AZ

YAP Şuşada beynəlxalq konfrans keçirdi - FOTOLAR

İyunun 15-də - Milli Qurtuluş Günündə Yeni Azərbaycan Partiyasının (YAP) təşkilatçılığı ilə Şuşa şəhərində “Yeni dünya nizamı: geosiyasi aspektlər və qlobal çağırışlar” mövzusunda beynəlxalq konfrans keçirilib.

"Unikal" xəbər verir ki, əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin, tədbirdə iştirak edən dost ölkələrin müstəqilliyi və suverenliyi uğrunda canlarını qurban vermiş vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbirdə Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin konfrans iştirakçılarına müraciətini səsləndirib.

Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov çıxış edərək qonaqları Qarabağın tacı, Azərbaycanın mədəniyyət paytaxtı qədim Şuşa şəhərində salamlamaqdan məmnunluğunu ifadə edib. O bildirib ki, Milli Qurtuluş Günü Azərbaycanın müasir tarixinin ən parlaq səhifələrindən biridir.

Xüsusi nümayəndə azad olunmuş ərazilərdə görülən işlərdən bəhs edərək mənfur qonşularımız tərəfindən ata-baba yurdlarından qovulmuş insanların öz doğma evlərinə Böyük Qayıdışının davam etdiyini söyləyib. A.Kərimov qeyd edib ki, bugünədək Şuşada 20-dən çox tarixi abidə, o cümlədən 5 məscid bərpa olunub: “Yeni məktəbimizdə 200-ə yaxın şagird təhsil alır. Müasir tələblərə cavab verən müalicə və sağlamlıq mərkəzi açılıb. Şəhərimizdə turizmin inkişafı baxımından böyük əhəmiyyətə malik olan yeni otellər, muzeylər, istirahət məkanları açılmaqdadır. Təkcə bu ayın ilk 10 günündə şəhərimizi ziyarət edənlərin sayı 25 mini keçib. Ən önəmli layihələrimiz isə, sözsüz ki, şuşalılar üçün yeni yaşayış evlərinin tikilməsidir. Artıq 1409 nəfər keçmiş məcburi köçkün şuşalı 23 binadan ibarət ilk yaşayış kompleksində daimi məskunlaşıb. Növbəti aylarda isə şəhərimizdə ümumilikdə 45 ədəd çoxmənzilli binadan ibarət daha üç yeni yaşayış kompleksinin tikintisinə başlanılacaq”.

Aydın Kərimov deyib ki, son illərdə Şuşa şəhəri bir çox beynəlxalq tədbirlərə, o cümlədən yüksək səviyyəli zirvə görüşlərinə ev sahibliyi edib: “Bu, bizim üçün qürürvericidir. Yeni Azərbaycan Partiyasının təşəbbüsü və təşkilatçılığı ilə artıq 4-cü ildir ki, Şuşa şəhərində mühüm beynəlxalq konfranslar keçirilir”.

Sonra Yeni Azərbaycan Partiyasının media qurumu olan Yeni TV-nin hazırladığı videoçarx nümayiş olunub.

Daha sonra beynəlxalq konfrans sessiyalarla öz işini davam etdirib.

Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramil Həsənin moderatorluğu ilə keçirilən plenar sessiyada çıxış edən Yeni Azərbaycan Partiyası Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov konfrans iştirakçılarını ölkəmizdə - Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin qətiyyətli siyasəti, xalqımızın sarsılmaz həmrəyliyi, Azərbaycan Ordusunun qüdrəti sayəsində 30 illik işğaldan azad edilmiş Şuşa şəhərində salamlamaqdan məmnunluğunu ifadə edib, dəvəti qəbul edərək tədbirə qatıldıqları üçün təşəkkürünü bildirib və konfransın işinə uğurlar arzulayıb.

“Bu gün biz Azərbaycan xalqı və dövləti üçün olduqca əlamətdar bir tarixdə bir araya gəlmişik. 32 il əvvəl – 1993-cü il iyunun 15-də son dərəcə mürəkkəb bir şəraitdə - Azərbaycan Respublikası yenicə bərpa etdiyi dövlət müstəqilliyini itirmək təhlükəsi ilə qarşı-qarşıya olarkən müdrik dövlət xadimi Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçilmiş və həmin gün tariximizə Milli Qurtuluş Günü kimi yazılmışdır”, - deyən Tahir Budaqov əlavə edib ki, həmin ilin oktyabrın 3-də xalqın böyük etimadı əsasında Azərbaycan Respublikasının Prezidenti seçilən Heydər Əliyev xilaskarlıq və quruculuq missiyasını həyata keçirməklə Azərbaycanda sabitlik və inkişafı təmin etmiş, təcrid vəziyyətində olan ölkəmizi beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaşa çevirmiş və bugünkü möhtəşəm qələbələrin – tərəqqi və Zəfər yolunun əsaslarını formalaşdırmışdır.

YAP Sədrinin müavini 2021-ci ilin məhz 15 iyun tarixində “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi”nin imzalandığını, bu gün həmin əlamətdar hadisənin dördüncü ildönümünün də qeyd edildiyini vurğulayıb: “Bu, təkcə iki dost və qardaş ölkə arasında əlaqələrin strateji tərəfdaşlıqdan müttəfiqlik zirvəsinə yüksəlməsi ilə səciyyəvi deyil, həmçinin hazırkı təhdidlər və çağırışlar fonunda yeni dünya nizamının formalaşmaqda olduğu bir tarixi mərhələdə Cənubi Qafqaz regionunda və daha geniş coğrafiyada davamlı sabitlik, etibarlı təhlükəsizlik və çoxşaxəli əməkdaşlıq üçün əlverişli zəminin yaradılması istiqamətində atılmış əhəmiyyətli bir addımdır”.

Tahir Budaqov bildirib ki, müstəqil Azərbaycanın ilk milli Konstitusiyasının qəbul edilməsinin 30-cu və Vətən müharibəsində əldə olunmuş qələbənin 5-ci ildönümünü qeyd etdiyimiz 2025-ci il Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan edilmiş və təsdiq olunmuş Tədbirlər Planına əsasən il ərzində çoxsaylı yerli və beynəlxalq əhəmiyyətli tədbirlərin keçirilməsi nəzərdə tutulmuşdur: “Azərbaycanın aparıcı siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyası tərəfindən də bu münasibətlə silsilə tədbirlər keçirilməkdədir. "Konstitusiya və Suverenlik İli" çərçivəsində Milli Qurtuluş Günündə keçirilən bugünkü konfransımız olduqca aktual bir məsələyə həsr olunmuşdur. Hər birimizə məlumdur ki, müasir dövrdə beynəlxalq münasibətlər sistemində olduqca gərgin proseslər və ciddi geostrateji dəyişikliklər baş verməkdədir. Qlobal kataklizmlərin meydana gətirdiyi təhdid və çağırışlar fonunda yeni dünya nizamına transformasiya məsələsi beynəlxalq müstəvidə ciddi müzakirə predmetinə çevrilmişdir”.

YAP Mərkəzi Aparatının rəhbəri vurğulayıb ki, Azərbaycan yeni geosiyasi nizamın tərəfdarı kimi beynəlxalq təhlükəsizliyə ciddi təhdidlər yaradan hallara qarşı qətiyyətli mübarizə apararaq müstəqil və konstruktiv siyasət həyata keçirməklə qlobal miqyasda dialoq və əməkdaşlığı təşviq edir: “2020-ci ildə 44 günlük Vətən müharibəsində qələbə qazanaraq öz ərazi bütövlüyünü, 2023-cü ildə bir günlük antiterror əməliyyatı nəticəsində isə tam suverenliyini bərpa edən Azərbaycan regionda ədalətli geosiyasi nizamın - yeni təhlükəsizlik və əməkdaşlıq mühitinin formalaşması, sülh naminə etimad quruculuğunun həyata keçirilməsi istiqamətində fəal siyasət yürüdür. Ölkəmizin strateji kursu beynəlxalq hüquq normalarına riayət olunması, dövlətlərin suverenliyi və ərazi bütövlüyünə hörmət edilməsi, daxili işlərinə müdaxilə  olunmaması və qarşılıqlı surətdə milli maraqların nəzərə alınması kimi prinsiplərə əsaslanır. BMT Təhlükəsizlik Şurasının uzun illər kağız üzərində qalmış qətnamələrinin icrasını öz gücü hesabına təmin edərək çoxillik münaqişəyə son qoymaqla müstəsna beynəlxalq siyasi-hüquqi presedent yaradan Azərbaycan bütün dünyada sülhün, ədalətin, bərabərliyin müdafiəçisi kimi mövqeyini aydın şəkildə ortaya qoyur”.

