AZ

Türkiyəli ekspert: Ermənistanın yeganə xilas yolu Azərbaycan və Türkiyə ilə sülhdür

Azertag portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Ankara, 16 iyun, AZƏRTAC

Uzun müddətdir ki, müxtəlif dövlətlər “erməni kartından” öz mənafeləri üçün istifadə edirlər. Nəticədə indiki Ermənistan yoxsul vəziyyətdədir və əhalisini itirməkdə davam edir. İrəvanı xilas etməyin yeganə yolu davamlı sülh, Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşmasıdır.

Bu fikri Ankaradakı Avrasiya Araşdırmaları Mərkəzində (AVİM) Türkiyə-Ermənistan münasibətlərinin tarixinə həsr olunmuş konfransda Qazi Universitetinin professoru Necla Günay AZƏRTAC-ın müxbirinin sualına cavabında deyib.

Alim vurğulayıb ki, Osmanlı imperiyası tarixində heç vaxt ermənilərə dövlət tərəfindən təzyiq və ya onların hüquqlarının pozulması siyasəti olmayıb. “Bunu həm də etnik ermənilərin yüksək dövlət vəzifələrinə, o cümlədən hökumət səviyyəsində postlara təyin edilməsi sübut edir”, -deyə professor qeyd edib.

O, eyni zamanda, erməni əhalisinin heç vaxt Osmanlı imperiyasına sədaqəti ilə seçilmədiyinə və onlara münasibətdə “millet-i sadıka” (“sadiq millət”) adının çəkilməsinin kökündən yanlış olduğuna diqqət çəkib. N.Günay Osmanlı hökumətinin erməniləri dövlətin başqa bölgələrinə köçürmək qərarını “Türkiyə-Ermənistan münasibətlərindəki böhranın səbəbi deyil, nəticəsi” adlandırıb.

Qazi Universitetinin müəllimi ermənilərin Qarabağ və Naxçıvan da daxil olmaqla Şərqi Anadolu ərazisini və Qafqazın bir hissəsini əhatə edən “Vahid Ermənistan” ideyasını ilk dəfə təbliğ etməyə başladığı XIX əsrin birinci yarısındakı prosesləri xatırladıb. O qeyd edib: “Erməni kilsəsi separatizmi fəal şəkildə dəstəkləyirdi. Eyni zamanda, erməni separatizminin planlarına mane olan amillərdən biri onların Osmanlı imperiyasının heç bir hissəsində əhalinin əksəriyyətini təşkil etməməsi idi”.

Onun sözlərinə görə, Osmanlı imperiyasını zəiflətmək məqsədilə ölkənin əleyhdarları beynəlxalq müqavilələrin mətnlərinə “qeyri-müsəlmanlarla bağlı” maddələrin daxil edilməsi məsələsində israrla “erməni kartı”nı təbliğ ediblər.

“Məsələn, 1829-cu ildə Edirnedə bağlanmış müqavilənin mətnində (Adrianopol müqaviləsi – red.) Rusiya tərəfində vuruşan Osmanlı imperiyasının vətəndaşlarına amnistiya verilməsi haqqında bənd var idi. Əslində, biz Osmanlı dövlətinə xəyanət edən etnik ermənilərdən danışırıq”, – deyən professor onu da əlavə edib ki, “Hnçak” və “Daşnaksutyun” partiyaları da Rusiya imperiyasından gələn ermənilər tərəfindən təsis edilib.

Alim ermənilərin çoxsaylı üsyanlarını xatırladaraq 1895-ci ildə Kahramanmaraşda baş vermiş Zeytun üsyanını misal çəkib və bu qiyam zamanı çoxlu sayda Osmanlı əsgərinin ermənilər tərəfindən öldürüldüyünü diqqətə çatdırıb. Osmanlı dövlətinin süqutu məsələsində imperiyadakı müxalifətin, o cümlədən İttihad və Tərəqqi Partiyasının dəstəyini almaq cəhdlərinin uğursuzluğunu dərk edən ermənilər 1905-ci ildə Sultan II Əbdülhəmidə qarşı uğursuz sui-qəsd təşkil ediblər.

Ekspert 1914-cü il fevralın 8-də Rusiya ilə Osmanlı imperiyası arasında imzalanan və əslində, erməni separatizminə təkan verən Yeniköy müqaviləsini də xatırladıb. O deyib: “Bir çox türk ailələrindən olan kişilərin cəbhəyə getməsindən, evlərində yalnız qocaların, qadınların və uşaqların qalmasından istifadə edən ermənilər Birinci Dünya müharibəsi illərində dinc əhalini kütləvi şəkildə qətlə yetirib, insanları evlərini tərk etməyə məcbur ediblər”.

Türkiyəli ekspert Fransanın Osmanlı imperiyasına, xüsusən də Parisin ermənilərdən öz məqsədləri üçün fəal şəkildə istifadə etdiyi Cənubi Anadoluya qarşı düşmənçilik siyasətindən də danışıb.

"Fransa qüvvələrinin Adana və Türkiyənin digər bölgələrindən məcburi şəkildə çıxarılması zamanı ermənilər də müsəlmanlara qarşı törədilən qanlı cinayətlərə görə Anadoluda yaşaya bilməyəcəklərini yaxşı bildikləri üçün qaçıblar", -deyə N. Günay qeyd edib.

Konfransda, həmçinin N.Günayın “Türkiyə-Ermənistan münasibətləri: dünən, bu gün, sabah” kitabının təqdimatı olub.

Kitabı yazarkən çoxsaylı təxribatlarla qarşılaşan müəllif Türkiyə-Ermənistan münasibətlərinin gərgin olmasının səbəblərinə, o cümlədən 1915-ci il hadisələrinə xüsusi diqqət yetirib. “Məsələn, beynəlxalq tədbirlərin birində ermənilər Fransada qeydə alınmış virus proqramından istifadə edərək mənim kompüterimi sıradan çıxarıblar”, - deyə professor diqqətə çatdırıb.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
11
1
azertag.az

2Mənbələr