İsrail hərbi qüvvələri Tehranın cənubunda yerləşən və İrana məxsus raket buraxılış qurğusunu, eləcə də əsgərləri məhv edib. Bu barədə İsrail Müdafiə Qüvvələrinin (ÇAXAL) Telegram kanalında məlumat yayılıb.
"Hərbi Hava Qüvvələri yer-hava tipli raketlərin operatorlarını Tehranın cənubundakı buraxılış qurğusuna çatmazdan bir neçə saniyə əvvəl müəyyən edib və məhv edib. Buraxılış quröusu da məhv edilib", - qurumun bəyanatında deyilir.
ÇAXAL həmçinin əsgərlərə və texnikaya zərbələrin endirilməsini əks etdirən və pilotsuz təyyarədən çəkilmiş videonu da dərc edib.
Xatırladaq ki, İsrail iyunun 13-nə keçən gecə İranın nüvə və raket proqramlarına zərər vurmaq üçün "Am KeLavi" (Şir kimi millət) əməliyyatına başladığını elan edib. ÇAXAL Tehran və Natanz da daxil olmaqla bir neçə bölgədə əvvəlcədən müəyyənləşdirilmiş hədəflərə zərbələr endirib. Hədəflər İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) üzvlərinin yerləşdiyi hərbi bazalar, hava hücumundan müdafiə sistemləri və yaşayış kompleksləri olub.
Belə bir gərginlik fonunda İranın ali dini lideri Əli Xamenei vətəndaşlara müraciət edib. O, gözlənilməz hücumlar nəticəsində bir neçə alim və yüksək rütbəli komandirin həlak olduğunu bildirib. Eyni zamanda Xamneyi İsrailin zərbələrinə cavab məsələsində İran əsgərlərinə “hərəkət azadlığı” verdiyini bildirib.
Tural