Tahir Budaqov söyləyib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən praqmatik xarici siyasət kursu yalnız Cənubi Qafqaz bölgəsində deyil, daha geniş coğrafiyada qarşılıqlı maraqlara uyğun tərəfdaşlıq əlaqələrinin inkişafına və ortaq strateji hədəflərin reallaşmasına xidmət edir: “Bu, Azərbaycanın dünya ölkələri ilə ikitərəfli və çoxtərəfli formatda münasibətlərinin inkişafını təmin etməklə yanaşı, beynəlxalq təşkilatlarla əlaqələrin möhkəmlənməsini də şərtləndirir. Ölkəmizin Qoşulmama Hərəkatına sədrliyi dövründə əldə etdiyi nailiyyətlər, BMT, Türk Dövlətləri Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı və digər təsisatlarda səmərəli fəaliyyəti, 2024-cü ilin noyabr ayında COP29-a uğurla ev sahibliyi etməsi və bunun nəticəsi olaraq iqlim dəyişikliyinin fəsadlarına qarşı mübarizəyə dair qlobal əhəmiyyətli qərarların qəbulu ölkəmizin beynəlxalq müstəvidə ədalətli və etibarlı tərəfdaş kimi önəmini qabarıq şəkildə bir daha təsdiq etmişdir”.

YAP Sədrinin müavini qeyd edib ki, beynəlxalq münasibətlər sistemində baş verən dəyişiklikləri və yeni dünya nizamının formalaşmasının labüdlüyünü nəzərə alan Prezident İlham Əliyev BMT Təhlükəsizlik Şurasının tərkibinin genişləndirilməsi - İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatının hər birinə daimi üzv kimi yerin verilməsi təklifini irəli sürmüşdür: “Bununla yanaşı, milli maraqlara hörmət və ədalət prinsiplərinə əsaslanan yeni çoxtərəfli əməkdaşlıq mühitinin yaradılması məqsədilə Azərbaycan Qlobal Cənub ilə Qlobal Şimal arasında dialoq və konstruktiv əməkdaşlıq mühitinin təmin olunmasının tərəfdarı kimi bu prosesdə fəal rol oynamaq niyyətini nümayiş etdirir. Ölkəmiz dayanıqlı sülh, təhlükəsizlik və tərəfdaşlıq naminə hərbi-siyasi təhdidlərin qarşısının alınması, iqtisadi, ekoloji, humanitar və digər sahələrdə təhlükəsizliyin təmin olunması istiqamətində mühüm təşəbbüslərlə çıxış edir. Eyni zamanda, Azərbaycanın İqtisadi Əməkdaşlıq Təşkilatı – D8-ə üzv olması, Şanxay Əməkdaşlıq Təşkilatı, BRICS kimi nüfuzlu platformalarda tərəfdaş ölkə kimi işbirliyini diqqət mərkəzində saxlaması, eləcə də neokolonializmin bütün təzahürlərinin aradan qaldırılması istiqamətindəki fəaliyyəti olduqca mühüm əhəmiyyətə malikdir. Bir sözlə, həm yerləşdiyi Cənubi Qafqazın, həm də bütövlükdə Avrasiyanın uzunmüddətli və səmərəli əməkdaşlıq məkanına çevrilməsində maraqlı olduğunu nümayiş etdirən Azərbaycan multilateralizm prinsipinə əsaslanan yeni dünya düzəninə transformasiya prosesinə töhfələrini verməkdədir”.

Tahir Budaqov bildirib ki, dünyada fərqli geosiyasi mənzərənin – yeni beynəlxalq nizamın yaranmaqda olduğu hazırkı şəraitdə müştərək hədəflər əsasında qarşılıqlı faydalı fəaliyyətin davam etdirilməsi, ölkələrimiz arasında tərəfdaşlığın gücləndirilməsi müstəsna önəm daşıyır: “Biz yeni reallıqlar fonunda həmrəylik nümayiş etdirərək dünyada bərabərsizlik, təcridetmə və haqsız rəqabət kimi problemlərin əhəmiyyətli dərəcədə həllinə nail olmaqla bəşəriyyətin sağlam və xoşbəxt gələcəyi üçün etibarlı zəmin formalaşdıra bilərik. Ona görə də hakim siyasi partiyalar arasında əlaqələrin genişləndirilməsi və əməkdaşlığın dərinləşdirilməsi son dərəcə önəmlidir. Konfransımızın panel sessiyalarından biri “Ədalət naminə həmrəylik: siyasi partiyaların rolu” mövzusuna həsr olunacaq və bu məsələlər ətrafında fikir mübadiləsi aparılacaqdır. Amma qısaca qeyd etmək istəyirəm ki, yeni reallıqlardan irəli gələn çağırış və hədəfləri əsas götürərək beynəlxalq əlaqələrini uğurla davam etdirən Yeni Azərbaycan Partiyası dost ölkələrin aparıcı siyasi partiyaları ilə münasibətlərin inkişafına xüsusi önəm verir. Dövlət başçısı, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin uzaqgörən xarici siyasət kursu əsasında məqsədyönlü partiya diplomatiyasının həyata keçirilməsi - partiyalar arasında intensiv təmasların müvəffəqiyyətlə davam etdirilməsi, səmərəli fikir və təcrübə mübadiləsinin aparılması ölkələrarası münasibətlərin möhkəmləndirilməsi baxımından olduqca əhəmiyyətlidir. Partiyalarımız arasındakı sıx təmaslar təkcə ikitərəfli əlaqələrin inkişafını əhatə etmir, həm də yeni dünya nizamına keçid şəraitində çoxşaxəli əməkdaşlığa hədəflənmişdir. Bugünkü konfransımızın da beynəlxalq münasibətlərin bərabərlik, açıqlıq və əməkdaşlıq prinsipləri əsasında qurulması yönündə təşəbbüslərə töhfə verəcəyinə və faydalı nəticələrlə yadda qalacağına inamımı ifadə edərək hər birinizə fəaliyyətinizdə uğurlar arzulayır və diqqətinizə görə təşəkkürümü bildirirəm”.

Türkiyənin Ədalət və İnkişaf Partiyası (AK Parti) Sədrinin birinci müavini, Türkiyə Böyük Millət Məclisinin üzvü Efkan Ala çıxışında Azərbaycan ilə Türkiyə arasında münasibətlərin dostluğa, qardaşlığa və strateji müttəfiqliyə əsaslandığını qeyd edib. O, 2021-ci ilin iyunun 15-də imzalanmış Şuşa Bəyannaməsini iki qardaş ölkənin münasibətlərində tarixi bir mərhələ adlandırıb. Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanan Bəyənnamənin dördüncü ildönümünün sevincini və qürurunu yaşadığını bildirən E.Ala Şuşanın xüsusi bir rəmzi məna – böyük mənəvi önəm daşıdığını deyib: "Ümummilli Lider Heydər Əliyevin əziz bir şəhər, əziz bir torpaq, əziz bir qala və əziz bir abidə adlandırdığı Şuşa malik olduğu dini, tarixi və mədəni abidələri ilə yanaşı, yetirdiyi görkəmli sənət və fikir adamları ilə də Türk dünyasının qəlbində taxt qurub. Bu gün burada bir tarixin, bir mədəniyyətin və bir xalqın ruhunda görüşürük. Mədəni irsi, sənəti, musiqisi, memarlığı və ruhu ilə Şuşa bir mədəniyyətin daşıyıcısıdır. Bu torpaqların azad olunması yalnız hərbi qələbə deyil,  eyni zamanda, hüququn, ədalətin və beynəlxalq legitimliyin təcəssümüdür. Böyük Zəfər uğrunda canlarını fəda edən bütün şəhidlərimizi rəhmətlə yad edir, əziz xatirələrinə dərin hörmət və ehtiramımı bildirirəm".

