AZ

Baxırsan,müəllimə 50 yaşı var,amma…

Təhsil eksperti Əmrah Həsənli son dövrlərdə sosial mediada geniş yayılan və bəzi müəllimlərin də qoşulduğu trendlərə münasibət bildirib. O, qeyd edib ki, texnologiya və sosial şəbəkələr müasir dövrün ayrılmaz parçasına çevrilsə də, müəllim nüfuzu və cəmiyyətə örnək olmaq kimi prinsiplər unudulmamalıdır.

Əmrah Həsənli vurğulayıb ki, bir müəllimin sosial şəbəkədə aktiv olması təqdirəlayiq haldır. Ancaq bu aktivlik məsuliyyətlə müşayiət olunmalıdır:“Baxırsan, müəllimə 50 yaşı var. Çiyinlərində bir ömrün təcrübəsi, sinif otağında yetişdirdiyi yüzlərlə şagirdin izləri var. Amma bir də görürsən ki, Tiktokda ‘Efendim, eşitmedim’ trendinə qoşulub. Bu zaman istər-istəməz sual yaranır: Nə dərəcədə zəruridir bir müəllimin bu formada görünməsi? Biz gənclərə nümunə olmağa çalışmalıyıq, onların etdiklərini təkrarlamağa yox.”

Təhsil eksperti hesab edir ki, müəllim gənclərlə eyni platformada ola bilər, lakin eyni səviyyədə yox. O, düşünür ki, sosial media müəllim üçün maarifləndirici, təbliğat xarakterli və ictimai fayda gətirən bir vasitə olmalıdır.

“Zamanla ayaqlaşmaq gözəldir, amma trendin içində itib-batmaq zamanla yox, cəmiyyətlə ziddiyyət təşkil edir. Müəllimlik bir peşə olmaqdan daha çox bir missiyadır. Biz bu missiyanı 30 saniyəlik Tiktok videolarında yox, davranışımızda, danışığımızda və duruşumuzda göstərməliyik”, – deyə Əmrah Həsənli qeyd edib.

O əlavə edib ki, bəzi müəllimlərin bu tip trendlərlə gündəmə gəlməsi cəmiyyətin müəllimə olan baxışını da dəyişə bilər:“Bəzən deyirlər ki, müəllim də insandır, əylənə bilər. Razıyam. Amma bu əyləncənin ölçüsü və məkanı da olmalıdır. Əgər bir valideyn övladının müəllimini sosial mediada bu cür qeyri-ciddi bir videoda görürsə, onun peşəkarlığına inamı azala bilər. Müəllim öz ictimai imicinə sahib çıxmalıdır.”

Əmrah Həsənli bildirib ki, sosial mediada var olmaqla trend olmaq arasında incə bir fərq var. Təhsil ictimaiyyətinin bu fərqi doğru müəyyənləşdirməsi vacibdir:“Əyləncəli olmaqla bayağı olmaq arasında xətt çox incədir. Biz o xətti keçməməliyik. Müasir olmaq, texnologiyadan istifadə etmək, gənclərlə ünsiyyətdə olmaq – bunlar hər biri vacibdir. Amma bu dəyərləri qorumaq şərti ilə.”

Sonda təhsil eksperti müəllimlərə çağırış edərək bildirib ki, nümunə olmaq üçün gülmək yox, dəyərli olmaq kifayətdir:“Sosial mediada bir müəllimin rolu, sadəcə gülmək və izləyici qazanmaq olmamalıdır. Biz Tiktokda izlənilən yox, cəmiyyətdə izlənilən müəllimlər olmalıyıq. Müəllim nüfuzu bir kliklə qazanılmır – o, illərlə formalaşır və bir neçə saniyəyə itirilə bilər.”

Seçilən
0
3
tehsil.biz

4Mənbələr