AZ

Elnarə Xəlilovanın idman həyatı: “Məktəbdə qolumu yerə vuran yox idi”

Azərbaycanın estrada müğənilləri arasında idmana maraq göstərənlərin sayı yetərincə çox olsa da, etiraf edək ki, qadın ifaçılarımız kişilər qədər fəallıq nümayiş etdirmir. Amma daim idman tədbirlərinə dəvət alan və bəzən idmana aid klip çəkdirənlərimiz də var. Bu mənada Elnarə Xəlilovanı xüsusi şəkildə fərqləndirmək lazımdır.

Elnarə xanımın  sənətlə bağlı düşüncələrinə yaxından bələdik, bəs, onun idmana münasibətindən nə bilirik? Bu məqsədlə “El” Yaradıcılq Mərkəzinə yollanıb populyar müğənnimizlə söhbətləşmək qərarına gəldim.

– İdmana marağınız haradan yaranıb?

– İdman bizim aktiv həyat tərzimizin bir parçasıdır. Necə iş insanın cövhəridirsə, idman da belədir. Mənim yadıma gəlir, məktəbdə yaxşı həndbol oynayardım, özü də qapıda dururdum. Buna görə o qədər zədələnmişəm ki. Dəfələrlə top sifətimə dəyib. Mən uşaqlıqdan akitv həyat tərzi keçirmişəm. Həmişə formada olmuşam. Məndə heç vaxt artıq çəki bilinməyib. İdman zalına və ya fitnesə getməyə vaxtım olmasa da, evdə divan da olsa, əzələlərimin inkişafı üçün nədənsə tutub hərəkət edirəm. Deyim ki, dəhşətli dərəcədə idman etmək həvəskarıyam, yox, belə deyil, sadəcə, adi həvəsdir.

– Uşaqlıqda hansısa bir idman növü ilə peşəkar səviyyədə məşğul olmağı qarşınıza məqsəd qoymuşduz?

13a2824

– Heç vaxt belə bir fikrim olmayıb. Amma yadıma gəlir ki, məktəblilərin spartakiadasına qatılırdım. İdman müəllimim həmişə məni yarışlara cəlb edirdi. Həmişə yaxşı qaçmışam. Deməli, bir dəfə meydanın kənarında qaçış cığırında qaçdığım yerdə futbol topu düz sifətimə tuş gəldi. Uşaqlar meydanda futbol oynayırdı. Hətta huşumu da itirmişdim. Bir də onda ayıldım ki, məni xərəkdə aparırlar. Onu bilirəm ki, idmanla məşğuliyyətim həmişə zədələrlə yekunlaşıb. Elə buna görə də bu sahədə peşəkar olmaq istəməmişəm. Məsələn, piano dərslərinə getməyə ailədə heç bir narazılıq olmayıb. Mən o vaxt tək uşaq olanda həkimlər valideynlərimə belə bir diaqnoz qoymuşdular ki, sizin başqa uşağınız olmayacaq, atam məni həm də oğlu kimi böyütməyə başladı. Atam özü hətta qara kəmər sahibidir. Mənə həmişə fəndlər öyrədirdi. Ümumiyyətlə, məktəbdə qolumu yerə vuran yox idi. Xoşuma gəlməyəni yıxırdım (gülür).

– Atanız hanı idman növü ilə məşğul olub?

– Həm boksla məşğul olub, həm də karate ilə. Boks üzrə respublika çempionu da olub. Əla bədən quruluşu olub, indi də elədir. 75 yaşı var, amma bu yaşı ona verməzsən. Baxan kimi hiss olunur ki, idmançı olub.

– İndi də idman sahəsində çalışır?

– Yox. Uzun illər Hidrometeorologiya Komitəsində, daha sonra nazirlikdə işləyib. Hətta komitədə sədr müavini vəzifəsində çalışıb. 15 respublikanın komitəsi bir-biri ilə sıx əlaqədə idi. Hətta 20 yanvar faciəsini atam Azərbaycandan kənara çatdırmışdı. Çünki o vaxt informasiya blokadasında idik. Biz iki gün dünyaya səsimizi çatdıra bilmədik. Atam bunu bacardı. İdmanla sadəcə gənclik illərində məşğul olub. Hər bir oğlan uşağı kimi idman da onun həyatının bir parçası olub.

– Döyüş idman növlərindən sizi kinqboksinqlə məşğul olan görmüşəm. Niyə məhz bu növ?

