AZ

Sosial media ulduzları milyonlar qazanır – 2025-ci ilin ən gəlirli yaradıcıları açıqlandı

Sosial media ilə şou-biznes arasındakı sərhədlər sürətlə yox olur. "Forbes" bu günlərdə 2025-ci ilin ən çox qazanan 50 yaradıcı şəxsinin siyahısını açıqlayıb. Siyahıda “YouTube”, “TikTok” və “Instagram” platformalarında fəaliyyət göstərən və milyonlarla izləyiciyə sahib olan yaradıcılar yer alıb.

Valyuta.az xəbər verir ki, ümumi gəlir 853 milyon dolları keçib. Bu il siyahıya daxil olan 50 yaradıcı şəxs ümumilikdə 853 milyon dollar gəlir əldə edib. Bu, ötən illə müqayisədə 18% artım deməkdir. Siyahı yalnız reklam gəlirlərini deyil, həmçinin yaradıcıların brendlərlə əməkdaşlıq müqabilində əldə etdiyi payları, məhsul satışlarını və şou gəlirlərini də əhatə edir.

Ən varlı yaradıcı: MrBeast

Siyahıya “YouTube” fenomeni MrBeast (Cimmi Donaldson) liderlik edir. O, 2025-ci ildə 85 milyon dollar qazanıb. Hazırda sosial mediada 634 milyon izləyicisi olan MrBeast “Feastables” adlı şirniyyat brendi və “MrBeast Burger” fast-food şəbəkəsi ilə də fəaliyyətini genişləndirib. Onun “Amazon Prime”da yayımlanan realiti-şousu “Beast Games” iki mövsüm üçün yenilənib.

Siyahının ilk onluğu belədir:

MrBeast – $85 milyon | 634 milyon izləyici

Dhar Mann – $56 milyon | 137 milyon izləyici

Jake Paul – $50 milyon | 79 milyon izləyici

Rhett & Link – $36 milyon | 33,8 milyon izləyici

Alex Cooper – $32 milyon | 15 milyon izləyici

Charli D’Amelio – $23,5 milyon | 216 milyon izləyici

Matt Rife – $50 milyon | 42 milyon izləyici

Mark Rober – $25 milyon | 80 milyon izləyici

Druski – $14 milyon | 25 milyon izləyici

Khaby Lame – $20 milyon | 258,5 milyon izləyici

Yaradıcılar artıq media sahibidirlər

"Forbes" redaktorları bildirirlər ki, bu yaradıcılar sadəcə sosial media ulduzları deyil, artıq özləri media şirkətinə çevriliblər. Məsələn, “Call Her Daddy” podkastının yaradıcısı Alex Cooper bu il SiriusXM ilə 125 milyon dollarlıq müqavilə imzalayıb. Jake Paul isə “Netflix”də canlı yayımlanan boks şousu ilə diqqət çəkib və “HBO”da yeni realiti-serial üçün qardaşı Logan Paul ilə əməkdaşlıq edib.

Fanatlar və investorlar eyni anda gəlir

"Goldman Sachs"ın texnologiya üzrə tədqiqat rəhbəri Erik Şeridan bildirib ki, yaradıcı iqtisadiyyatına investisiya imkanları son illərdə görünməmiş dərəcədə artıb: "Siz bu gün yaradıcı brendlərə, şirkətlərə və onların işini asanlaşdıran texnologiyalara birbaşa investisiyalar görürsünüz."

Sosial media izləyici sayları sürətlə artır

2025-ci ildə bu 50 yaradıcı şəxs birlikdə 3,4 milyard izləyici toplamağı bacarıb. Bu, ötən illə müqayisədə 24% artım deməkdir. Goldman Sachs-ın hesablamalarına görə, dünyada hal-hazırda 67 milyon yaradıcı şəxs var və bu rəqəmin 2030-cu ilə qədər 107 milyona çatacağı proqnozlaşdırılır.

Süni intellekt yaradıcı iqtisadiyyatı dəyişir

"Forbes" qeyd edir ki, AI alətləri yaradıcılar üçün həm kontent istehsalını sürətləndirir, həm də daha keyfiyyətli və hədəflənmiş videolar hazırlamağa imkan verir. Bu isə həm məhsuldarlığı artırır, həm də kontent istehsalında tükənmişlik hissini azaldır.

Onlar sadəcə yaradıcı deyil, sahibkardırlar

Yaradıcıların bir çoxu artıq öz brendini qurub, məhsullarını bazara çıxarıb və investorlarla əməkdaşlığa başlayıb. Forbes yazır ki, bu şəxsləri təsvir edən ən doğru söz sosial media ulduzu deyil, sahibkardır.

Sərvanə Rəmixanova

Seçilən
11
valyuta.az

1Mənbələr