HƏMAS-ın İsrailə hücumundan və Yaxın Şərq münaqişəsinin hazırkı mərhələsinin başlanmasından sonra mən də, bir çoxları kimi, SEPAH-ın (İran İslam İnqilabı Keşikçiləri Korpusu) rəhbərliyi altında həyata keçirilmiş bütün layihələrin möhtəşəm uğursuzluqlarına heyrətlənməkdən əl çəkə bilmirəm. “Müqavimət oxu”nun darmadağın edilməsi, hökumət helikopterinin qəzası, “peycer əməliyyatı”, HƏMAS liderinin Tehran hökumət iqamətgahında öldürülməsi, Hizbullahın Suriyada və Livanda məğlubiyyəti və əlbəttə, “uzaqdan müharibə”nin son mərhələsindəki hazırkı uğursuzluqlar – bütün bunlar sistemli suallar doğurur. BUTA.TV xəbər verir ki, bunu politoloq, sabiq xarici işlər naziri Tofiq Zülfüqarov qeyd edib. “Demək olar ki, bütün hərəkətlər və onların nəticələri SEPAH rəhbərliyinə o məşhur zarafatdakı sualı verməyə əsas yaradır: “Sən mənim dostumsan, yoxsa ayının?”Bu uğursuzluqları təkcə peşəkarlıq çatışmazlığı və ya əksinə, rəqibin yüksək peşəkarlığı ilə izah etmək mümkün deyil – bu, məntiq və sağlam düşüncə ilə ziddiyyət təşkil edərdi. Əminəm ki, necə ki SSRİ-də “yenidənqurma”nın əsas “memarları” KQB və Baş Kəşfiyyat İdarəsi (QRU) strukturları idisə, bu gün də İranın “yenidənqurma prosesi” SEPAH daxilində dərin şəkildə korrupsiyalaşmış dairələrin ssenarisinin dəstəyi olmadan mümkün deyil. Sanksiyalardan yayınmaq, o cümlədən neft ixracı ilə uzunillik məşğuliyyət SEPAH-ın rəhbər təbəqəsini artıq bu gün öz təhlükəsizliyi və milyonlarla sərvətinin qorunması müqabilində bu rejimi və “tələbə ideallarını” satmağa hazır hala gətirib. Lakin onların bu “yeni ideallara” xidmət etməyə hazır olması və bəlkə də verilmiş vədlər indi açıq şəkildə təqib və məhvedilməyə çevrilib. Sadəcə və bəsit olaraq, onları aldatdılar, çünki gələcək hakimiyyət konfiqurasiyasında onlar üçün yer yoxdur. İkinci və bəlkə də əsas səbəb – İsrail artıq öz vətəndaşlarının qətlində məsuliyyət daşıyanları cəzasız buraxmaq niyyətində deyil. Trampın ali dini liderin aradan götürülməsinə “veto qoyduğu” iddiası göstərir ki, “yaşamaq və ya məhv edilmək” ticarəti hələ də davam edir... Yeri gəlmişkən, bu gün artıq aydındır ki, ölkəmizə barmaq silkələyənlər əslində iki əsas tapşırığı yerinə yetirirdilər: Birincisi – diqqəti İranda təhlükəsizlik sistemini içəridən dağıdanlardan yayındırmaq üçün saxta hədəf göstərmək;
İkincisi – onlara “ikinci cəbhə”nin şimal sərhədlərində açılması müqabilində “indulgensiya” (günahların bağışlanması) vəd edənlərdən alınan təlimatlar. Müharibə müharibədir, buna görə də İranın bütün düşmənləri onu qonşusu ilə toqquşdurmaqda maraqlı olar. Ölkəmizdə belə bir ssenarinin təhlükəsini çox yaxşı anlayırlar. Ümid etmək istərdim ki, İranın siyasi elitasının sağlam düşüncəyə malik hissəsi həm daxili, həm də xarici təxribatçıların qarşısını almaq üçün hərəkətə keçəcək”.