AZ

Tarixə qızıl hərflərlə yazılan uğur yolu!

“Bu gün artıq qətiyyətlə demək olar ki, Heydər Əliyevin o çətin və taleyüklü günlərdə verdiyi qərarlar, müəyyən etdiyi inkişaf strategiyası Azərbaycanın gələcək uğurlarına möhkəm zəmin yaratdı. Hazırda ölkəmiz iqtisadi baxımdan dayanıqlı, siyasi cəhətdən sabit və hərbi baxımdan güclü bir dövlətə çevrilib. Bu siyasi kurs bu gün də Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçımızın rəhbərliyi ilə Azərbaycan torpaqlarını işğaldan azad etmiş, ərazi bütövlüyünü və suverenliyini bərpa etmişdir. 44 günlük Vətən müharibəsində və sonrakı antiterror tədbirlərində əldə olunan tarixi qələbələr bu siyasi iradənin və güclü liderliyin təntənəsidir"
 
Bunu Moderator.az-a açıqlamasında Milli Məclisin deputatı Arzuxan Əlizadə deyib. Azərbaycanın şanlı tarixinə nəzər salan deputat xatırladıb  ki, 1992–1993-cü illərdə Azərbaycanda hakimiyyətdə olan qüvvələrin səriştəsiz və yarıtmaz idarəçiliyi nəticəsində ölkədə olduqca ağır və acınacaqlı bir vəziyyət yaranmışdı:
 “Ermənistanla davam edən müharibə fonunda Azərbaycanın bir sıra rayonları işğal olunmuşdu. İqtisadi geriləmə, dövlət institutlarının iflic vəziyyəti, idarəetmədə xaos və hüquqi sistemin zəifliyi dövlətin təməlini ciddi şəkildə sarsıtmışdı. Bütün bu problemlər azmış kimi, ölkədə siyasi qarşıdurmalar da getdikcə dərinləşirdi. Müxtəlif silahlı qrupların nəzarətsiz fəaliyyətləri və mərkəzi hakimiyyətə tabe olmamaları nəticəsində Azərbaycan vətəndaş müharibəsi həddinə çatmışdı. Separatçılıq meyilləri isə kənar qüvvələrin təsiri ilə güclənmiş, ölkə ərazi bütövlüyü və dövlət müstəqilliyi baxımından ciddi təhlükələrlə üz-üzə qalmışdı. Artıq vəziyyəti idarə etmək hakimiyyətdə olanların gücündən kənara çıxmışdı. Bu şəraitdə, qarşıdan gələn daha böyük faciələrin qarşısını almaq və ölkəni dağılmaqdan xilas etmək üçün o zamankı prezident Əbülfəz Elçibəy və digər rəhbər şəxslər Heydər Əliyevə müraciət etdilər. Onun siyasi təcrübəsi və liderlik keyfiyyətlərinin bu çətin dönəmdə ölkəyə sabitlik gətirə biləcəyinə inanırdılar. Naxçıvanda yaşayan Heydər Əliyevi Bakıya gətirmək məqsədilə onun üçün üç dəfə xüsusi təyyarə göndərildi. Bu addım, faktiki olaraq ölkənin siyasi taleyini dəyişən dönüş nöqtəsinə çevrildi.
O dövrdə cəmiyyətin geniş kəsimləri arasında Heydər Əliyevin Azərbaycanı bu ağır vəziyyətdən çıxara biləcəyi ilə bağlı fikirlər səslənirdi. Onun zəngin siyasi təcrübəsi və idarəçilik bacarığı, ölkənin içində olduğu mürəkkəb durumda yeganə çıxış yolu kimi görülürdü. Nəhayət, 1993-cü il iyunun 9-da Heydər Əliyev Naxçıvandan Bakıya gəldi. Bakıya qayıtdıqdan sonra mövcud durumu dərindən təhlil edən Heydər Əliyev prosesləri nəzarətə almaq istiqamətində addımlar atmağa başladı. Heydər Əliyev Azərbaycan parlamentin sədri seçildi. Bu, onun dövlət idarəçiliyində rəsmi olaraq mühüm mövqeyə sahib olması demək idi. Lakin vəziyyətin mürəkkəbliyi, o zamankı prezident Əbülfəz Elçibəyin paytaxtı tərk etməsi və ölkədə yaranmış siyasi böhran səbəbindən Heydər Əliyev prezident səlahiyyətlərini də öz üzərinə götürdü. Bu keçid mərhələsində o, həm xalqın dəstəyini, həm də dövlətin idarəçilik sistemində sabitliyi təmin etməyə nail oldu. Daha sonra — 1993-cü ilin oktyabrında keçirilən ümumxalq seçkilərində Heydər Əliyev böyük səs çoxluğu ilə Azərbaycan Respublikasının Prezidenti seçildi. Bununla da ölkədə yeni bir siyasi mərhələnin, sabitlik və dövlətçiliyin bərpası yolunda dönüş nöqtəsi başladı”.
 