-

– Çünki “Əvəzimi tap” mahnısınını yazdıranda gözümün önünə kinqboksinq gəldi. Orada ifaçı tərəf müqabilinə deyir ki, “bəyənmirsənsə məni, get, əvəzimi tap”. Mahnının özündə bir döyüşkən ruh var. Nəticədə mən “Kobra Pərviz”dən məni məşqçilərə yönləndirməyi xahiş etdim. Klipdə bu hərəkətləri düz etmək üçün mənə 3 ay vaxt lazım idi. Gülməli görünmək istəmirdim. Sağ olsun, məni Mehman və Faiq müəllimə yönləndirdi. Onlar 3 ay mənimlə məşq keçdi. Hətta Mehman Umudov deyirdi ki, “səndə bu çox gözəl alınır, gəl səni yarışlara yazım”, dedim “yox, çox sağ olun” (gülür). Mən özüm də elə adamam ki, bir şeyin qulpundan yapışdımsa, onun haqqını verməliyəm. Bilirdim ki, ciddi şəkildə bu növlə məşğul olsam, oxumağın başını atacağam. İmkan verin, işimlə məşğul olum (gülür). Bu yaşda mənə peşəkar kinqboksinqlə məşğul olmaq yaraşmaz.  Amma müəllimlərim məndə o potensialı görürdü.

– Mən bilən gimnastika və yüngül atletikaya da marağınız olub.

– Bəli, bu növləri sevirəm. Məsələn, “şpaqat açmağı”, “körpü” halını almağı xoşlayıram. Bədənimin formadan düşməsinə imkan vermirəm. Bunları uşaqlıqdan bacarıram. Bünövrə məktəbdən qoyulub. İndiyə qədər də bu vərdiş halını alıb. İdmanı həqiqətən də çox sevirəm.

– At sürə bilirsiz?

– Hə. Amma bir dəfə Masallıda çəkilişdə idik, at məni tərkindən atdı, ayağımın biri üzəngidə qaldı. Allah üzümə baxdı ki, ayağım tez də oradan çıxdı. Ondan sonra məndə at sürməyə qarşı fobiya yaranıb. Həmin  hadisədən sonra at belinə qalxmamışam. Amma bacarıram.

– Səhərlər durub formada qalmaq üçün haradasa qaçırsız?

– Yox, bu baxımdan bir qədər tənbələm. Səhər evdə qaçıram (gülür). Səhər saat 7-dən ayaqüstə olan adamam. Birinci durub mətbəxdə qaçıram. Bir sözlə ev işləri ilə məşğulam. Evin içində qaçmaq məni o qədər yorur ki… 4 uşağım var da, yeri gəlmişkən, yoldaşım ən böyük uşağımdır. Adam hərbçidir, hər şey vaxtı vaxtında olmalıdır. Səhərdən axşama kimi ailə üzvlərinin qayğısına qalan yeganə adam mən özüməm. 5 nəfər tökür, bir nəfər yığışdırır. O barədə çöldə qaçmağa vaxtım qalmır. Amma tələbələrimə havalar düzələndə bulvara gedib idman etmək lazım gəldiyini demişdim. Havalar da düzəlmədi. Qışdan elə bil yaya keçdik. İndi də istilər düşüb, belə cırhacırda da idman etmək olmur.

-

– Bir qədər də həyat yoldaşınız Rövşən Cahangirovun idman keçmişi ilə bağlı danışardız.

– O, idman ustasıdır. Özü karateçi olub. Amma indi işi ilə əlaqədar bu növlə məşğul olmur. Amma idmanı unutmur, gündəlik fitness məşqlər edir. O sahədən ayrılıb, artıq peşəkar şəkildə məşğul olmur. Onun işi hazırda çəkiliş etməkdir, media adamıdır.

– Təxminən nə vaxtdan karatenin “daşını atıb”?

– Gənclik illərindən.

– Futbol izləyəndir?

– Hə e, evdə ancaq qışqırırlar. Elə ki futbol oldu, evdəki 4 kişi mənim başımı aparır (gülür). Az qalır qonşuya gedim. Gecə saat 1-2-də “popkorn”u ələ alıb ancaq “qol” qışqırırlar. Oğlanlarım da böyüyüb, hamısının səsi kişiləşib.

inbound4009415131060054654

– Olimpiyaçılarımıza dəstək klipi çəkdirmişdiz. Bir az da onun tarixçəsindən danışardız.

