Azərbaycanın iqtisadiyyatı modernləşdirmək, davamlı inkişafı təşviq etmək və özəl sektorun rolunu gücləndirmək səyləri fonunda beynəlxalq maliyyə institutları ilə əməkdaşlıq mühüm element olaraq qalır. Dünya Bankı Qrupunun üzvü olan Beynəlxalq Maliyyə Korporasiyası (IFC) islahatların dəstəklənməsi, özəl investisiyaların cəlb edilməsi və strateji sektorların inkişafında əsas rol oynayır.
IFC-nin Cənubi Qafqaz üzrə regional meneceri İvana Fernandes Duarte “Report”a eksklüziv müsahibəsində Korporasiyanın Azərbaycandakı cari prioritetləri və planları - “yaşıl” inkişafın dəstəklənməsi, su təhlükəsizliyi və davamlı infrastrukturdan tutmuş rəqəmsallaşmanın təşviqinə və kiçik və orta biznes üçün maliyyə imkanlarının genişləndirilməsinə qədər - danışıb.
Müsahibəni oxuculara təqdim edirik:
- IFC-yə görə Azərbaycan iqtisadiyyatının hansı sahələri özəl investisiyaların cəlb edilməsi üçün daha böyük potensiala malikdir? Yaxın 3-5 ildə IFC ilə Azərbaycan arasında əməkdaşlığın artırılması üçün hansı sahələr əsas ola bilər? 2025-ci ildə Korporasiyanın iştirakı ilə planlaşdırılan yeni layihələr varmı?
- IFC Azərbaycanda özəl investisiyalar üçün yüksək potensiala malik olan üç əsas sahəni - kənd təsərrüfatı, su təhlükəsizliyi və dayanıqlı tikintini fərqləndirir.
Kənd təsərrüfatında biz hökumətlə birgə innovativ maliyyələşdirmə alətlərini, o cümlədən aqrar və anbar qəbzlərini tətbiq edirik. Onlar kiçik fermerlərə gələcək məhsullardan və ya anbarlarda saxlanılan məhsullardan dövriyyə kapitalı əldə etmək üçün girov kimi istifadə etməyə imkan verir. Bu model fermerlərin qlobal istehsal-satış zəncirlərinə inteqrasiyasına yardım edir, artımı stimullaşdırır və kənd yerlərində iş yerlərini yaradır.
Su ehtiyatlarının 50-70 %-nin özləri su çatışmazlığı ilə üzləşən qonşu dövlətlərdən gəldiyini nəzərə alsaq, su sektoru ölkə üçün çox vacibdir. Biz ölkədə artan su qıtlığı probleminin həllinə kömək etməyə çalışırıq və dayanıqlı sudan istifadə strategiyalarının hazırlanmasına, tullantı sularının təmizlənməsi sistemlərinin modernləşdirilməsinə dəstək verməyə hazırıq. Biz həmçinin suyun duzsuzlaşdırılması layihələrinin maliyyələşdirilməsində iştirak etmək imkanlarını araşdırırıq.
Dayanıqlı tikinti sahəsində biz şirkətlərə həm maliyyə, həm də ekoloji fayda təmin edən hökumətin “yaşıl” tikinti təşəbbüslərini dəstəkləyirik. Bunun bariz nümunəsi Ələt Azad İqtisadi Zonasında yerləşən və IFC-nin innovativ bina enerji səmərəliliyi reytinqi sistemi olan “EDGE Advanced” sertifikatı alan “AlatBay” logistika mərkəzidir. Bu səylər sayəsində mərkəz enerji sərfiyyatını 40 %-dən, su sərfiyyatını isə 25 %-dən çox azaldıb.
Biz həmçinin dayanıqlı inkişafı dəstəkləmək və ölkənin əlaqələrini yaxşılaşdırmaq üçün nəqliyyat, logistika və elektromobillik sahələrində investisiya imkanlarını nəzərdən keçiririk.
- IFC-nin Azərbaycan iqtisadiyyatına ümumi investisiya qoyuluşu nə qədərdir və bu vəsaitlərin əsas alıcıları hansı sektorlar olub?
- Azərbaycan 1995-ci ildə IFC-yə qoşulandan bəri Korporasiya 60-a yaxın layihəyə təxminən 900 milyon ABŞ dolları sərmayə qoyub. Əsas investisiya sahələri maliyyə xidmətləri, infrastruktur və istehsal sahələridir.
