ABŞ-nin İrandakı virtual səfirliyi amerikalı vətəndaşlara İranı dərhal tərk etməyi tövsiyə edib.
Far.Az xəbər verir ki, bu barədə səfirliyin rəsmi saytında bildiriş dərc olunub.
"ABŞ vətəndaşları heç bir səbəbdən İrana səfər etməməlidir. Hazırda İranda olanlar isə ən qısa zamanda ölkəni tərk etməlidirlər. Əgər bu mümkün deyilsə, uzun müddət sığınacaqda qalmağa hazır olmalıdırlar", – deyə bildirilib.
Qeyd olunub ki, Vaşinqtonun Tehranla diplomatik əlaqələri yoxdur, ABŞ-nin maraqlarını isə İsveçrə təmsil edir.
Səfirlik vətəndaşlara İranı Azərbaycan, Ermənistan və ya Türkiyə üzərindən tərk etməyi tövsiyə edib. Bildirilib ki, Azərbaycanın quru sərhədləri bağlı olsa da, ABŞ vətəndaşları xüsusi icazə ilə 15 iyun tarixində Astara sərhəd-keçid məntəqəsindən ölkəyə daxil ola bilərlər.
Səfirlikdən vurğulanıb ki, bu məqsədlə amerikalılar əvvəlcədən Azərbaycan hökumətindən icazə almalı və ABŞ-nin Bakıdakı səfirliyi ilə əlaqə saxlamalıdırlar.