– Olimpiada bir ölkəni dünyada tanıdan məşhur bir hərəkatdır. 4 ildən bir keçirilməsinə baxmayaraq,  idmançılar ona çox yaxşı şəklildə hazırlaşır. Bu  klip 15 ilin mahnısı əsasında çəkilib. O mahnını biz Pekin Olimpiadasının iştirakçılarına həsr etmişdik. O vaxt müğənnilər birləşib onu müştərək ifa etmişdik. Onu da o vaxt həyat yoldaşım Rövşən çəkmişdi. Sonra o mahnı bir növ unudulan kimi oldu, diqqətdən kənarda qaldı. 3 il əvvəl biz İsveçrədə polo üzrə çempionatda onu yenidən işləmək qərarına gəldik. Orada San-Morits gölü var, deməli, 35 dərəcə şaxtada donur. Bizim çövkən millimiz o gölün üzərində oyunlar keçirirdi. Özü də Qarabağ atları ilə. Bizdə adətən çövkəni ot üstündə oynayırlar. Binə atçılıq mərkəzində bu yöndə formalaşan xüsusi çaparlarımız var. Onlar buz üstündə oynamağa ixtisaslaşmayıblar.  Buna baxmayaraq, 2022-ci ildə dünya çempionatında güclü Almaniya yığmasına qalib gəldilər. Hətta meydan sahiblərini məğlub etdilər. Mən onlara o münasibətlə də klip həsr etdim. Əslində məni İsveçrəyə ona görə aparmamışdılar. Mənim orada başqa missiyalarım da var idi. Siz oradakı halımı görərdiz. Qaçıb orada klip çəkirdim, burada gəlib tərcümə edirdim, bir tərəfdə pianoda ifa edirdim,  mahnı oxuyurdum. Azərbaycanın adı üçün orada nə etmək lazımdırsa, etdim. Halbuki, ora tamaşaçı kimi getmişdim.  Sadəcə, yoldaşımla danışdım ki, bura gəlmişiksə, mahnılardan birinə klip də çəkək. Amma hansı mahnı, onu müəyyənləşdirməmişdik. Bilmirdik axı komandamız orada uğur qazanacaq. Qələbə qazandılar, bu da lap yerinə düşdü. Rövşənə dedim ki, bundan mütləq klip çəkməliyik. Oradan da görürsüz ki, yarışdan görüntülər var. Bir sözlə, 15 ilin olimpiya himninə belə bir klip ərsəyə gətirdik. Adı da “Land of fire”. Komandamızın da adı belə idi.

– Gələcəkdə də belə bir layihə üzərində işləyərsiz?

– Mən Gənclər və İdman Nazirliyi ilə sıx əməkdaşlıq edirəm. Onların demək olar ki, bütün tədbirlərində iştirak edirəm. Həmçinin digər nazirliklərlə də. Xüsusən də güc strukturları ilə. Həmçinin Mədəniyyət Nazirliyini də unutmaq olmaz. Mən həmişə episentrdəyəm. Həmişə də mənə dəvət göndərirlər. Canla-başla iştirak edirəm. Dövlətim üçün işləməkdən yorulmuram. Bu, mənim təyinatımdır. Elə bilirəm ki, bu formada da xidmət göstərməliyəm. Bu səpkidə oxuduğum mahnılara da çox diqqət yetirirəm. Elə bu il yanvar ayında Gənclər və İdman Nazirliyinin “Buta”da illik yekun tədbirinə də fəxri qonaq kimi dəvət almışdım. Bundan sonra da Elnarə olaraq əlimdən gələnin ən yaxşısını etməyə çalışacağam.

1719298764

– Bizim bəstəkarlarımız futbola aid bir neçə mahnı bəstələyib. Məsələn, Brilliant Dadaşova “Futbol”, Faiq Ağayev “Xəzər Lənkəran” mahnılarını oxuyub. Sizə indiyə qədər belə bir təklif olub?

– Yox. Amma təklif alaramsa, böyük məmnuniyyətlə ifa edərəm. Mən hətta özüm buna musiqi də bəstələyərəm, söz də yazaram. “El” Yaradıcılıq Mərkəzində uşaqlarım üçün nə edirəmsə, futbol üçün də onu edərəm.

– Bəs futbola marağınız hansı səviyyədədir?

– Deyim ki, qatı azarkeşiyəm, yox. Mənə elə gəlir ki, qadınlar bu məsələdə kişilər qədər həssas deyil.  Amma öncə də dediyim kimi, evimdə 4 kişi var, onların əhatəsinə düşürəm.

