AZ

“Sabah”ı avrokubok oyunlarına kim aparacaq? - Berezutski postundan getdi, arxada isə böyük sirlər buraxdı

“Sabah” Futbol Klubunun (FK) baş məşqçisi Vasili Berezutski iyunun 14-də qəfil işindən ayrılıb.

Mia.az xəbər verir ki, klubun yaydığı rəsmi məlumatda baş məşqçinin ailəvi problemlərə görə işdən çıxdığı öz əksini tapıb. İddiaya görə, arvadı Olqa Berezutskinin səhhətində problemlər var.

Görəsən, Berezutski dirəşib kuboku almaqla kimlərinsə hansısa planlarımı pozuldu? “Aldanmış kəvakiv” olmaq istəmədi bəlkə o da, Asif Bağırov və Cavid Hüseynov kimi?

Berezutski ilə birlikdə çox güman ki, onun köməkçiləri Dmitri Smirnov və Aleksandr Naqornı da gedəcək. Düzdü, onların müqaviləsi elə əvvəldən Berezutskiyə bağlı idi. Amma məlumata görə, Berezurskinin “dəstə”sindən “Sabah” nədənsə yalnız Aleksey Antonyuku klubda saxlayacaq. “Krasnodar” klubunun qapıçılar üzrə keçmiş baş məşqçisi hələ ki, “Sabah”da işinə davam edir.

Yeri gəlmişkən, “Rusmeylli” sayılan Masazır klubu 2017-ci il sentyabrın 8-də “Bridge Group of Companies”in rəhbəri Yaqub Hüseynov tərəfindən yaradılıb və Y.Hüseynov həmçinin klubun Müşahidə şurasının sədridi.

“Sabah”ın təkcə 2024-cü ildə büdcəsi 27 milyon manat olub. Bu, böyük rəqəmdi.

Bəs belə imkanlı kluba gələn Berezutski özü kim idi ki? “Sabah”la 2,5 illik müqavilə bağlayan, MOİK Moskva FK-nun və Rusiya millisinin müdafiəçisi olan 42 yaşlı Berezutski buna qədər Rusiyanın MOİK Moskva FK və “Krasnodar” FK-da, Niderlandın “Vitessa” FK-da və Çinin “Şanxay Şenxua” FK-da məşqçi heyətində olub. O, “Sabah”da baş məşqçi kimi özünü ilk dəfə sınayırdı. Onun Azərbaycandakı fəaliyyəti, baş məşqçi kimi ilk debütü Rusiya məkanında maraqla izlənilirdi. Hətta kuboku qazanandan sonra buna reqion idman klubları arasında ilk reaksiya verən də elə MOİK Moskva oldu. Onlar “Kubok Azerbaydjana, toje armeyskaya!” yazaraq Berezutskinin MOİK şinelindən çıxdığını xatırlatmağı unutmadılar.

Yeri gəlmişkən, mən hər fürsət düşəndə “Qarabağ”ı çalışdıran Qurban Qurbanovdan “Sabah”ın oyununu şərh etməyi xahiş etmişəm, adam da ehtiyatla cavab verib mənə. Rus məşqçi bir də Q.Qurbanova hörmətsizliyi ilə mənim yadımda qalıb. Yekəxanalıq da deyə bilərəm bu hərəkətə. “Qarabağ”la Premyer Liqa oyunlarından birində oyun sonrası protokola uyğun olaraq Qurbanovun əlini sıxmaq əvəzinə üzünü yana çevirib getmişdi. Qurbanov pərt halda bir neçə dəfə onun tərəfə baxsa da, Berezutski onu eyninə almayaq stadionu tərk etmişdi.

Gələk Berezutskinin ailə məsələsinə. Həmin vaxtda yuxarıda dediyim kimi, baş məşqçinin arvadı Olqa İspaniyada müalicədə idi. O.Berezutskaya oraya gedəndə əri hələ Çin klubunda idi, Azərbaycana gəlməmişdi.

Ümumiyyətlə, xanım Berezutski ictimaiyyətdə tanınmış adamdı: “Vintaj” qrupunun keçmiş solisti, xoreoqrafı və prodüsseri olub, sinxron üzgüçülük üzrə dünya çempionudu, hazırda da aktiv bloqerdi, həmçinin mental və emosional idman üzrə trenerdi. Uşaqlıqdan müxtəlif xəstəliklər, o cümlədən ikitərəfli pnevmoniya, astma, allergiyanın ağır formasından əziyyət çəkib. Hətta uşaq vaxtı 2-ci qrup əlil olub. Onun hazırkı onurğa rahatsızlığı Berezutskiyə sürpriz deyildi. İndi bu xəstəlik səbəbiylə qəfil çıxıb getməsi də adamda istər-istəməz sual yaradır.

Yaxud, bəlkə Berezutskinin özünün düşünülmüş planı vardı?

Məsələn, MOİK də indi məşqçisiz qalıb... Berezutskinin sorağı oradan gəlməyəcəkmi, sizcə? Üstəlik, o gün MATÇ.TV deyirdi ki, Berezutskinin arvadı MOİK-dən iş təklifi alıb. O, klubun telekanalının aparıcı olacaq. Xanım özü də bloqunda “iş təklifi gözlədiyini” gizlətməyib.

Uzun sözün qısası, Allah bütün xəstələrə şəfa versin.

Olan bizə olur, çünki.

Zülfiyyə Mustafayeva

MİA.AZ

Seçilən
6
3
mia.az

4Mənbələr