E.Ala bildirib ki, Şuşa 30 ilə yaxın bir müddətdə işğal altında qalan zaman ağır faciələrlə üzləşib, işğalçılar Şuşa mədəniyyətini məhv etməyə çalışıblar. "Ümummilli Lider Heydər Əliyevin ən böyük arzusu olan Qarabağın azadlığı reallaşdı, Prezident İlham Əliyevin Ali Baş Komandanlığı altında torpaqlar işğaldan azad olundu", - deyən AK Parti Sədrinin birinci müavini iki qardaş ölkənin – Türkiyə ilə Azərbaycanın əlaqələndirilmiş xarici siyasət kursunun regional və qlobal təhlükəsizliyə töhfə verdiyini bildirib. Onun sözlərinə görə, Cənubi Qafqazda davamlı sülh və sabitliyin təmin olunması Türkiyənin xarici siyasətində vacib prioritetlərdən biridir. Efkan Ala qeyd edib ki, Azərbaycanın tam suverenliyini bərpa etməsi ilə birlikdə bölgədə davamlı sülh və sabitlik üçün tarixi bir fürsət yaranıb: "Bir zamanlar Qarabağın inzibati və siyasi mərkəzi kimi tanınan Şuşanın yenidən mühüm beynəlxalq toplantı və konfranslara ev sahibliyi etməsi bölgənin gələcəyinə güclü bir ümid işığı salmaqdadır. 44 günlük Vətən müharibəsində qələbə qazanan Azərbaycan yalnız bir Zəfərin sahibi deyil, eyni zamanda, regionda sülhün və dayanıqlı inkişafın baş memarıdır. Bölgədə qalıcı sülhün təmin olunması isə iqtisadi inkişaf prosesini də sürətləndirəcək".

Cənubi Qafqazda dayanıqlı sülhün, iqtisadi inteqrasiyanın və qarşılıqlı etimadın formalaşması üçün mühüm zəminin formalaşdığını bildirən E.Ala qeyd edib ki, regional problemləri məhz bölgə ölkələri həll edə bilərlər. Onun sözlərinə görə, Cənubi Qafqaz ölkələri öz məsələlərini uzaq coğrafiyalardakı güclərin müdaxiləsinə ehtiyac duymadan öz qonşuları ilə əməkdaşlıq yolu ilə həll etməyə qadirdir və bu iradəyə sahibdir.

AK Parti Sədrinin birinci müavini qeyd edib ki, qlobal sistemin ədalətli bir formaya salınması Türkiyənin xarici siyasətinin də öncəliklərindəndir: “Hazırda dünyada olduqca çətin bir dövr yaşanır - qlobal idarəetmə sistemi zəifləyib, çoxtərəfli əməkdaşlıq anlayışı öz dəyərini itirib, beynəlxalq münaqişələr daha da dərinləşib, qeyri-müəyyənlik artıb. Beynəlxalq təşkilatlar sülh, təhlükəsizlik və rifah yaratmaq sahəsində effektiv fəaliyyət göstərə bilmir və bu, artıq sistematik problemə çevrilib. Qlobal miqyasda artan gərginliklər regional problemləri daha mürəkkəb hala gətirib. Bunun həlli üçün səfərbər olmaq gərəkdir".

Türkmənistan Demokratik Partiyasının Sədri Ata Sərdarov çıxışında təmsil etdiyi ölkənin Azərbaycanın siyasi, iqtisadi və mədəni-humanitar sahələrdə sürətli inkişafını, beynəlxalq arenada nüfuzunun və təsirinin artmasını, aktual qlobal məsələlərin həllində fəal rolunu xüsusi maraqla izlədiyini deyib. O, bu marağın, hər şeydən əvvəl, Türkmənistan və Azərbaycan xalqlarının ortaq köklərindən qaynaqlandığını bildirib: "Biz bir ağacın budaqları kimiyik və bizi birləşdirən, doğmalaşdıran çox sayda amillər mövcuddur. Tariximiz, münasibətlərimiz və taleyimiz qədim Xəzər dənizi ilə də bağlıdır. Ölkələrimiz məhz Xəzər dənizi vasitəsilə ticari-iqtisadi əlaqələrini qurur. Eyni zamanda, Türkmənistan və Azərbaycan ərazilərindən Avropa ilə Asiya arasında ən əlverişli ticarət marşrutları keçir".

A.Sərdarov bildirib ki, müstəqil Türkmənistan inkişaf yolunda böyük nailiyyətlər əldə edib. "Türkmənistan dövləti sülhpərvər, qlobal səviyyədə etimada əsaslanan siyasəti təşviq edən ölkə kimi Birləşmiş Millətlər Təşkilatı çərçivəsində nüfuzunu xeyli artırıb. Türkmənistanın daimi neytrallıq statusu BMT-nin 1995, 2015 və 2025-ci illərdə qəbul etdiyi xüsusi qətnamələrlə tanınıb. Həmçinin ölkəmizin təşəbbüsü ilə BMT tərəfindən 12 dekabr “Beynəlxalq Neytrallıq Günü” elan olunub", - deyən Türkmənistan Demokratik Partiyasının Sədri onu da vurğulayıb ki, qlobal inkişaf məsələlərində əsas çağırışlar sülhün qorunması və xalqların rifahının təmin edilməsidir. Onun sözlərinə görə, bu sahədə Türkmənistan beynəlxalq qurumlarla, ilk növbədə Birləşmiş Millətlər Təşkilatı ilə əməkdaşlıq çərçivəsində mühüm irəliləyişlərə nail olub: "Türkmənistan ümumi daxili məhsulun illik 6 faizdən çox artımını təmin edərək böyük milli və beynəlxalq layihələrin icrasında, eləcə də zamanın tələblərinə uyğun sosial sahənin inkişafında uğur qazanan ölkələr sırasındadır. Hazırda Türkmənistanda genişmiqyaslı inkişaf proqramları uğurla icra olunur. Bu proqramların əsasını “Dövlət insan üçündür!” prinsipi və “Vətən yalnız xalqla vətəndir! Dövlət yalnız xalqla dövlətdir!” şüarı təşkil edir".

O, Türkmənistan ilə Azərbaycan arasında mövcud olan dostluq və qardaşlıq münasibətlərinin bundan sonra da uğurla inkişaf edərək daha da möhkəmlənəcəyinə əminliyini bildirib.

Çıxış edən Şimali Kipr Türk Cümhuriyyətinin Ulusal Birlik Partiyasının sədri, Baş nazir Ünal Üstel tədbir iştirakçılarını salamlayaraq konfransa ev sahibliyi edən Şuşa şəhərini mübarizə simvolu adlandırıb. O bildirib ki, Şuşa bir millətin yenidən ayağa qalxmasının nümunəsidir: "Şuşa böyük bir Zəfərin adıdır. Şuşanın Zəfərini bir daha təbrik edirik. Şimali Kipr Türk Cümhuriyyəti olaraq can Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik edirik. Bildirmək istəyirəm ki, Qarabağ Zəfərində Azərbaycan xalqının yaşadığı o böyük qüruru biz də öz qəlbimizdə hiss etdik. Çünki bu Zəfər bütün Türk dünyasınındır".

Ünal Üstel vurğulayıb ki, müasir dövrdə Türk dünyası tək ürək-tək biləkdir: "Bunu bütün dünyaya göstəririk. Biz təkcə bir millətin nümayəndələri deyilik, eyni zamanda, böyük bir sivilizasiyanın da daşıyıcılarıyıq. 2022-ci ildə Şimali Kipr Türk Cümhuriyyəti Türk Dövlətləri Təşkilatına müşahidəçi üzv seçildi. Bu hadisə bizim böyük ailənin önəmli tərkib hissəsi olduğumuzu bir daha nümayiş etdirdi. Bu gün Şuşadan bir daha bəyan edirik ki, Şimali Kipr Türk Cümhuriyyəti Türk dünyasının ayrılmaz bir parçasıdır".

Ü.Üstel qeyd edib ki, müasir dünyada milli suverenlik anlayışı sərhədləri mühafizə etməklə məhdudlaşmır, paralel olaraq millətin kimliyini, dəyərlərini və iradəsini qorumaqla tamamlanır. "Türk dövlətləri olaraq biz bunu bacardıq. Biz həm suverenliyimizi, həm də milli kimliyimizi, iradəmizi qoruduq. Şuşada  keçirilən konfransın “Yeni dünya nizamı: geosiyasi aspektlər və qlobal çağırışlar” mövzusuna həsr olunması həm nəzəri, həm də praktik baxımdan böyük əhəmiyyət daşıyır. Bu mövzu bizə bir daha göstərir ki, qarşılaşdığımız təhdidlər çoxşaxəlidir və əməkdaşlıq modellərimiz güclü olmalıdır", - deyə o vurğulayıb.

Türk Dövlətləri Təşkilatı ilə hər sahədə inteqrasiyanı artırmaq istədiklərini deyən Ünal Üstel münasibətlərin inkişafı üçün belə görüşlərin keçirilməsinin əhəmiyyətli olduğunu deyib: “Buna görə Yeni Azərbaycan Partiyasına xüsusi təşəkkür edirik. Partiyanın tarixi tədbirə ev sahibliyi etməsi onun aydın siyasi baxışının təzahürüdür”.