– Yeri gəlmişkən, kimə azarkeşlik edirlər?

– Biri “Liverpul”a, digəri “Barselona”ya… “Qarabağ”a da azarkeşlik edirlər.

– Yerli futbolu izləyirlər?

– Əlbəttə. Onlar sevirlər deyə, mən də sevirəm.

– Bəzi əhəmiyyətli futbol matçları ərəfəsində konsert proqramları təşkil olunur. Belə oyunlara dəvət almısınız?

– 1-2 dəfə olub. Amma o da uzaq keçmişdə.

– Yaxınlarda Bakıda minifutbol üzrə dünya çempionatı keçirildi. Açılış və bağlanış mərasimlərində konsert proqramları təşkil olundu. Sizə dəvət gəlməmişdi deyəsən…

4144678

– Yox, mənə dəvət gəlmədi. Amma gördüm, xalq artistlərimiz Aygün Kazımova və Faiq Ağayev orada mahnılar ifa etdilər. Mən onlara baxdım, sevindim, elə bildim ki, özüm də oradayam. Mənim üçün fərqi yoxdur.

– Övladlarınız hansısa idman növü ilə məşğul olur?

– Arada beyinlərinə düşür, üzgüçülüyə gedirlər, bir də görürsən ki, futbol məşqlərinə yazılırlar. Bir də deyəsən, taekvondoya da gedirdilər. Amma növləri tez-tez dəyişirlər. Konkret qarşılarına məqsəd qoymurlar. Fəsilə görə dəyişirlər (gülür).

– Qadın idmançılarımızın beynəlxalq yarışlarda çıxışını diqqətdə saxlayırsızmı? Məsələn, onlardan kimləsə münasibətləriniz var?

– Əlbəttə. Amma konkret münasibətlərdən gedirsə, zaman-zaman kimlərləsə söhbətləşmək imkanım olub. Mən dəfələrlə qadın idmançılarımızı verilişimə dəvət etmişəm. Məsələn, paralimpiyaçılarla tanışlığım var. Amma onlarla işlə bağlı olanda görüşürük. Bir-birimizə hörmət edirik. Əhalinin Sosial Müdafiə Nazirliyi və ya DOST mərkəzinin layihələri olur, paralimpiyaçılarımız ora da gəlir. Nə bacarırıqsa, əsirgəmirik.

– Ümumiyyətlə, Azərbaycan idman ölkəsidir?

– Əlbəttə, 100 faiz! Baxmayaraq ki, 10 milyonluq ölkədir, torpaq sahəmiz elə də böyük deyil,  amma gördüyü işlər digərlərindən geri qalmır. Bu idman sahəsinə də aiddir. Azərbaycan bu dəqiqə hamıya meydan oxuyur.

– Müğənnilər arasında Olimpiada keçirilsə, siz hansı növdə medal qazanardız?

media

– Döyüş idman növlərindən birində (gülür).

– Müğənnilər arasında aktiv şəkildə idmanla məşğul olanlar var?

– Samirə Əliməryəm hər gün idman məşqinə gedir. Onu nə vaxt axtarırsan, elə idman zalındadır. Dayanmadan 2000 dəfə “press” edir. Bu, hər adamın işi deyil. Çox möhkəmdir, idmana bağlı biridir. Xanəndəmiz Pərviz Qasımov da idmançıdır. Amma bu tərəfdən götürsək, Füzuli Musayev peşəkar idmançı olsa da, ürəyi istəyəndə mahnı da oxuyur. Onunla duet də oxumuşam. Ümumiyyətlə, fikir vermişəm ki, idmançılarda da musiqiyə çox böyük həvəs olur. Ya da əksinə, musiqiçilər idmanı sevir. Bu yəqin hər iki tərəfin 1-ci olmaq istəyindən doğur. Hamımız bir növ yarışdayıq.

– Səhnədə mikrafon, idmanda isə top. Hansı daha böyük məsuliyyət tələb edir?

– İkisi də. Hərəsinin öz ağırlığı var. Səhnədə mikrafonu əlinə aldınsa, deyəcəyin sözlərə, hərəkətlərinə fikir verməlisən. İdmanda da topu istifadə edə bilmirsənsə, onu niyə öz tərəfinə çəkirsən ki? Hərəsinin öz məsuliyyəti var.

– Bir gün səhər yuxudan oyanırsız, görürsüz ki, sizi qadınlardan ibarət futbol millimizə baş məşqçi təyin ediblər. İlk addımınız nə olardı?

