Milli Qurtuluş Günü ərəfəsində Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nümayəndə heyəti bp Azərbaycanın Səngəçal terminalına səfər edib.
Bu barədə universitetdən AzEdu.az-a məlumat verilib. Bildirilib ki, bu səfər universitetlə sənaye arasında əməkdaşlığın gücləndirilməsi və tədrisin real istehsalat mühiti ilə əlaqələndirilməsi baxımından strateji əhəmiyyət daşıyır.
bp mütəxəssisləri terminalda həyata keçirilən layihələr, texnoloji həllər və əməliyyat prosesləri barədə ətraflı məlumat veriblər. Söhbət zamanı təhsilin sənayeyə inteqrasiyası, praktik bacarıqların ötürülməsi və bu istiqamətdə davamlı tərəfdaşlığın zəruriliyi xüsusi vurğulanıb.
Terminalda tətbiq edilən innovativ texnologiyalar — dronlar, süni intellekt, məlumat əsaslı risk qiymətləndirmə və proaktiv texniki xidmət sistemləri — gənc müəllimlərin böyük marağına səbəb olub. Bu istiqamətdə gələcək birgə tədqiqat və inkişaf layihələri üçün geniş imkanlar mövcuddur.
Səfər çərçivəsində terminal ərazisinə baxış da təşkil olunub, tələbələrin gələcək təcrübə proqramları və karyera perspektivləri yerində qiymətləndirilib.
Qeyd edək k, səfərin məhz Milli Qurtuluş Günü ərəfəsində reallaşması simvolik xarakter daşıyır. Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi neft strategiyası və enerji təhlükəsizliyi xətti bu gün Azərbaycanın iqtisadi inkişafının və sənaye yönümlü təhsilin əsas dayaqlarındandır. Səngəçal terminalı isə bu strategiyanın açar elementlərindən biri kimi həm iqtisadi güc, həm də biliklərin tətbiqi baxımından mühüm platformadır.