AZ

Hindistanın yerli icmaları Britaniyada əcdadlarının qalıqlarını geri almaq üçün muzeylə danışıqlar aparır

Azertag saytından verilən məlumata görə, ain.az xəbər verir.

London, 17 iyun, AZƏRTAC

Hindistanın Naqaland əyalətindən olan yerli tayfaların nümayəndələri Böyük Britaniyada muzeylə danışıqlar aparırlar.

AZƏRTAC “Reuters”ə istinadla xəbər verir ki, məqsəd kolonial dövrdə bölgədən götürülmüş və onilliklər ərzində sərgilənən əcdadlarının qalıqlarının geri qaytarılmasıdır. Kolonial dövrdə Asiya, Afrika və digər bölgələrdən kəllə və digər insan qalıqları Britaniyaya və digər keçmiş müstəmləkə dövlətlərinə qənimət kimi gətirilir, satılır, sərgilənir və ya elmi məqsədlərlə öyrənilirdi.

Dünya üzrə bu cür insan qalıqlarının və oğurlanmış sənət əsərlərinin mənşəyinə qaytarılması üçün çağırışlar artmaqdadır. Məsələn, ötən ay Almaniyada saxlanılan və bir vaxtlar irqçi “frenologiya” nəzəriyyəsi əsasında araşdırılan 19 afro-amerikalıya aid kəllələr ABŞ-ın Nyu-Orleans şəhərinə qaytarılıb.

Tarixçilər bildirirlər ki, Naqalandda əsrlərlə geniş yayılmış baş ovçuluğu ənənəsi zamanı bəzi insan qalıqları qəbiristanlıqlardan və döyüş meydanlarından Britaniya kolonial zabitləri tərəfindən toplanıb. Bəziləri isə zorakı talanlar zamanı ələ keçirilib.

Oksford Universitetinin nəzdində fəaliyyət göstərən Pitt Rivers Muzeyi dünyada Naga tayfalarına aid ən böyük kolleksiyaya malikdir. Muzeydə minlərlə artefakt, 41 insan qalığı (əsasən kəllə sümükləri) və insan saçı ehtiva edə biləcək 178 obyekt saxlanılır. Muzey 2020-ci ildə bütün insan qalıqlarını ictimai sərgidən çıxarıb. Həmin qalıqlar arasında Kaliforniya Universitetində çalışan və Lotha-Naga tayfasına mənsub antropoloq Dolli Kikonun əcdadlarına aid olanlar da var. O, ötən həftə Oksforda səfər edərək danışıqlarda iştirak edib.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
15
3
azertag.az

4Mənbələr