– Ay Allah (gülür). Bilirsiz nə yadıma düşdü, “Planet Parni iz Baku”nun futbola aid hazırladığı səhnələr. Şahin Diniyev paltardəyişmə otağında futbolçulara taktika başa salır (gülür). Onu hər dəfə görəndə gülməkdən ölürəm… Özümə gəlincə, mənə elə gəlir ki, xanım-xanıma oturub onlarla söhbət edərdim. Deyərdim ki, “oturuşunuza, duruşunuza diqqət yetirin, özünüzü yaxşı aparın, birinci nizam-intizam, sonra oyun!”

– Ümumiyyətlə, yeniyetməlik illərinizdə sizi ruhlandıran bir idmançı olub?

4e033093f442b172248ed189e9de9908

– Bəli, Məhəmməd Əli, Brüs Li, Mayk Tayson. Dünyaca məşhur idmançılar həmişə bizi ruhlandırır. Hər bir idmanın arxasında böyük bir əziyyət durur. Zədələr, kəllə-beyin travmaları…. İdmançı o yerə gəlib çatmaq üçün ömründən pay verir, zarafat deyil. Bu işlə məşğul olanda ailəndən, yaxınlarından didərgin düşürsən. Özünü idmana həsr etməlisən. Məsələn, bizdə Lamiyə Vəliyeva kimi idmançını görüb də necə ona hörmət etməyəsən, sevməyəsən?! Bütün idmançılarımız fəxrimiz və baş tacımızdır. Onlar Azərbaycan bayrağını dalğalandıran və dövlət himnimizi səsləndirən kəslərdir. Xarici səfərlərə gedəndə bir ölkə başçısına görə bayraq qalxır, himn səslənir, bir də idmançılar çempion olanda.

– Hansısa idmançının xeyir işində iştirak etmisiz?

– O qədər. Amma heç birinin adı yadımda qalmayıb. Mən onu yadımda saxlasam… (gülür) Koronovirusdan sonra belə olmuşam, heç birinin adı yadımda qalmır.

– Anar Mədətovla əlaqələriniz var?

– Mahirin atası? Hə. Onunla arada danışırıq. Bəlkə də axırıncı dəfə 3-4 il əvvəl əlaqə saxlamışıq.  İşimiz kəsişəndə danışırıq da. Əvvəl televiziyada prodesser işləyirdi, verilişlərə dəvət edirdi, tez-tez görüşürdük. İndi televiziya sahəsində çalışmır deyə yollarımız kəsişmir. Amma münasibətimiz həmişə yaxşı olub, indi də yaxşıdır.

– Mahir Emrelinin çıxışlarını izləyirsiz?

– Əlbəttə, Mahir bizim fəxrimizdir. Onun bütün uğurlarının arxasında anası Elnurə xanımın, atası Anar bəyin uğurları dayanır. Onlar Mahirin üstündə çox əziyyət çəkiblər. İstədiklərinə də nail olublar.

– Amma Mahir artıq Mədətov yox, Emreli soyadı ilə çıxış edir…

– Mənim və ya qeyrisinin bu məsələ ilə bağlı fikir bildirməsi doğru olmaz. Özləri bilərlər. Amma yenə də deyirəm ki, hər ikisinin Mahirin bu səviyyəyə çatmasında böyük rolu var. Bu böyük əziyyəti yerə vurmaq olmaz. Hər bir halda Mahir hələ körpədir, buna baxmayaraq çox uğurlu karyerası var. Yenə də gəncdir. O gəlib mənim yaşıma çatanda başqa cür danışacaq. Ona görə də hər şeyi həyatın axarına buraxmaq lazımdır. Mənə elə gəlir ki, su gəlib öz çuxurunu tapacaq. Çünki valideyn elə valideyndir. Onlar bizi dünyaya gətirən və böyüdüb boya-başa çatdıran adamdır. Deyir ananın qarğışı tutmur, amma atanın tutur. Nə olsun, ana səni dünyaya gətirir, amma atanın əziyyətini necə yerə vura bilərsən?! Uşaqlar mənim üstümə qaçanda onları birinci atalarının üstünə yönləndirirəm. Bir dəfə də yadıma gəlmir ki, mən yoldaşımı uşaqların ayağına verim. Heç bir halda, onu etmək olmaz!futbolinfo.az

Seçilən
16
moderator.az

1Mənbələr