldur?
Dolanır tərsinə süzgün Günəşim.
Bu nə yoldur o tutub?
Dön geri, tez dön, Günəşim!
Sevgilimdən küsüb gen düşəli
Günbatandan doğur hər gün Günəşim!
Vaqif müəllim, hər bir şairin yaradıcılığında sevgi şeirləri xüsusi yer tutur. Həmişə sizdən eşidirəm ki, ana bətnindən başlayan sevgi dünyanı dərk etdikcə, kamilləşdikcə daha da artır, dəyişir. Məsələn, ata sevgisi, əmi, dayı, bibi, xala, ən hörmətli müəlliminə sevgi yaranır. Sonra vətən sevgisi və nəhayət müdrik insanlarda Tanrı sevgisi yaranır. Sizin Bəxtiyar Vahabzadənin belə silsilə sevgilərinə münasibətiniz necədir?
B.Vahabzadə kainatın varlığını sevgidə gördüyü üçün məhbbəti, arzunu, şair sözünü və zamanı əbədi hesab edir:
Qocaldır insanı, qocaldır zaman...
Ürəyin atəşi, közü qocalmır.
Dağları, daşları qocaldan zaman
Bilmirəm bəs niyə özü qocalmır?
Getdi baharımız, yer qışa qaldı,
Düzlər qara qaldı, yağışa qaldı,
Bizimki bir quru baxışa qaldı,
Neyləyək? Arzunun gözü qocalmır.
Bəxtiyar, düşünək biz dərin-dərin...
Xəyallar möhtəşəm, arzular şirin.
Əsil sənətkarın, əsil şairin
Özü qocalsa da, sözü qocalmır.
Şair elə şair olduğu üçün məhəbbət, arzu və zaman sonsuzluğunda ağıl-hiss hədləri və sərhədlərini gördükdə heyrətlənir:
Gah ağlıma uydum, gah da könlümə....
Ürək bir tərəfdə, baş bir tərəfdə.
Qəlb iki qansızın arasındadır,
Zaman bir tərəfdə, yaş bir tərəfdə.
Bir yandan da yaş ilə ölçülən zamanla ölçüyəgəlməz zaman arasında qaldığından hər şeyin bir tərəfdə olmasını arzulayan şair əslində ölçüsüzlüyə can atır – “bir salama dəyməyən eşqin” üzərindən keçib dünyanı yaşadan sevgiyə üz tutur”.
Vaqif müəllim, maraqlı müsahibəyə görə sizə dərin təşəkkürümü bildirirəm və imkandan istifadə edib sizi 75 illik yubileyiniz münasibətilə təbrik edirəm. Sizə çoxsaylı oxucular adından, Vaqif Aslan sevərləri adından uzun ömür, can sağlığı və daha yeni yaradıcılıq uğurları arzu edirəm.
Çingiz Nağıyev,
“Qızıl qələm” mükafatı laureatı
17 iyun 2025-ci il

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.