Plenar sessiyanın sonunda moderator Ramil Həsən yeni dünya nizamının qlobal çağırışlarla zəngin olduğunu vurğulayıb. O qeyd edib ki, dünyada baş verən mürəkkəb proseslər dövlətlərin fəal əməkdaşlığını zəruri edir. R.Həsən konfransda aparılan müzakirələrin bu baxımdan böyük əhəmiyyət daşıdığını bildirib.

Türkiyənin Ədalət və İnkişaf Partiyası Sədrinin xarici əlaqələr üzrə müavini, Türkiyə Böyük Millət Məclisinin üzvü Zafer Sırakayanın moderatorluğu ilə “Milli suverenlik, regional əməkdaşlıq və qlobal təhlükəsizlik: yeni çağın siyasi paradiqmaları” mövzusunda keçirilən panel sessiyasında çıxış edən Yeni Azərbaycan Partiyası Sədrinin müavini, Azərbaycan Respublikası Milli Məclisi sədrinin birinci müavini Əli Əhmədov bildirib ki, Yeni Azərbaycan Partiyasının təşkil etdiyi konfrans son dərəcə əlamətdar bir gündə və məkanda keçirilir. Onun sözlərinə görə, xalqımız Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışının – Milli Qurtuluş Gününün növbəti ildönümünü böyük hörmət və ehtiramla qeyd edir: “Əgər biz müasir Azərbaycanın həyatının ən başlıca siyasi simvollarının nədən ibarət olduğu haqqında sual versək, iki başlıca amili qeyd edə bilərik. Birincisi Heydər Əliyevin yaratdığı qüdrətli Azərbaycan - müstəqil Azərbaycan dövləti və dövlətçiliyidir. İkincisi isə bu dövlətin Prezident İlham Əliyevin rəhbərliyi altında qazandığı əzəmətli Qələbədir. Bu Qələbənin nəticəsi olaraq bu gün biz Şuşa şəhərində bu gözəl tədbiri keçirə bilirik. Beləliklə, Qurtuluş məfkurəsi yaşayır, Heydər Əliyev siyasəti yaşayır, Heydər Əliyev siyasəti Prezident İlham Əliyevin həyata keçirdiyi doktrinada özünün ətraflı ifadəsini tapır, Azərbaycana yeni uğurlar və qələbələr gətirir. Dünən də belə olub, bu gün də belədir, gələcəkdə də belə olacaq”.

YAP Sədrinin müavini qeyd edib ki, bu gün dünyada ciddi dəyişikliklər baş verir. Onun fikrincə, texnoloji, siyasi və hərbi transformasiyalar dünya tarixinin yeni bir mərhələsinin başladığından xəbər verir: “Bu yeni mərhələ isə ayrı-ayrı ölkələrə, onların həyata keçirdiyi siyasətə bu və ya digər dərəcədə təsir göstərir. Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən siyasətdə bəşəriyyətin üzləşdiyi təhdidlər, çağırışlar nəzərə alınıb və bununla əlaqədar olaraq lazımi tədbirlər görülüb və bundan sonra da görüləcək. Hazırda Azərbaycanın xarici siyasətinin üç əsas istiqamətini vurğulaya bilərik. Birincisi işğal faktının aradan qaldırılmasından sonra sülh gündəliyinin xarici siyasətdə mərkəzi məsələyə çevrilməsidir. İnanıram ki, sülh müqaviləsinin imzalanması yeni bir mərhələnin əsasının qoyulması üçün ciddi vəsilə olacaq. İkinci istiqamət əməkdaşlıq və təhlükəsizlik xəttidir ki, bunun da başlıca hədəfi bütün ölkələrlə, o cümlədən bölgə dövlətləri ilə milli maraqlara uyğun hərtərəfli və etibarlı əməkdaşlığın həyata keçirilməsidir. Ölkəmizin bu istiqamətdə həyata keçirdiyi siyasətin başlıca hədəfi əməkdaşlığın etibarlı zəmin üzərində qurulmasını təmin edə biləcək kommunikasiya strategiyasının reallaşdırılması, Zəngəzur dəhlizinin açılması ilə əlaqədardır. Üçüncü istiqamət isə bütövlükdə bəşəriyyətin üzləşdiyi təhdidlər və çağırışlara milli immunitetin formalaşdırılması ilə əlaqədardır”, - deyə Əli Əhmədov qeyd edib.

YAP Sədrinin müavini bildirib ki, İkinci Dünya savaşından sonra yaranan beynəlxalq təhlükəsizlik sistemi nəinki ciddi böhran içərisinə düşüb, hətta tamamilə çöküb desək, daha düzgün olar: “Dünyada baş verən qarşıdurmaların - qırğınların, kütləvi insan ölümlərinin qarşısının alınmasında Birləşmiş Millətlər Təşkilatı artıq önəmli rol oynaya bilmir, proseslərə real təsir göstərə bilmir. Ona görə də yeni dünya nizamının meydana gəlməsi çox ciddi bir reallıqdır. Yeni beynəlxalq təhlükəsizlik sisteminin yaranması bəşəriyyətin yaşamasının ən vacib şərti kimi qarşıda dayanır”.

Milli Məclis sədrinin birinci müavini deyib ki, Azərbaycanın, qardaş Türkiyənin və digər dost dövlətlərin yeni yaranacaq dünya nizamında yaxından iştirakı milli maraqlarımızın ən yüksək səviyyədə həyata keçirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir: “Gündən-günə güclənən, qüdrətlənən Türkiyə, Azərbaycan və digər türk dövlətləri, eləcə də Azərbaycanla dost olan ölkələr dünyanın yeni nizamının və yeni təhlükəsizlik sisteminin yaranmasında yaxından iştirak edən aktorlar ola biləcəklər. Yalnız bunun sayəsində gələcək dünya nizamında, beynəlxalq təhlükəsizlik sistemində hər bir dövlətin, o cümlədən Azərbaycanın, Türkiyənin, bizə yaxın olan digər dövlətlərin maraqlarının nəzərə alınmasını təmin etmək mümkün olacaq. Bugünkü toplantımız da bu məsələlər ətrafında daha geniş fikir mübadiləsi aparmaq baxımından çox önəmlidir. Siyasi partiyalar olaraq bu prosesin geniş ictimaiyyət arasında müzakirə edilməsi və daha əlverişli mexanizmlərin işlənib hazırlanması üçün təkliflərin verilməsi müəyyən imkanlar yaradır”.

Qazaxıstanın “AMANAT” Partiyasının İcra katibi Daulet Kəribek çıxışında Azərbaycanın mədəniyyət paytaxtı, Qarabağın ürəyi, tarixi ədalətin bərpasının simvolu olan Şuşada yenidən görüşməkdən məmnunluq duyduğunu söyləyib. O qeyd edib ki, Şuşa artıq nüfuzlu beynəlxalq konfransların keçirildiyi məkana çevrilib: “Bu, Şuşanın dialoq, həmrəylik və əməkdaşlıq platforması kimi artan rolunun bariz göstəricisidir. Konfransın Azərbaycan xalqı üçün müstəsna tarixi əhəmiyyətə malik Milli Qurtuluş Günündə keçirilməsi də rəmzi xarakter daşıyır. Məhz 32 il əvvəl Heydər Əliyev Azərbaycan xalqını və dövlətçiliyini parçalanmaqdan xilas edib, ictimai-siyasi sabitliyi bərpa edib. Onun müdrik rəhbərliyi altında ölkədə dərin siyasi və sosial-iqtisadi islahatlar həyata keçirildi. Azərbaycan böyük irəliləyişə nail oldu və dünya birliyinin nüfuzlu üzvünə çevrildi. Heydər Əliyevin həyatı xalqa fədakar xidmət nümunəsidir”.

“AMANAT” Partiyasının İcra katibi Azərbaycanın davamlı inkişafa malik olduğunu və beynəlxalq nüfuzunun artdığını vurğulayıb. O, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində Azərbaycanın  tam suverenliyinin bərpa olunmasını bütövlükdə Cənubi Qafqaz üçün yeni dönəmin başlanğıcı kimi səciyyələndirib.

"Panel sessiyamızın mövzusuna diqqət yetirsək, əsas məqam yeni dövr anlayışıdır. Doğrudan da, bir neçə il əvvəl az ehtimal edilən bir çox məqamlar bu gün artıq reallıq olaraq gündəmdədir. Təəssüf ki, yeni dövr sakit şəkildə keçmir. Ekspertlərin fikrincə, 2024-cü il İkinci Dünya müharibəsindən sonra ən çox münaqişə yaşanan il olub, dünyada silahlı qarşıdurmaların sayı artıb” , - deyə o söyləyib.

