Müqəddəs kitablarda belə yazılır. Düzdür, qeyri-müqəddəs kitablarda insanın mahiyyəti, təbiəti, qanacaq-qabiliyyəti haqda başqa şeylər, gerçəklər yer alır, amma yenə də insanlar kütləvi şəkildə inanırlar ki, planetin ən şüurlu varlığı olduqları üçün gözəgörünməz onları həşəratlardan fərqləndirəcək.
Həşərat demişkən, təbiətdə mövcud olan minlərlə növ yaratıqdan yalnız birinin xasiyyəti insanınkına bənzəyir. Bu "yaşıl şala" adlandırılan çəyirtkələrdir. Yalnız onlar həmnövlərini amansızcasına qırıb-çatır və yeyirlər.
Onlardan və insanlardan başqa Yer üzünün heç bir canlısı o qələti eləmir. Məsələn, canavarlar bir-birinə etibar etməzlər, yatanda da ağız-ağıza, gözə-gözə yatarlar ki, qəfildən qardaş hücumuna məruz qalmasınlar, amma canavarların kütləvi şəkildə bir-birini öldürməsi faktı yoxdur. Heç çaqqalların təcrübəsində da elə bir presedent qeydə alınmayıb. Hətta giena, goreşən, kaftar kimi tanınan yırtıcılar bir-birilə çox mehribandırlar, köməkləşib aslanların üstünə cumur, təkləyə bilsələr, "meşələrin kralı"nı it gününə qoyurlar.
Dağ keçilərinin, dəniz ayğırlarının, zürafələrin bir-birilə toqquşması halları olur, amma bu növdaxili qovğalar adətən qız (dişi partnyor) üstündə olur və daha güclü olan sürünün ən gözəl dişisinə sahib çıxır, söhbət bağlanır. Yoxsa təkbətək döyüşü uduzmuş təkə məhəlləsinə gedib tay-tuşlarından, qohum-əqrəbasından 30 nəfərlik dəstə düzəltmir, cibinə bıçaq qoyub məktəbin arxasındakı parkda təyin olunan "razborka"ya gəlib rəqibini bıçaqlamır.
Bunu insan oğlu edir - özü də çox şüursuz və amansızcasına. Beləcə, "insan ən şüurlu varlıqdır" söhbəti də puç olub gedir. Bu, necə şüurluluqdur ki, insan o şüurla öz həmnövlərini, eləcə də təbiətdəki canlıların əksəriyyətini kütləvi şəkildə qırmaq üçün silahlar icad edir.
Budur, insan oğlunun əlində elə silahlar var ki, 2 min kilometr o tərəfdəki yüz minlərlə insanı bir anda məhv edə bilər. Hələlik əllərini saxlayırlar, humanistlik edirlər, yüz minləri, milyonları bir anda məhv etmirlər, min-min qırırlar, rübün axırında 10 min, 30 min düzəlir.
İnsan o zaman Yer üzünün zinəti, yaraşığı olardı ki, dünyanın hər tərəfində əmin-amanlıq, sabitlik, firavanlıq, haqq-ədalət olardı. Ancaq dünyanın, kiçik istisnalarla, harasına baxırsan, qırğın gedir. Amerika Amerikadır, ordan da hər gün qətliam xəbərləri gəlir. Meksika qan çanağına dönüb, narkokartellərlə hökumət qüvvələri küçədə atışırlar, ara yerdə yol keçənlər qırılır.
Rusiya və Ukraynanın savaşı isə dəftər-kitaba sığan deyil. Dədə Qorqud öz dövründə bu cür savaşa "qardaş qırğını" adı qoymuşdu. Düzdür, o, sülhyaradıcı missiya ilə çıxış edərək oğuz tayfalarının arasındakı qırğının qabağını ala bilməmişdi, amma ağsaqqal çox çalışmışdı. Hazırda isə Rusiyada öz üzərinə Dədə Qorqudluq missiyası götürməli olan patriarx araya girib "slavyan qardaşlar, bir-birinizə qılınc çəkməyin" demir, "ukraynalıların qanı halaldır" deyir. Bəs Bibliyadakı "öldürmə!" ("ne ubiy") nəsihəti necə oldu, hara getdi?
Bu tərəfdə də II Qaregin "qan-qan" deyir. Başqa vaxt, xalqa müdrik-müdrik nəsihətlər ver, amma öz işinə gələndə de ki, gedin, düşməni öldürün, yeriniz cənnət olacaq. Əcəb ruhaniyyat, mənəviyyatdır.
"Müqəddəs müharibə" başlayanların, müharibədə daha çox adam öldürənlərin cənnətə düşəcəyi barədə nağıllarda, sanki, Allah-təalanı şərləmək meylləri var. Prinsipcə, Yaradan onun yaratdıqlarını öldürənlərə mükafat yox, cəza verməlidir.
Yəni bu haqq-hesabları Allaha bağlamaq lazım deyil, Yer üzündə yaşayış uğrunda mübarizə gedir. Həşəratlar kimi artmaqda olan bəşər övladı anlayır ki, bir az əfəl tərpənsə, yeməyə bir şey, içməyə su tapa bilməyəcək, ona görə də rəqiblərini qırır.
Bu təxminən qəzaya uğrayaraq dənizin dibinə düşmüş təyyarədəki vəziyyəti xatırladır. Daha ağıllı və güclü sərnişinlər təyyarədəki oksigeni tükətməsinlər deyə digər nəfəs alıb-verənləri öldürürlər ki, xilas edilənə qədər salamat qala bilsinlər. Sovet vaxtı Şevçenkoya (indiki Aktau) uçan və Xəzərə düşən "Yak-40" markalı təyyarə Xəzərə düşəndə elə bir hadisə olub: birinci Tuğdan və ya Tağdan olan Vazgen adlı düılgəri boğublar. Amma axıra qalanlar da ölüb.
Qorxasan, hamının hamıya qırğını çıxdığı, bu gedişatla axıra qalan olmasın. İnsan çox şüurlu varlıq olsa, bunu dərk edər.
Bax, belə bir bədbin yazı. Yaxşı ki, ürəkaçan xəbərlər də var: "Renat Dadaşov sevgilisi ilə paylaşım etdi", "Kamil Zeynallı dağlara çəkildi", "Nüşabə nəvəsini dollar yağışına tutdu" və s. Belə xəbərləri oxuyanda adamı kefi bir az durulur. Nə qədər "ballistik raket", "dron", "vurdu" xəbəri oxumaq olar?
Samir SARI