Bakı, TurkicWorld
17 iyun 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Şimali Makedoniya Assambleyasının sədri Afrim Qaşinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Bu barədə TurkicWorld -ə XİN-dən məlumat verilib.
Görüşdə Azərbaycan və Şimali Makedoniya arasında mövcud ikitərəfli və çoxtərəfli gündəlikdə duran məsələlər, parlamentlərarası əlaqələr, habelə regional məsələlər müzakirə olunub.
Görüşdə ölkələrimiz arasında son zamanlar yüksək səviyyəli səfər və təmasların artan dinamizmindən məmnunluq ifadə olunub, bu çərçivədə liderlərimiz arasında görüşlər, parlamentlərimiz arasında artan dialoq, xarici işlər nazirləri arasında təmasların, eləcə də Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələr mexanizminin əhəmiyyəti qeyd olunub.
İki ölkə arasında digər vacib istiqamətlər ilə yanaşı, ənənəvi və bərpa olunan enerji istiqamətləri üzrə tərəfdaşlığın inkişafı üçün geniş perspektivlərin mövcud olduğu diqqətə çatdırılıb.
Nazir Ceyhun Bayramov qarşı tərəfi postmünaqişə dövründə bölgədə mövcud vəziyyət və reallıqlar, Azərbaycan-Ermənistan normallaşma prosesinin gedişatı və bu prosesə mane olan amillər barədə ətraflı məlumatlandırıb. Tərəflər arasında yekun sülh sazişinin imzalanması üçün Ermənistanın konstitusiyasında Azərbaycana qarşı mövcud ərazi iddialarının aradan qaldırılması və artıq öz aktuallığını itirmiş olan Minsk Qrupu kimi təsisatların ləğv edilməsinin vacibliyi diqqətə çatdırılıb.
Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.