D.Kəribek bildirib ki, bəşəriyyət artan iqlim çağırışları ilə də üz-üzədir: "Ötən il çoxsaylı təbii fəlakətlər – daşqınlar, qasırğalar, yanğınlar baş verib. Təsadüfi deyil ki, ötən ilin noyabrında Bakıda keçirilən COP29 sammitində çıxış edən BMT Baş katibi Antonio Quterreş iqlim dəyişikliyi ilə mübarizədə təxirəsalınmaz addımlar atmağa çağırış etdi”.

Bu gün siyasi partiyaların əhəmiyyətinin və rolunun daha da artdığına diqqət çəkən “AMANAT” Partiyasının İcra katibi partiyalararası dialoq vasitəsilə ölkələr arasında qarşılıqlı anlaşma və əməkdaşlığın möhkəmləndiyini deyib. "Parlament çoxluğunu təmsil edən partiya kimi “AMANAT” partiyalararası tərəfdaşlığı fəal şəkildə inkişaf etdirir. Bunu intensiv təmaslar, qarşılıqlı səfərlər və əməkdaşlıq üzrə hüquqi bazanın təkmilləşdirilməsi də təsdiqləyir. Ötən il “AMANAT” və Yeni Azərbaycan Partiyası arasında imzalanmış Memorandum partiyalararası qarşılıqlı fəaliyyətin möhkəmlənməsinin parlaq nümunəsidir", - deyən D.Kəribek əlaqələrin möhkəmləndirilməsinin regionun inkişafı və təhlükəsizliyi məsələlərində ortaq yanaşmaların formalaşmasına töhfə verdiyini bildirib.

Sahibkarlar və İş Adamları Hərəkatı – Özbəkistan Liberal Demokratik Partiyasının Siyasi Şurası İcra Komitəsinin Sədri, Özbəkistan Respublikası Ali Məclisi Qanunvericilik Palatasındakı UzLiDeP fraksiyasının sədri Aktam Xaitov çıxışında  Azərbaycanda olduğu günlərdə  ölkədə, xüsusilə də Qarabağda çox böyük quruculuq işlərinin aparıldığına şahid olduğunu deyib. Səfər zamanı bir çox ölkələrdən olan həmkarları ilə yaxın təmas qurmaq imkanı əldə etdiklərini söyləyən A.Xaitov konfransın Azərbaycanın ayrılmaz hissəsi olan Qarabağda, Şuşada keçirilməsinin mühüm əhəmiyyət daşıdığını bildirib. O, tarixi ədalətin bərpasından sonra Prezident İlham Əliyevin rəhbərliyi ilə Qarabağda  genişmiqyaslı bərpa-quruculuq işlərinin aparılmasının əhəmiyyətinə diqqəti cəlb edib: "Özbəkistan daim Azərbaycanı bu istiqamətdəki səylərində dəstəkləyib və dəstəkləməyə davam edəcək. Son illər ərzində ölkələrimiz arasında ikitərəfli münasibətlər yeni yüksəliş mərhələsinə qədəm qoyub.  İqtisadi və siyasi əlaqələrlə yanaşı, mədəni-humanitar əlaqələrimiz də yüksək səviyyəyə çatıb. Bu uğurlar, hər şeydən əvvəl, iki ölkənin liderləri – Prezident İlham Əliyev və Prezident Şavkat Mirziyoyev arasındakı dostluğun və yaxın münasibətlərin nəticəsidir. Əminik ki, dövlətlərimiz arasındakı bu münasibətlər daha da inkişaf edəcək".

Konfransın çox mühüm mövzuya həsr olunduğunu deyən  A.Xaitov belə tədbirlərin aktual çağırışlara cavab axtarmaq imkanı yaratdığını söyləyib. "Bu gün Yeni Azərbaycan Partiyası bizə bu mövzuları müzakirə etmək üçün geniş platforma təqdim edir və buna görə təşəkkür edirik. Biz şahidik ki, dövlət başçıları mövcud problemlərin həlli üçün birgə səylər göstərirlər. Müasir dövrdə bu problemləri yalnız birlikdə həll etmək mümkündür – bunun alternativi yoxdur. Bu proseslərdə siyasi partiyaların iştirak etməsi isə xüsusilə vacibdir”, - deyən A.Xaitov qlobal problemlərin təhlili və dərk olunması ilə yanaşı, onların həll yollarının axtarışında səylərin birləşdirilməsi istiqamətində konkret təkliflərə malik olduqlarını önə çəkib.

"Biz siyasi partiyalar olaraq aktual məsələlərin həllində və onların mahiyyətinin xalqa çatdırılmasında özünəməxsus körpü rolunu oynayırıq. Buna görə də hazırkı mürəkkəb qlobal şəraitdə ölkələrimizin yaxınlaşmasına xidmət edə biləcək daha bir istiqamət partiyalararası əlaqələrin möhkəmləndirilməsidir ", - deyən A.Xaitov Özbəkistanın Liberal Demokrat Partiyasının bu imkanlardan daha geniş istifadə etmək məqsədilə bir sıra tərəfdaş partiyalarla, o cümlədən konfransın ev sahibi olan Yeni Azərbaycan Partiyası ilə əməkdaşlıq haqqında Memorandum imzaladığını xatırladıb.

Serbiya Tərəqqi Partiyası Sədrliyinin üzvü, Serbiya Respublikasının Avropa inteqrasiyası naziri Nemanya Staroviç çıxışında bildirib ki, Şuşada keçirilən beynəlxalq konfransda müzakirə edilən mövzular Serbiyanın da gələcəyə baxışının təməl prinsiplərini əhatə edir: “Bu,  milli suverenlik, regional əməkdaşlıq və qlobal təhlükəsizlik faktorlarıdır. Bu üç sütun həm ölkənin yol xəritəsini, həm də dəyişən dünyada tutacağı yeri müəyyənləşdirir. Serbiya üçün suverenlik sadəcə siyasi bir anlayış deyil, tarix boyunca qazandığı və qoruduğu bir haqqdır. Biz daim dialoq və diplomatiya yolu ilə xalqın hüquqlarını və mədəni irsini qorumağa çalışırıq”.

N.Staroviç qeyd edib ki, ölkənin suverenliyinin qorunması əməkdaşlıqdan keçir: “Bu səbəbdən Serbiya sabitlik və rifah üçün təşəbbüslər irəli sürür, səmərəli əməkdaşlıq həyata keçirir. Bu, iqtisadi inteqrasiyanı təşviq edir, sərbəst ticarət və əməkdaşlıq imkanlarını genişləndirir. Serbiya iqtisadi və təhlükəsizlik sahələrində də regionda etibarlı tərəfdaşı kim çıxış edir. Ölkəmiz sülhün təməlini dialoq və qarşılıqlı anlayışda görür”.

N.Staroviç söyləyib ki, ölkəsi ərazi baxımdan kiçik olsa da, qlobal təhlükəsizlik məsələlərində aktiv rol oynayır: “BMT çərçivəsində həyata keçirdiyimiz sülhməramlı missiyalar bu öhdəliyimizin göstəricisidir. Eyni zamanda, hərbi neytrallığımız sayəsində həm Şərq, həm də Qərblə əməkdaşlıq edərək balanslı siyasət yürüdürük. Biz həm sülh, həm də öz maraqlarımızı qorumaq iradəsinə sahibik. Serbiya öz suverenliyini qoruyan, səmərəli əməkdaşlıq edən və qlobal təhlükəsizliyə töhfə verən bir ölkə kimi gələcəyə inamla baxır”.

Panel sessiyaya yekun vuran moderator Zafer Sırakaya bildirib ki, bölgə üçün xüsusi əhəmiyyət daşıyan bu beynəlxalq konfransın qədim türk şəhəri olan əziz Şuşada keçirilməsinin böyük əhəmiyyəti var. Beynəlxalq ictimaiyyətin Qarabağda yaşanan zülmə biganə qaldığı vaxtlarda Türkiyənin ədalətin yerini tapacağına olan inamını qətiyyətlə ifadə etdiyini bildirən Z.Sırakaya Şuşa Bəyannaməsini ikitərəfli münasibətlərin müttəfiqlik səviyyəsinə qaldırılması iradəsinin bariz təzahürü adlandırıb və Bəyənnamənin dörd il öncə məhz bu torpaqlarda imzalanmasını böyük qürur kimi dəyərləndirib.

