Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsinə Rusiya ordusu tərəfindən raket və pilotsuz uçuş aparatları (PUA) ilə edilən hücumlarda ən azı 15 nəfərin öldüyünü, 75 nəfərin isə yaralandığını açıqlayıb.
Zelenski Telegram hesabından verdiyi açıqlamada rusların gecə saatlarında Ukraynaya qarşı həyata keçirdiyi raket və PUA hücumlarında paytaxt Kiyev, Odessa, Çerniqov, Mikolayiv, Jitomir, Kirovoqradd və Zaporojye bölgələrinin hədəf götürüldüyünü bildirib.
Rusiya tərəfinin 440-dan çox PUA və 32 raketlə hücum etdiyini qeyd edən Zelenski “Bu, Kiyevə edilən ən dəhşətli hücumlardan biridir” deyib.
Zelenski, Kiyevin 8 fərqli rayonunda ziyanlar olduğunu, dağıntılar altından insanları xilas etmək üçün işlərin davam etdiyini vurğulayıb.
Odessa şəhərində də axtarış-xilasetmə işlərinin davam etdiyini bildirən Zelenski, mövcud məlumatlara əsasən hücumlarda ən azı 15 nəfərin həyatını itirdiyini, 75 nəfərin yaralandığını bildirib.
Zelenski ölkəsinə qarşı edilən hücumları “terror hücumu” kimi qiymətləndirərək, “Putin bunu yalnız müharibəni davam etdirə bildiyi üçün edir. Müharibənin davam etməsini istəyir. Dünyadakı güclülərin buna göz yumması pisdir” deyə fikirlərini bölüşüb.