AZ

Mourinyonun yeni köməkçiləri bəlli oldu

Məlum olduğu kimi Joze Mourinyonun başçılığı altında ilk mövsümdə qarşıya qoyulan hədəflərin heç birinə çata bilməyən ''Fənərbaxça'' portuqaliyalı mütəxəssislə yola davam etsə də, onun köməkçiləri ilə yollar ayrılıb.

"Football-plus.az" xəbər verir ki, Salvatore Foti, Covanni Serra və Luka Fatiqa artıq bu məşqçi ilə birlikdə işləməyəcək.

Bu arada rəsmi açıqlama hələ verilməsə də, Mourinyonun yeni köməkçiləri bəlli olub. Türkiyə mətbuatının yazdığına inansaq, Antonio Diaş, Joao Tralyan və Pedro Maçado yeni mövsümdə ''Fənərbaxça''da işləyərək təcrübəli mütəxəssisə yardım edəcəklər. Onların hər üçü portuqaliyalıdı.

Antonio Diaş demək olar, bütün karyerası boyu Nuno Eşpirito Santonun köməkçisi kimi işləyib. O, bu mütəxəssislə birlikdə ''Portu'', ''Riu Ave'', ''Valensiya'', ''Vulverhempton'', ''Tottenhem'', ''Əl-İttihad'' və son olaraq ''Nottingem Forest''də çalışıb. Əvvəlki klublarda 42 yaşlı Diaş əsasən futbolçuların fiziki durumuna görə cavabdehlik daşıyırdısa, ''Nottingem Forest''də o artıq Eşpirito Santonun sağ əli hesab olunurdu. Diaşın premyer-liqa klubu ilə hələ 2026-ya qədər müqaviləsi var idi. Amma o, Mourinyonun təklifini qəbul edərək ilk dəfə belə desək, Eşpirito Santodan ayrıldı. Joao Tralyana gəlincə, o, Türkiyə futbolu üçün yad sima deyil.

Belə ki, 44 yaşlı mütəxəssis 2023-cü ildə ''Antalyaspor''da Nuri Şahinin köməkçisi vəzifəsini icra edib. Daha sonra Şahin ilə birlikdə Dortmund ''Borussiya''sında da çalışıb. 36 yaşlı Maçado isə daha öncə ''Tottenhem'' və ''Roma''da Mourinyo ilə birlikdə çalışıb. Onun son iş yeri Qətər təmsilçisi ''Əl-Duhail'' idi. Maraqlıdı ki, hələlik yerli məşqçilərdən heç kimin təyinatı reallaşmayıb.

Halbuki Mourinyonun köməkçiləri istefaya göndərildikdən sonra bu vəzifəyə yerli məşqçilərin gətiriləcəyi iddia edilmişdi. Hətta Volkan Dəmirəl və Gökhan Gönülün adı hallanmışdı. Amma göründüyü kimi hələlik reallıq tamam fərqlidi.

Seçilən
44
football-plus.az

1Mənbələr