BAKI, 16 iyun. TELEQRAF
Çin bir il ərzində özünün nüvə arsenalını 100 başlıq artırıb. Hazırda Çinin 600-dən çox nüvə başlığı var.
Teleqraf xəbər verir ki, bu barədə Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutu məlumat yayıb.
Məlumata görə, 2025-ci ildə Çinin nüvə başlıqlarının sayı Böyük Britaniya və Fransanın birlikdə malik olduqlarından artıq olub.
Pekin öz arsenalını dünyanın digər ölkələrindən daha sürətlə genişləndirir.
SIPRI bildirib ki, 2023-cü ildən etibarən Çin hər il təxminən 100 yeni nüvə başlığı toplayır. Bu, ölkənin nüvə potensialının əhəmiyyətli dərəcədə artdığını göstərir.
Hazırda Çin nüvə başlıqlarının sayına görə yalnız üçüncü yeri tutur - Rusiyaya (5459 ədəd) və ABŞ-ə (5177 ədəd) uduzur.
Qeyd edilib ki, Rusiya və ABŞ dünyada mövcud olan nüvə silahlarının təxminən 90 faizinə sahibdir.
Hesabatda həmçinin bildirilib ki, 2025-ci ildə dünyada ümumi nüvə başlıqlarının sayı 12241-ə çatıb. Halbuki 2024-cü ildə bu rəqəm 12405 olub.