Moderator qeyd edib ki, Qarabağın azad olunması Cənubi Qafqazda əhəmiyyətli bir dönüş nöqtəsi olub. Artıq bölgədə Azərbaycanın liderliyi ilə sülh və sabitlik dövrü başlayıb. “Regional təhlükəsizliyin ayrılmaz tərkib hissəsi olaraq Azərbaycanın Böyük Qayıdış proqramı çərçivəsində bu günə qədər çox sayda insanın Qarabağa geri dönməsi ilə fəxr edirik. “Türk qapısı” olaraq adlandırılan Naxçıvanla Azərbaycanın əsas hissəsi arasında qurulacaq birbaşa əlaqə isə Orta Asiya ilə münasibətlərimizi daha da gücləndirəcək və əminik ki, Türk dünyasının gücünə güc qatacaq. Zəngəzur dəhlizi başda olmaqla regional nəqliyyat marşrutlarının yenidən açılması bölgədə sabitlik və rifaha töhfə verəcək, ölkələrimiz arasında əlaqələrin daha da möhkəmlənməsinə xidmət edəcək. İnanırıq ki, Azərbaycan Zəfərlə yanaşı, regionda sülhün də baş memarı olacaq" , - deyə Z.Sırakaya vurğulayıb.

Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri, Türkiyə Böyük Millət Məclisinin üzvü Şamil Ayrımın moderatorluğu ilə “Ədalət naminə həmrəylik: siyasi partiyaların rolu” mövzusunda keçirilən panel sessiyasında çıxış edən Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova bildirib ki, Şuşada Milli Qurtuluş Günündə keçirilən tədbir tarixi yaddaşa ehtiramın və gələcəyə yönəlik qətiyyətli baxışın təzahürüdür. Onun sözlərinə görə, xaosdan dövlət quruculuğuna, təhlükədən sabitliyə, ümidsizlikdən qurtuluşa gedən yol məhz Ümummilli Lider Heydər Əliyevin xalqın çağırışına cavab verməsi ilə başlandı: “O dövrdə yalnız idarəçilik yox, inam, ümid və ləyaqət bərpa olundu”.

Bu gün dünyanın sürətlə dəyişdiyini deyən B.Muradovanın fikrincə, ədalət axtarışı lokal deyil, qlobal bir ehtiyaca çevrilib. “Siyasi partiyalar bu axtarışda xalqların iradəsinin daşıyıcısı kimi çıxış etməlidirlər. Biz fərqli regionlardan ola bilərik, lakin ortaq bir amalımız var: ədalətli, sabit və dəyərlərə əsaslanan dünya nizamı qurmaq. Bugünkü mürəkkəb beynəlxalq mənzərə – istər silahlı münaqişələr, istər humanitar fəlakətlər, istərsə də qlobal iqlim və iqtisadi böhranlar onu göstərir ki, xalqlar arasında həmrəylik olmadan heç bir hüquqi norma işlək olmur”, - deyən YAP İdarə Heyətinin üzvü qeyd edib ki, bu baxımdan Avrasiya məkanında fəaliyyət göstərən siyasi partiyaların qarşılıqlı əməkdaşlığı son dərəcə mühüm əhəmiyyətə malikdir.

Bahar Muradova bildirib ki, bu əməkdaşlıq yeni beynəlxalq dialoq formatlarına çevrilməlidir. “Yeni Azərbaycan Partiyasının təşəbbüsləri və açıq siyasəti digər partiyalarla sağlam tərəfdaşlığa geniş imkanlar yaradır. Hər bir xalqın öz taleyini azad şəkildə müəyyən etmək haqqı var. Hər bir dövlətin suverenliyi və ərazi bütövlüyü beynəlxalq hüququn ayrılmaz prinsipidir. Ədalət isə  universal dəyərdir və coğrafiyaya görə dəyişməməlidir. Azərbaycan xalqı bu prinsipləri həyatın bütün sınaqlarından çıxardı. Qarabağın azad olunması təkcə ərazi bütövlüyünün bərpası deyil, eyni zamanda, tarixi ədalətin bərpasıdır. Şuşa bu gün yalnız mədəniyyətin deyil, həm də tolerantlıq və sülh iradəsinin təcəssümüdür”, - deyən B.Muradova əlavə edib ki, siyasi partiyalar olaraq insan ləyaqətini və azadlığını qorumalı, hüquq və ədaləti müdafiə etməli, həmrəyliyi isə yalnız çağırış kimi deyil, fəaliyyət kimi yaşatmalıyıq.

“Gəlin, siyasi rəqabəti əməkdaşlığa, ideoloji fərqliliyi birgə zənginliyə, dəyərləri isə hərəkətə çevirək. Çünki tarix susanları yox, danışan və dəyişənləri xatırlayır. Ədalət və həmrəylik yolunda bir addım belə atmaq insanlıq yolunda irəliləyişdir. İstərdik ki, siyasi institutlar, vətəndaş cəmiyyətləri heç zaman siyasi rəqabəti düşmənçiliyə, ədaləti haqsızlığa, əməkdaşlığı qarşıdurmaya qurban verməsinlər, qlobal həmrəyliyi gözləntidən reallığa, deklorasiyalardan fəaliyyətə çevirsinlər” , - deyə YAP İdarə Heyətinin üzvü vurğulayıb.

Çıxış edən Tacikistan Xalq Demokratik Partiyası Sədrinin birinci müavini Malikşo Nematzodanın sözlərinə görə, dünyanın müxtəlif yerlərində dövlətlərarası münaqişələr güclənir, fərqli regionlarda geosiyasi rəqabətin kəskinləşməsi müşahidə olunur. Onun sözlərinə görə, bu gün dünyada ziddiyyətli geosiyasi proseslər şiddətlənir, yeni silahlı münaqişələr, iqlim dəyişikliyinin fəsadları və digər qlobal təhlükə və təhdidlərin uzunmüddətli mənfi nəticələri meydana çıxır: “Bu kontekstdə təhlükəsizliyin və sabitliyin qorunması, dayanıqlı inkişafın təmin edilməsi üçün birgə səylərin birləşdirilməsi hər zamankından daha zəruridir”.

M.Nemətzoda qeyd edib ki, bir çox regionlarda siyasi və iqtisadi böhranların kəskinləşməsi şəraitində ölkə rəhbərləri sabitliyi və təhlükəsizliyi qorumaq, habelə iqtisadiyyatı gücləndirmək, bununla da əhalinin həyat səviyyəsini və keyfiyyətini yüksəltmək naminə yeni və aktual ideyalar axtarırlar. Onun fikrincə, qloballaşma prosesinin güclənməsi və müasir problemlərin hərtərəfli xarakter alması kontekstində yaşadığımız dünya çox həssas olub: “Bu kimi amillərə uyğun yanaşma həm əlverişli yaşayış şəraitinin və davamlı inkişafın təmininə, həm də regional və beynəlxalq əməkdaşlıq imkanlarının genişləndirilməsinə mühüm töhfə verir. Partiyalararası əməkdaşlığa əsaslanan siyasi inteqrasiya davamlı inkişafa töhfə verən mühüm amilə çevrilə bilər”.

O diqqətə çatdırıb ki, Tacikistan həmişə region ölkələri və dünyanın digər dövlətlərinin siyasi partiyaları arasında əlaqələrin möhkəmləndirilməsi və qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsinin tərəfdarı olub, gələcəkdə də bu mövqeyinə sadiq qalacaq: “Bizim regionun üzv dövlətləri olaraq istifadə olunmamış nəhəng resurslarımız var ki, onlardan yalnız əməkdaşlıq yolu ilə istifadə edə bilərik. Eyni zamanda qeyd etməliyəm ki, Tacikistan Xalq Demokratik Partiyası Yeni Azərbaycan Partiyası ilə əməkdaşlıq edir və əlaqələri daha da genişləndirməyə hazırdır”.

Çıxış edən Belarusun “Belaya Rus” Partiyası Sədrinin müavini Andrey Buqrov əmin olduğunu bildirib ki, Şuşada keçirilən konfrans əməkdaşlıq və tərəfdaşlığın inkişafına müsbət təsir göstərəcək. Hazırda dünyanın hərtərəfli etimada, ədalətə, mədəniyyətə ehtiyacı olduğunu deyən A.Buqrov “Dünya sürətlə dəyişir, iqtisadiyyat rəqəmsallaşır. Ədalət bir arxitekturadır və onun siyasi memarı kimi siyasi partiyalar çıxış edirlər. Siyasi partiyaların daha canlı, daha fəal olması çox vacibdir”.