Maliyyə dəstəyi ilə yanaşı, biz biznes mühitinin yaxşılaşdırılmasına, maliyyə sabitliyinin gücləndirilməsinə, korporativ idarəetmə standartlarının yüksəldilməsinə və kiçik və orta biznesin, o cümlədən aqrobiznesin inkişafına kömək edən konsaltinq xidmətlərini fəal şəkildə təqdim edirik.
- IFC nöqteyi-nəzərindən Azərbaycanda özəl sektorun inkişafına hansı addımlar kömək edir? Əlverişli investisiya mühitinin yaradılması istiqamətində ölkənin irəliləyişini necə qiymətləndirirsiniz?
- Maliyyə və bank sektorunda aparılan islahatlarla birlikdə əlverişli biznes mühitinin yaradılması Azərbaycan iqtisadiyyatının güclənməsinin və özəl sektorun artımının stimullaşdırılmasının əsasını təşkil edir.
IFC bir neçə ildir Azərbaycan hökumətinə hüquqi və tənzimləyici bazanın təkmilləşdirilməsi, xüsusən də yoxlama, lisenziyalaşdırma və icazə prosedurları kimi sahələrdə məsləhətlər verir. Bu sahədə bu günə qədər əhəmiyyətli irəliləyiş əldə olunub və biz nəqliyyat, logistika, infrastruktur və istehsal kimi prioritet sektorlara özəl investisiyaların cəlb edilməsinə bundan sonra da yardım etməyə hazırıq.
Dövlət-özəl tərəfdaşlıq (PPP) infrastruktura və digər strateji sektorlara özəl kapital və texnologiyanın cəlb edilməsində əsas rol oynayır. Biz ölkənin dayanıqlı iqtisadi inkişafı üçün vacib olan bu sahələrdə özəl sektorun rolunu artırmaq üçün hökumətlə əməkdaşlığımızı dərinləşdirməyi planlaşdırırıq.
- Mikro, kiçik və orta biznes (KOB) subyektlərinin maliyyəyə çıxışını genişləndirmək üçün IFC yerli banklar və maliyyə institutları ilə nə dərəcədə fəal işləyir?
- IFC mikro, kiçik və orta sahibkarlığın maliyyələşdirilməsini təmin edən Azərbaycan bankları, o cümlədən “Bank Respublika” ilə fəal əməkdaşlıq edir. Biz bu istiqaməti həm hazırkı, həm də yeni tərəfdaşlarla davam etdirmək və genişləndirmək niyyətindəyik.
Maliyyələşdirmə ilə yanaşı, IFC dayanıqlı maliyyələşdirmə təcrübələrini inkişaf etdirməyə və idarəetməni təkmilləşdirməyə yönəlmiş maliyyə institutlarına məsləhət dəstəyi verir.
Biz KOB-lara inventar və ya avadanlıq kimi daşınar əmlakdan girov kimi istifadə etməyə imkan verən aktivlərə əsaslanan maliyyələşdirmə alətlərinin təşviqinə xüsusi diqqət yetiririk. Bu, daşınmaz əmlakı olmayan müəssisələrin maliyyəyə çıxış imkanlarını əhəmiyyətli dərəcədə genişləndirir. Bu kontekstdə biz Azərbaycan Banklar Assosiasiyası ilə bu cür kreditlərin təmin edilməsi üçün milli mexanizm hazırlamaq üzrə əməkdaşlıq edirik.
- IFC Azərbaycanda “yaşıl” enerji və dayanıqlı infrastruktur sahəsində hansı təşəbbüsləri dəstəkləyir? Xüsusilə enerji və nəqliyyat sektorlarında hər hansı konkret dekarbonizasiya layihələri nəzərdən keçirilirmi?
- Korporasiya Azərbaycanın əhəmiyyətli potensiala malik bərpa olunan enerji mənbələrinin inkişafı üzrə səylərini dəstəkləmək niyyətindədir. Ölkənin texniki potensialı təxminən 23 qiqavat günəş enerjisi və 157 qiqavata qədər dəniz külək enerjisidir.
Qara dəniz sualtı kabeli və “Yaşıl Enerji Dəhlizi” layihəsi kimi iri regional infrastruktura investisiyalar Azərbaycana öz ixrac potensialını açmağa və qlobal “yaşıl enerji”bazarında mühüm yer tutmağa imkan verəcək.
