"Məktəb, universitet, dərslik – bunlar sadəcə elm verən qurumlar deyil, şəxsiyyət formalaşdırmalı olan sistemlərdir. Amma bu gün məzun günlərində səslənən musiqilərə, nümayiş olunan rəqslərə, şagirdlərin və tələbələrin üzərindəki döymələrə, simvolik işarələrə, mənasız sözlərlə yazılmış köynəklərə baxanda bir sual yaranır ki, bu sistem bu gənclərə hansı dəyərləri ötürüb?"
"Cebheinfo.az" xəbər verir ki, bu fikirləri təhsil üzrə ekspert Kamran Əsədov bildirib. Ekspert qeyd edib ki, əgər bir şagirdin idealı rep klipindəki zorakı obrazdırsa, əgər universitet məzunu üçün qəhrəmanlıq “brend” geyinmək, sosial şəbəkədə izləyici yığmaqdırsa, deməli, biz onları yalnız akademik deyil, mənəvi olaraq da tərk etmişik:
"Biz onlara Vətəni, tarixi, əxlaqı, zəhməti sevdirməmişik. Qəhrəman obrazı yaratmamışıq. Ona görə də onlar xarici filmlərdən, sosial mediadan, bəzən də nihilist musiqilərdən özlərinə “qəhrəman” düzəldirlər. Bu, sadəcə bir estetika problemi deyil. Bu, gələcəyin kimə çevriləcəyinin göstəricisidir.
Niyə məktəblinin köynəyində Milli Qəhrəmanın şəkli, yaxud “Mən müəllimimi sevirəm” cümləsi yox, məchul “oğru aləmi”nin işarəsi yazılıb? Niyə məzun musiqisi Qarabağ Zəfərindən yox, Los-Anceles küçələrindən gəlir? Cavab aydındır:
çünki sistem tərbiyə etmir, sadəcə məlumat ötürür. Bu, gələcəyin faciəsidir".