Macarıstanın paytaxtı Budapeştdə təşkil olunan cüdo üzrə dünya çempionatında Azərbaycan yığmasının uğursuz çıxışı davam edir.

Offsideplus.az xəbər verir ki, bu gün tatami üzərinə çıxan hər 3 idmançımız - Hidayət Heydərov, Rəşid Məmmədəliyev (hər ikisi 73 kq) və Fidan Əlizadə (57 kq) medalsız qalıb.

Hidayət və Fidan elə ilk görüşdəcə çempionatla vidalaşıb.

Rəşid isə 1/4 finala vəsiqə qazansa da, bundan artığına gücü çatmayıb. O, həm 1/4 finalda, həm də təsəlliverici mərhələdə uduzaraq 7-ci yerlə kifayətlənib.

Bundan öncə daha 5 cüdoçumuz - Leyla Əliyeva, Könül Əliyeva (hər ikisi 48 kq), Gültac Məmmədəliyeva (52 kq), Əhməd Yusifov (60 kq) və Ruslan Paşayev (66 kq) fəxri kürsü üzünə həsrət qalıblar.

Beləliklə, dünya çempionatına qatılan 13 idmançımızdan hələlik 8-i ümidləri doğrultmayıb.

Bu mötəbər yarışa iyunun 19-da yekun vurulacaq.