Andrey Buqrov qeyd edib ki, siyasi partiyalar münaqişələri aradan qaldıra bilməsə də, bunun üçün əlindən gələni etməlidirlər: “Ədalət hər bir ölkə üçün əsasdır. Belarus hər zaman ədalətin tərəfdarıdır. Bu gün Belarusun parlamentində 51 deputatımız fəaliyyət göstərir. Bu da ümumi deputatların 46 faizinə bərabərdir. Biz əlimizdən gələni edirik ki, partiya tarixi ədaləti qoruyub saxlasın”.

O bildirib ki, bu gün dünyada hər bir siyasi qüvvə özünəməxsusluğu qorumağa çalışır, amma həmfikir olduqda birgə nailiyyətlərə imza atmaq mümkündür.

Ukraynanın Xalqın Xidmətçisi Siyasi Partiyasının beynəlxalq əlaqələr üzrə katibi, Ukrayna Ali Radasının üzvü Vadim Halayçuk Şuşada keçirilən beynəlxalq konfransın dost ölkələrin siyasi partiyaları arasında münasibətlərin inkişafı və əməkdaşlığın dərinləşdirilməsi baxımından çox əhəmiyyətli olduğunu bildirib. O, təmsil etdiyi partiyanın parlamentdə 40 üzvünün olduğunu qeyd edib. “Biz Ukrayna tarixində ilk dəfə parlamentdə çoxluq təşkil etmişik. Kifayət qədər səsimiz var ki, vacib islahatları həyata keçirək, ölkə inkişaf etsin”.

Vadim Halayçuk deyib ki, ədalətli dünya naminə səylərin birləşdirilməsi lazımdır: “Beynəlxalq münasibətlər sistemində böyük dəyişikliklər baş verir. Olduqca mürəkkəb bir tarixi mərhələdə yaşayırıq. Beynəlxalq hüquq qorunmalı, ölkələr bir-birinin maraqlarını nəzərə alaraq bəşəri dəyərlərə uyğun siyasət həyata keçirməlidirlər”.

Moderator Şamil Ayrım qeyd edib ki, yeni dünya nizamının qurulduğu bir vaxtda Azərbaycan çox mühüm diplomatik və hərbi qələbələrə imza atıb. Onun sözlərinə görə,  Azərbaycanın tam suverenliyinin bərpası müstəsna tarixi əhəmiyyətə malikdir: “Təəssüf ki, bu gün bölgədə sülhün bərəqərar olunmasını istəməyən bəzi qüvvələr regionu yenidən qarşıdurmaya sürükləmək üçün müxtəlif üsullara əl atırlar. Həmin qüvvələr unutmasınlar ki, Azərbaycan öz Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tarixi Zəfər qazandı. Bu, ədalətin Qələbəsidir. Tarixi Zəfərdən sonra 2021-ci il 15 iyun tarixində Şuşa şəhərində Azərbaycan və Türkiyə liderlərinin imzaladıqları Şuşa Bəyannaməsi iki ölkə arasında dostluğun, qardaşlığın rəmzi olan son dərəcə qiymətli sənəddir”.

Sonra Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradovun moderatorluğu ilə “Ortaq dəyərlər və süni intellekt: yeni təhdidlər və imkanlar” mövzusunda panel sessiyası keçirilib.

Çıxış edən Çin Xalq Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Lu Mey bildirib ki, son yüz ildə görünməmiş dəyişikliklər fonunda dünya önəmli transformasiya mərhələsinə daxil olaraq yeni kritik dönüş nöqtəsinə çatıb. Onun sözlərinə görə, beynəlxalq vəziyyətdəki dərin dəyişikliklər siyasi partiyaların, siyasətçilərin ictimai rəyin aparıcısı kimi çətinlikləri aradan qaldırmaq, transformasiya şəraitində islahatlar və yeniliklər həyata keçirmək məsuliyyətini daha da artırıb: "Hazırda süni intellekt  kimi yeni texnologiyaların sürətli inkişafı elmi-texniki inqilabın və sənaye dəyişikliklərinin yeni mərhələsinin əsas hərəkətverici qüvvəsinə çevrilib. Süni intellekt insanların həyatında və istehsalda misli görünməmiş imkanlar açır, qlobal idarəçilikdə yeni mühüm mövzu kimi siyasi partiyaların və hökumətlərin diqqətini cəlb edir. Çin hər zaman süni intellekt sahəsində beynəlxalq əməkdaşlığın gücləndirilməsinin tərəfdarı olub. Məqsəd bu texnologiyaların bütün bəşəriyyətin rifahına xidmət etməsini təmin etmək və süni intellektin zənginlərin və güclü ölkələrin oyuncağına çevrilməsinin qarşısını almaqdır”.

2023-cü ildə Çin Xalq Respublikasının Sədri Si Cinpinin “Süni İntellektin İdarəedilməsi üzrə Qlobal Təşəbbüs” irəli sürdüyünü xatırladan diplomatın sözlərinə  görə, bu, insanların  rifahının yaxşılaşdırılması və sosial-iqtisadi inkişafın təşviqi, habelə yeni  texnologiyalardan sui-istifadənin qarşısının alınması məqsədilə insan mərkəzli süni intellektin inkişafına sadiqliyi özündə əks etdirir.

Səfir qeyd edib ki, Çin ilə Azərbaycan dost və etibarlı tərəfdaş ölkələrdir.  Diplomatik əlaqələrin qurulmasından keçən 33 il ərzində ikitərəfli münasibətlərin sağlam və sabit şəkildə inkişaf etdiyini vurğulayan Lu Mey müxtəlif sahələrdə əməkdaşlığın məhsuldar nəticələr verdiyini deyib. Onun sözlərinə görə, son illərdə Çin Xalq Respublikasının Sədri Si Cinpin və Prezident İlham Əliyevin şəxsi diqqəti və strateji rəhbərliyi sayəsində Çin-Azərbaycan münasibətləri yeni inkişaf mərhələsinə daxil olub. "Bu ilin aprelində Prezident İlham Əliyevin Çinə uğurlu dövlət səfəri baş tutdu və ölkələrimiz arasında hərtərəfli strateji tərəfdaşlıq münasibətlərinin qurulması haqqında Birgə Bəyanat imzalandı. Müxtəlif sahələr üzrə əməkdaşlığın dərinləşdirilməsi üçün vacib razılaşmalar əldə olundu və bu, ikitərəfli münasibətlərdə yeni bir tarixi mərhələnin başlanğıcını qoydu", - deyən səfir bildirib ki, siyasi partiyalararası münasibətlər Çin-Azərbaycan əlaqələrinin mühüm tərkib hissəsidir. Onun sözlərinə görə, Çin Kommunist Partiyası Yeni Azərbaycan Partiyası ilə institusional əməkdaşlığa böyük əhəmiyyət verir: "Partiyalar arasında münasibətlər Çin-Azərbaycan əlaqələrinin inkişafına mühüm töhfələr verir”.

Bolqarıstanın Haqq və Azadlıqlar Hərəkatı parlament fraksiyası sədrinin müavini Ceyhan İbryamov bildirib ki, Balkan ölkəsi olaraq Bolqarıstan fərqli mədəniyyətlərin kəsişdiyi bir coğrafiyadır. O qeyd edib ki, qardaş ölkələrdə yaşayan dostları bir araya gətirən bu cür konfranslar sülh, əmin-amanlıq uğrunda mübarizə aparmağın göstəricisidir: “Şuşada - Türk dünyasının mədəniyyət mərkəzində belə bir konfransda iştirak etmək Bolqarıstan nümayəndə heyəti üçün böyük şərəfdir. Azərbaycan xalqını 15 İyun - Milli Qurtuluş Günü münasibətilə təbrik edirəm”.

 O qeyd edib ki, dost ölkələri bir araya gətirən konfrans son dərəcə aktual mövzuları özündə ehtiva edir: “Süni intellekt ədaləti, azadlığı, bərabərliyi, həmrəyliyi daha da gücləndirmək vasitəsinə çevrilməlidir. Onunla bağlı problemləri  şəffaf, sərbəst, etik və məsuliyyətli şəkildə həll etmək lazımdır”.

Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü, Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov qeyd edib ki, süni intellekt mövzusu müasir dövrün ən aktual məsələlərindəndir. Bu sahədə qazanılan nailiyyyətlərdən artıq inkişaf etmiş ölkələr kifayət qədər istifadə edir. Ümumiyyətlə, müasir texnologiyalardan istifadə etmək cəmiyyəti, ölkəni kifayət qədər irəli aparır. Azərbaycan 44 günlük Vətən müharibəsində ən müasir texnologiyalardan istifadə edərək hərb sənətinə yeni bir istiqamət gətirdi. Dinc sakinlərə toxunmadan hər hansı bir hərbi hədəfləri vurmaqla Azərbaycan sübut etdi ki, müasir texnologiyalardan istifadə etməklə qarşıya qoyulan məqsədlərə ən qısa müddətdə çatmaq olar”.