Hazırda ölkənin ümumi enerjisinin təqribən 22,6 %-ni istehlak edən nəqliyyat sektorunda IFC elektrik nəqliyyat vasitələri üçün yükləmə infrastrukturunun maliyyələşdirilməsini və ictimai nəqliyyatın modernləşdirilməsini, o cümlədən avtobus parkının yenilənməsini nəzərdən keçirir və bu proses artıq uğurla davam etdirilir. Biz həmçinin hökumətin elektromobillər üçün vergi güzəştləri ilə bağlı addımlarını da müsbət qiymətləndiririk. Eyni zamanda, yanacaq səmərəliliyi standartlarının artırılması, köhnə vaqonların dəyişdirilməsinin stimullaşdırılması və yük daşımalarının optimallaşdırılması da vacib olaraq qalır.
Hökumət hazırda lazımi normativ-hüquqi, siyasi və institusional bazanı hazırlayır və IFC istehsal-satış zənciri boyunca məsləhət və investisiya dəstəyi göstərə, həmçinin bu sahədə layihələr üçün özəl kapitalın cəlb edilməsini asanlaşdıra bilər.
Bundan əlavə, Azərbaycanın Orta Dəhliz daxilində strateji mövqedə yerləşməsi, artan yükdaşıma həcmləri və hökumətin artan tələbatı ödəmək üçün dəmir yolu infrastrukturunun modernləşdirilməsi planlarını nəzərə alaraq, biz vaqon daşıma operatorları üçün daşıma heyətinin yenilənməsinə sərmayə qoymağı düşünürük ki, bu da nəqliyyat marşrutlarının dayanıqlığını və səmərəliliyini artıracaq.
- Azərbaycan tranzit ölkə kimi öz nəqliyyat infrastrukturunu fəal şəkildə inkişaf etdirir. IFC strateji nəqliyyat dəhlizləri, o cümlədən də Orta Dəhlizlə bağlı layihələrdə iştirak etməyi düşünürmü?
- Coğrafi mövqeyinə görə Azərbaycan regional tranzit və logistika qovşağı kimi rolunu gücləndirmək üçün əhəmiyyətli potensiala malikdir.
IFC Orta Dəhliz də daxil olmaqla əsas nəqliyyat dəhlizlərinin inkişafına yönəlmiş təşəbbüslərdə iştirak etmək imkanlarını nəzərdən keçirir və özəl investisiyaların cəlb edilməsi və məsləhət dəstəyinin göstərilməsi yolu ilə müvafiq layihələrin həyata keçirilməsini asanlaşdırmağa hazırdır.
- IFC-nin Cənubi Qafqazda strateji prioritetləri hansılardır və Azərbaycan bu kontekstdə hansı rol oynayır? Logistika və enerji sahələrində regional əməkdaşlıq nə dərəcədə vacibdir?
- Məlum olduğu kimi, istənilən sistemin effektivliyi onun bütün elementlərinin etibarlılığı ilə müəyyən edilir. Bu, logistika və enerji sahəsində regional layihələrə də tam aiddir. Cənubi Qafqaz ölkələri arasında yaxşı əlaqələndirilmiş əməkdaşlıq bu cür təşəbbüslərin uğurla həyata keçirilməsinin açarıdır.
Bakı və Potidəki limanlar artıq regional logistika zəncirinin əsas halqalarıdır. Biz Bakıdakı Ələt limanının genişləndirilməsi, o cümlədən onun tutumunun 15 milyon tondan 25 milyon tona çatdırılması və yeni konteyner terminallarının tikilməsi planlarını alqışlayırıq. Bu, onun Orta Dəhlizin əsas elementi kimi mövqeyini gücləndirəcək.
Yüklərin əsas hissəsi Cənubi Qafqazdan keçən dəmir yolu və avtomobil marşrutları ilə daşındığından bu dəhlizlərdə kifayət qədər tutumun təmin edilməsi və marşrutlar boyunca logistika qovşaqları və terminallar şəbəkəsinin inkişaf etdirilməsi çox vacibdir.
Enerji sektorunda irimiqyaslı bərpa olunan enerji layihələri etibarlı ötürmə və paylama sistemi tələb edir. Bu, Azərbaycanın Mərkəzi Asiya və Avropaya “yaşıl enerji” ixracı planları üçün çox vacibdir. IFC regional enerji infrastrukturunu gücləndirmək və hökumətlərarası koordinasiyanı təşviq etmək səylərini dəstəkləməyə hazırdır.