İranla İsrail arasında davam edən hərbi qarşıdurma fonunda beynəlxalq ekspertlər və siyasi şərhçilər münaqişənin mümkün nəticələrini təhlil edirlər. Maraqlı və diqqətçəkən suallardan biri də İrandakı rejimin taleyi ilə bağlıdır. Bəzi analitiklər İsrailin İranda rejimi dəyişdirməyə çalışdığını iddia edirlər.
Bəs müharibənin davamında İranda rejim dəyişikliyi baş verə bilərmi?
Məsələ ilə bağlı Sfera.az-a açıqlama verən Azərbaycan Yəhudi Media Mərkəzinin politoloqu Rüstəm Tağızadə bildirib ki, İranda rejim dəyişikliyinin olması üçün böyük dövlətlərin siyasi razılığı olmalıdır:
“Hazırda həm İsrail, hım də İran bir-birinə raket zərbələri endirir. Ola bilər ki, İsrail İran daxilində müəyyən dəyişikliklərə nail olmaq istəyir. Amma burada əsas məsələ böyük dövlətlərin bu niyyətə münasibətidir. ABŞ və digər güclər rejim dəyişikliyinə razı olacaqlarmı? Bu, açıq qalan sualdır”.
Politoloq qeyd edib ki, rejim dəyişikliyi təkcə daxili siyasi quruluşun dəyişməsi ilə yekunlaşmır, bu həm də bölgə üçün yeni və daha ciddi problemlər yarada bilər:
“Əgər İranda rejim dəyişikliyi baş versə, bu, genişmiqyaslı etnik problemlərə, miqrasiya axınlarına və daxili parçalanmalara səbəb ola bilər. Çünki İran çoxmillətli ölkədir və belə ölkədə dövlət zəifləyərsə etnik separatizm riski artacaq. Digər tərəfdən, İranın ən güclü strukturlarından biri olan “Sepah” (İnqilab Keşikçiləri Korpusu) bu dəyişikliklərə imkan verərmi? Onlar illərdir siyasi sistemin dayağıdır”.
R.Tağızadənin fikrincə, yaxın gələcəkdə İranda rejim dəyişikliyi ehtimalı zəif görünür:
"Lakin siyasətdə bəzən gözlənilməz, spontan proseslər baş verə bilər. Hazırda hər iki tərəfin – həm İranın, həm İsrailin müharibəni davam etdirmək potensialı mövcuddur. Bu, onların iqtisadi və hərbi resurslarından, eləcə də logistik dəstəkdən asılıdır. Müharibə 7-10 gün də davam edə bilər, daha uzun da çəkə bilər. Ancaq hər iki ölkə üçün münaqişənin çox uzanması arzuolunan deyil”.
O əlavə edib ki, əgər rejim dəyişikliyi baş versə belə, yeni gələn qüvvələrin tərkibi də əvvəlkilərə bənzəyə bilər:
“Əgər dəyişiklik baş versə, İranın rəhbərliyinə rəsmi geyimdə, kostyum-pencəkdə olan şəxslər gəlsə belə, bu, hər şeyin dəyişəcəyinə zəmanət vermir. Çünki həmin şəxslər də İranın maraqlarını qorumağa çalışacaq və əvvəlki siyasətin konturlarını saxlayacaqlar. Yəni, görünən odur ki, dəyişən yalnız formalar olacaq, mahiyyət eyni qala bilər”.
Politoloq onu da vurğuladı ki, hazırkı mərhələdə hərbi əməliyyatların taleyi və intensivliyi gələcək ssenariləri müəyyən edəcək. ABŞ və digər güclərin bu münaqişəyə münasibəti, regionda baş verə biləcək daxili təlatümlər və beynəlxalq təzyiqlər İranda mümkün siyasi dəyişikliklərin yönünü müəyyən edəcək.
Bəsti Rəfizadə