Dünyada yeni texnologiyalardan istifadənin sürətlə genişləndiyini bildirən E.Qasımov vurğulayıb ki, artıq xüsusi proqramlar vasitəsilə diaqnostika və cərrahiyə əməliyyatları aparılır: “Süni intellekt tətbiq etməklə avtomobilləri istehsal edərək sürücülər olmadan marşrutlara buraxırlar. Artıq bir sıra inkişaf etmiş ölkələrin şirkətlərində mühasibatlıqlar ləğv edilir, maliyyə hesabatları süni intellekt vasitəsilə bir neçə saat ərzində dəqiq həll edilir. Bütün bunlar həm böyük üstünlüklər yaradır, həm də müəyyən problemlərə yol açır. Beləliklə, bu müsbət elementlərin birinci təhdidi odur ki, işsizlik əmələ gəlir. Çünki milyonlarla insan işsiz qala bilər. Bu təhdidlərin qarşısını almaq üçün həmin mütəxəssislərə indidən əlavə bacarıqlar verilməlidir. İkinci ən mühüm məsələ milli təhlükəsizliyə olan təhdiddir”.

E.Qasımov Çin təcrübəsinin daxildən və xaricdən təhlükələrin qarşısını almaq üçün nümunəvi model olduğunu diqqətə çatdırıb. O qeyd edib ki, Azərbaycan üçün bu sahədə geniş imkanlar var: “Azərbaycan ilə Çin arasında uğurlu əməkdaşlıq əlaqələri mövcuddur. Çin Kommunist Partiyası ilə Yeni Azərbaycan Partiyası arasında əməkdaşlıq əlaqələri uğurla inkişaf edir. Hesab edirik ki, bizim elmi mərkəzlər, universitetlər Çinin təcrübəsindən yararlanmalıdır”.

Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Tahir Mirkişili çıxışında bildirib ki, XXI əsrin ən önəmli texnoloji nailiyyətlərindən biri olan süni intellekt dərin dəyişikliklər yaradır. Onun sözlərinə görə, süni intellektin inkişafı ilə ortaq dəyərlərin qorunması arasında tarazlıq yaratmaq çağımızın əsas çağırışlarından biridir: “Bu prosesdə əsas məqsəd texnologiyanın insanlığa xidmət etməsi və bəşəriyyətin rifahını artırması olmalıdır”.

T.Mirkişili deyib ki, süni intellekt artıq gündəlik həyatımızın ayrılmaz hissəsinə çevrilməkdədir. Onun sözlərinə görə, süni intellekt axtarış motorlarından tibbi diaqnostikaya, maliyyə xidmətlərindən təhsil sistemlərinə qədər müxtəlif sahələrdə istifadə olunur: “Generativ süni intellekt sistemləri yaradıcılıq və məhsuldarlıq sahələrində inqilab yaratdı. Lakin bu sürətli inkişaf texnologiyanın insani dəyərlərlə uyğunluğu məsələsini daha aktual məsələyə çevirib. Ortaq dəyərlər müxtəlif mədəniyyət və cəmiyyətlərdə paylaşılan əsas prinsiplərdir ki, bunlara bir sıra amillər daxildir. Belə ki, insan ləyaqəti və hüquqları, ədalət və bərabərlik, şəffaflıq və hesabatlılıq və digər amillər burada xüsusi vurğulanmalıdır”.

Deputat qeyd edib ki, süni intellekt sistemlərinin qəbul etdiyi qərarlarda səhv baş verdikdə məsuliyyəti kimin daşıyacağı aydın deyil: “Süni intellekt sistemləri böyük həcmdə şəxsi məlumat toplamağa qadirdir, bu da fərdiyyət və məxfilik hüquqlarını təhdid edir. Süni intellektin ortaq dəyərlərlə uyğunlaşdırılması üçün müxtəlif yanaşmalar mövcuddur. Cəmiyyətin bütün təbəqələri süni intellekt texnologiyaları haqqında məlumatlandırılmalı və onların potensial təsirləri barədə bilikli olmalıdır. Hökumətlər süni intellekt sistemlərinin etik istifadəsini təmin edən qanunlar və standartlar hazırlamalıdır. Biz Türk Dövlətləri Təşkilatı çərçivəsində model qanun layihəsinin hazırlanmasına da nail ola bilərik. Süni intellekt texnologiyaları qlobal xarakter daşıdığı üçün beynəlxalq əməkdaşlıq və koordinasiya zəruridir. Özünəməxsus zəngin dəyərlərin qorunmasına xüsusi diqqət verən Azərbaycan və digər ölkələr üçün süni intellekt texnologiyalarının ortaq dəyərlərlə uyğunlaşdırılması xüsusən vacibdir. Ənənəvi dəyərlər və müasir texnologiyalar arasında balans yaratmaq, milli mədəni dəyərləri qoruyub saxlamaqla yanaşı, qlobal süni intellekt standartlarına uyğunluğu təmin etmək vacibdir. Azərbaycanda qəbul edilmiş süni intellekt strategiyası bu istiqamətdə mühüm addımdır. Süni intellekt və ortaq dəyərlər arasında körpü qurmaq sadəcə texniki məsələ deyil, eyni zamanda, fundamental insani məsələdir. Bizim məqsədimiz süni intellekt texnologiyalarını insan ləyaqətini qoruyan, ədaləti gücləndirən və cəmiyyətə fayda verən şəkildə inkişaf etdirmək olmalıdır. Bu, kollektiv səy və davamlı dialoq tələb edir. Texnologiyanın gələcəyini formalaşdıran insanlardır və gələcəyin necə olacağı bizim indiki seçimlərimizdən asılıdır”.

Moderator Ədalət Muradov isə qeyd edib ki, Milli Qurtuluş Günü milli kimliyimizə və tariximizə bağlılıq, dil və mədəniyyətin qorunması, dövlət rəmzlərinə hörmət kimi dəyərləri dövlət siyasətinin mərkəzinə daşıyıb. Onun fikrincə, bu amil Milli Qurtuluş Gününü dəyərlər üzərində qurulmuş siyasi və ideoloji yenidənqurmanın simvoluna çevirir: “Bu gün biz həmin tarixi irsin daşıyıcıları olaraq Şuşa kimi müqəddəs bir məkanda ortaq dəyərlər və süni intellekt mövzusunda müzakirə aparırıq. Bu, təkcə elmi və texnoloji deyil, həm də ideoloji və mənəvi bir məsələdir. Bu, keçmişin irsi ilə gələcəyin zəkası arasında körpü rəmzidir”.

YAP İdarə Heyətinin üzvü əlavə edib ki, tədbirin məhz Şuşada keçirilməsinin bir sıra rəmzi mənası var: “Şuşa-Azərbaycan mədəniyyətinin beşiyi, milli kimliyin, mədəni irsin simvoludur. Bu şəhərdə dəyərlərdən danışmaq milli yaddaşın bərpasını ifadə edir. İşğaldan azad olunmuş torpaqlarda mənəvi dirçəliş baş verir”.

Ə.Muradov qeyd edib ki, süni intellekt qlobal məsələdir: “Amma dəyərlər milli - mənəvi kimliyimizə bağlıdır. Konfransda bir sıra ölkələrdən nümayəndələrin iştirakı isə müxtəlif mədəniyyətlər arasında dəyər mübadiləsinin vacibliyini ortaya qoyur. Yəni Azərbaycan dəyərlərə əsaslanan texnoloji inkişafla gələcəyə töhfə verməyə çalışır”.

Onun sözlərinə görə, dünyada süni intellekt və rəqəmsallaşma ilə bağlı tədqiqatlar aparılsa da, bu texnologiyanın milli dəyərlərə təsiri barədə müzakirələrə nadir hallarda rast gəlinir. “Əminliklə deyə bilərəm ki, bu konfrans Yeni Azərbaycan Partiyasının gələcəyə baxışının göstəricisidir. Bu, onun həm bu günün, həm də sabahın partiyası olduğunu bir daha sübut edir”, - deyə rektor bildirib.

Konfrans Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.

Beynəlxalq konfransın iştirakçıları Şuşa və Xankəndinin tarixi məkanları, aparılan tikinti və bərpa-quruculuq işləri ilə tanış olublar.

Seçilən
18
49
unikal.az

10Mənbələr