AZ

"Kreml İsrail-İran münaqişəsində vasitəçi olmağa hazırdır" - Peskov

"Putin danışıqlara qoşulmağa çalışır, Rusiya və Türkiyə regionun alova qərq olmasından narahatdır..."
 
İsrailin İrana qarşı hava hücumları və ardınca başlayan qarşılıqlı zərbələr fonunda Rusiya açıq şəkildə bölgədə siyasi vasitəçi rolunu oynamağa hazır olduğunu elan edib.
 
Moderator.az xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov son mətbuat konfransında bəyan edib. Məlumatı "rbc.ru" nəşri yayıb.
 
Peskov bu məsələ ilə bağlı Moskvanın mövqeyini açıqlayıb və Rusiyanın "zərurət yarandıqda" dialoq üçün platforma təklif edə biləcəyini bildirib. Peskovun sözlərinə görə, bu mövzu ilə bağlı prezident Vladimir Putin son günlər ərzində İsrailin baş naziri Benyamin Netanyahudan tutmuş İran prezidenti Məsud Pəzəşkiana və ABŞ prezidenti Donald Trampa qədər bir sıra liderlərlə telefon danışığı aparıb.
 
"Putin istənilən vaxt vasitəçi ola bilər"
 
Kremlin bəyanatında bildirilir ki, prezident Putin ABŞ rəhbəri Donald Trampla əvvəlki danışıqlar zamanı müəyyən təkliflər irəli sürüb və bu təşəbbüslər hələ də "masada" qalır. Tramp özü də bu mövzuda jurnalistlərə verdiyi açıqlamada bildirib ki, Putinlə bu məsələni ətraflı müzakirə edib və onun vasitəçi olmaq istəyini dəstəkləyir. "Putin bu mövzu ilə bağlı mənə zəng etdi. Uzun danışdıq. O, bu məsələdə fəal rol oynamağa hazırdır", - Tramp qeyd edib.
 
Oman vasitəçiliyi pozulub, yeni böhran başlayıb
 
Rusiya rəsmisinin açıqlamasında maraqlı məqam odur ki, İsrailin son hərbi əməliyyatları ABŞ və İran arasında planlaşdırılan növbəti qeyri-rəsmi danışıqlardan cəmi bir neçə gün əvvəl başlayıb. Bu danışıqlarda Oman vasitəçi rolunu oynayacaqdı. Peskov bu vəziyyəti "böhranın köklərinə enmək və onu siyasi yolla həll etmək cəhdinin qarşısının alınması" kimi dəyərləndirib. O, qeyd edib ki, Rusiya İranın nüvə proqramı ətrafında yaranmış gərginliyin diplomatik həllinə tərəfdardır və "vəziyyət son dərəcə təhlükəli səviyyəyə gəlib çatıb".
 
"İsrailin cəzasızlığı ciddi dərs oldu"
 
İsrailin İrana qarşı hücumları beynəlxalq aləmdə birmənalı qarşılanmayıb. Peskov bildirib ki, bəzi ölkələr bu hücumları açıq şəkildə pisləsə də, digərləri ya susub, ya da dolayısı ilə İsrailin hərəkətlərini əsaslandırmağa çalışıb. "Biz bu parçalanmanı müşahidə edirik. Bu, hamı üçün ciddi dərs olmalıdır", - o, vurğulayıb. Peskov həmçinin beynəlxalq ictimaiyyətin İsrailə qarşı sanksiya tətbiq etməməsinə də işarə edib və bununla bağlı Kremlin ciddi narahatlıq keçirdiyini bildirib.
 
"İran cəmiyyətində güclü birləşmə var"
 
İsrailin hava hücumlarının Tehranda rejim dəyişikliyinə səbəb olacağı ilə bağlı Netanyahunun dediklərinə cavab olaraq Peskov bildirib ki, əksinə, İran cəmiyyətində bu günlərdə "əvvəllər görünməmiş konsolidasiya" müşahidə olunur. Onun fikrincə, bombalanmalar əks effekt verib və əhali daha sıx şəkildə dövlət ətrafında birləşib.
 
Putin və Ərdoğan: "Yeni müharibəyə yol vermək olmaz"
 
Eyni gün Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan arasında da telefon danışığı olub. Danışıqlar zamanı iki lider bölgədə baş verən eskalasiyanı, ikitərəfli münasibətləri və regiondakı ümumi vəziyyəti müzakirə edib. Ərdoğanın ofisinin verdiyi məlumata görə, Türkiyə lideri Netanyahunun davranışlarını "beynəlxalq nizam üçün açıq təhlükə" kimi qiymətləndirib və bildirib ki, "bölgədə yeni müharibəyə yol vermək olmaz".
 
Kremlin açıqlamasında isə qeyd olunub ki, iki prezident hərbi əməliyyatların dərhal dayandırılmasının vacibliyini vurğulayıb və İranın nüvə proqramı da daxil olmaqla, bütün mübahisəli məsələlərin ancaq siyasi-diplomatik yollarla həllinə çağırış ediblər. Həmçinin, Moskva və Ankara arasında bu istiqamətdə müvafiq qurumların daha sıx əməkdaşlığı barədə razılıq əldə olunub.
 
İsrail və İran arasında artan gərginlik fonunda Rusiya özünü vasitəçi kimi təqdim edir və artıq həm ABŞ, həm İran, həm də İsrail liderləri ilə əlaqə qurub. Türkiyə isə bölgədə genişmiqyaslı müharibənin qarşısını almağa çağırır. Qərbin reaksiyası isə, Kremlə görə, ciddi ikili standartlar nümayiş etdirir və İsrailin cəzasızlığı dünya üçün "təhlükəli presedent" yaradır.
Seçilən
12
moderator.az

1Mənbələr