AZ

Qəzalı Oğuz-Qəbələ-Bakı su kəməri ilə təmin olunan ərazilərdə su fasilələrlə verilir

BAKI, 17 iyun. TELEQRAF

Hazırda Oğuz-Qəbələ-Bakı su kəməri ilə qidalanan ünvanlara alternativ su mənbələri ilə su təchizatı həyata keçirilir.

Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirilib.

Eyni zamanda qeyd edilib ki, su təchizatı fasilələrlə aparılır.

"Əhalidə çaşqınlıq yaratmamaq üçün suyun verilişində fasilə yaranan əraziləri küçə adları ilə deyil, ümumi olaraq qeyd edirik. Hazırda bəzi saytlarda bu ərazilər qeyd olunsa da, fasilənin mövcud olduğuküçələr qeyd olunanlarla məhdudlaşmır", - qurumdan əlavə edilib.

Xatırladaq ki, ötən gün Oğuz-Qəbələ-Bakı su kəmərində qəza baş verib və nəticədə Bakı şəhəri və Abşeron yarımadasının bəzi ərazilərinə su təchizatında müvəqqəti fasilə yaranıb.

Qeyd edək ki, Oğuz-Qəbələ-Bakı kəməri ilə Bakı şəhərinə özüaxımlı rejimdə verilən su paytaxtın Yasamal və Nəsimi rayonlarını bütövlükdə, Səbail, Nərimanov və Binəqədi rayonlarının əksər hissəsini, Nizami, Xətai və Sabunçu rayonlarının bir hissəsini təmin edir.

Yasamal rayonunda 94, Səbaildə 161, Nərimanovda 112, Binəqədidə 983 küçə, Sabunçu rayonunda isə 10 qəsəbə mövcuddur.

Oğuz–Qəbələ–Bakı su kəməri layihəsi Dövlət Neft Fondunun maliyyəsi ilə 779,6 mln. manata inşa edilib.

Seçilən
19
teleqraf.com

1Mənbələr