Deputat sözünə davam dərək vurğulayıb ki, 1993-cü il oktyabrın 15-də keçirilən prezident seçkilərində Heydər Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsi ilə ölkədə yeni bir mərhələ başlandı:
“Həmin dövrdən etibarən ölkədə dərin siyasi böhran və idarəetmədəki xaos mərhələsi arxada qalaraq, sabitlik və quruculuq dövrünə keçid baş verdi. İlk olaraq separatçı qüvvələr neytrallaşdırıldı və ölkədə dövlətçilik prinsiplərinin bərpası istiqamətində ciddi addımlar atıldı. Azərbaycanın ərazi bütövlüyünü təhdid edən daxili və xarici təhlükələrin qarşısı alındı. Qarabağ münaqişəsi fonunda davam edən hərbi toqquşmaların dayandırılması üçün ciddi diplomatik səylər göstərildi və nəhayət, 1994-cü ilin mayında atəşkəs rejiminə nail olundu. Bu, çətin, lakin zəruri bir qərar idi və qarşı tərəfin təpkilərinə baxmayaraq, münaqişənin genişmiqyaslı döyüşlərdən siyasi müstəviyə keçirilməsinə zəmin yaratdı. 
Eyni ildə – 1994-cü il sentyabrın 20-də Azərbaycan dünya enerji nəhəngləri ilə “Əsrin müqaviləsi” adlandırılan böyük neft kontraktını imzaladı və ölkənin iqtisadi gələcəyi üçün yeni bir səhifə açıldı. Azərbaycanın beynəlxalq nüfuzu artdı, xarici sərmayələr ölkəyə axın etməyə başladı. Bütün bu uğurlar nəticəsində ölkədə iqtisadi inkişaf sürətləndi, siyasi sabitlik təmin olundu, separatçı və dağıdıcı qüvvələr zərərsizləşdirildi. Vətəndaş həmrəyliyi və ictimai-siyasi barış mühiti formalaşdı. Azərbaycan bu dövrdə müstəqilliyini qoruyub saxlamaqla yanaşı, onu daha da möhkəmləndirməyə nail oldu. 1993-cü ildən başlayan bu mərhələ Azərbaycanın tarixində dönüş nöqtəsi kimi qiymətləndirilir. Dövlətçiliyin əsaslarının möhkəmləndirilməsi, idarəetmə sisteminin yenidən qurulması və gələcəyə yönəlik strateji inkişaf xəttinin müəyyən olunması baxımından bu dövr müasir Azərbaycanın formalaşmasında həlledici rol oynadı. Heydər Əliyevin 1993-cü ildə xalqın təkidi ilə hakimiyyətə qayıdışı Azərbaycanın dövlətçilik tarixində dönüş nöqtəsinə çevrildi. Onun rəhbərliyi ilə ölkədə yaranmış siyasi və iqtisadi xaos aradan qaldırıldı, dövlət institutları yenidən quruldu və müstəqilliyin qorunması təmin olundu. Məhz bu dönüş nöqtəsi sonrakı illərdə ölkənin inkişaf yoluna çıxmasının əsasını qoydu”.
 
A.Əlizadə 2025-ci ilin Azərbaycan üçün əlamətdar olduğunu qeyd edib:
 “Bu il həm 1995-ci ildə qəbul olunmuş müstəqil Azərbaycanın Konstitusiyasının 30-cu ildönümü qeyd olunur, həm də ölkəmiz rəsmi olaraq “Suverenlik İli” elan edilib. Bu gün biz fəxrlə deyə bilərik ki, Azərbaycan iqtisadi, siyasi və hərbi baxımdan regionun lider dövlətidir. Vətəndaşlar olaraq belə bir güclü və suveren dövlətin bir parçası olmaq qürurverici və məsuliyyətdir. Bütün bu uğurların təməlində isə dahi lider Heydər Əliyevin zamanında atdığı uzaqgörən və cəsarətli addımlar dayanır”.
 
Mehin Mehmanqızı
Seçilən
3
moderator.az

1Mənbələr