Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Naxçıvan Dövlət Rəsm Qalereyasında Möminə xatun türbəsinin bərpa və konservasiyasının aparılması ilə bağlı müqavilə bağlanılması mərasimi və ictimaiyyətin məlumatlandırılması ilə bağlı brifinq keçirilib.
Sfera.az xəbər verir ki, tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirlinin müavini, nazir vəzifələrini icra edən Həsən Seyidov Möminə xatun türbəsinin bərpa və konservasiyası istiqamətində görülmüş işlər və qarşıda duran vəzifələrdən bəhs edib.
Qeyd olunub ki, Möminə xatun türbəsinin mövcud vəziyyətinin hərtərəfli tədqiqi və ölçmə işlərinin aparılması üçün ilkin baxış keçirilib. Nəticələr barədə Nazirliyə müvafiq sənədlər təqdim olunub. Həsən Seyidov mədəniyyət işçiləri adından Azərbaycan Prezidenti İlham Əliyevə mədəni irsə göstərdiyi diqqət və qayğıya görə minnətdarlığını bildirib.
Tədbirdə abidənin mövcud vəziyyəti və gələcəkdə görüləcək işlər barədə ətraflı məlumat verilib.
AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev, Naxçıvan Dövlət Universitetinin rektoru, dosent Elbrus İsayev, AMEA-nın müxbir üzvü, Naxçıvan Dövlət Universitetinin professoru Hacı Fəxrəddin çıxış edərək Möminə xatun türbəsinin tarixi əhəmiyyətindən, bərpa və konservasiya olunmasının vacibliyindən danışıb, bu sahədə gələcəkdə görüləcək işlərlə bağlı düşüncələrini bildiriblər.
Sonra Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi ilə "Atelier Erich Pummer GmbH" şirkəti arasında bərpa və konservasiyasının aparılması ilə bağlı müqavilə imzalanıb.
Qeyd edək ki, Prezident İlham Əliyev cari il may ayının 22-də "Naxçıvan şəhərində yerləşən Möminə xatun türbəsi dünya əhəmiyyətli tarix-memarlıq abidəsinin bərpası və konservasiyası ilə bağlı tədbirlər haqqında" Sərəncam imzalayıb.