AZ

Şuşa Bəyannaməsi - Tarixi Birlik və Qardaşlığın Zirvəsi


2021-ci ilin 15 iyun tarixi Azərbaycan və Türkiyə münasibətlərində strateji tərəfdaşlığın ən yüksək mərhələsinə keçidi simvolizə edən mühüm bir hadisə ilə yadda qaldı. Azərbaycan və Türkiyə arasında imzalanmış Şuşa Bəyannaməsi Cənubi Qafqazda yeni siyasi sabitlik və güvən mühitinin əsasını qoydu. Həmin gün işğaldan azad olunmuş Qarabağın incisi Şuşada Prezident İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında Şuşa Bəyannaməsi imzalandı. Bu sənəd, yalnız iki qardaş ölkə arasında deyil, bütövlükdə Türk dünyasının geosiyasi xəritəsində əhəmiyyətli dönüş nöqtəsi kimi qiymətləndirilir.

Qarabağın tacı Şuşada baş tutan bu mərasim Azərbaycan-Türkiyə münasibətlərində yeni bir epoxanın başlanğıcı oldu. Şuşa Bəyannaməsi təkcə iki dövlət arasında hüquqi sənəd deyil, bu sənəd Türk dünyasına, regiona və bütün dünyaya verilən açıq bir mesajdır. Azərbaycan və Türkiyə təkcə dost və qardaş deyil, həm də hərbi-siyasi müttəfiqdir. Artıq bu münasibət bir millət, iki dövlət olmaqla yanaşı, bir ordu, bir iradə və bir güc formatında davam edir. Bu sənəd həm də gələcək nəsillərə yol xəritəsidir. Azadlıq, birgəlik, təhlükəsizlik və davamlı tərəqqi yolunda birgə yürüşün rəsmi bəyanıdır. 15 iyun tarixi bu mənada yalnız keçmişin qələbəsini deyil, həm də gələcəyin birliyini və gücünü simvolizə edir.

Şuşa Bəyannaməsindəsiyasi, iqtisadi, hərbi, müdafiə sənayesi, nəqliyyat, energetika və humanitar sahələrdə əməkdaşlıq məsələləri əhatə olunur. Bəyannamənin ən mühüm cəhətlərindən biri isə hər iki dövlətin bir-birinin təhlükəsizliyini təmin etmək üçün qarşılıqlı dəstək verəcəyini açıq şəkildə bəyan etməsidir. Bu maddə faktiki olaraq, Azərbaycanın təhlükəsizliyi məsələsində Türkiyənin birbaşa zəmanət verdiyini, eyni zamanda, regionda sabitliyin və sülhün qorunması üçün hər iki ölkənin vahid mövqe sərgilədiyini göstərir.

Şuşa Bəyannaməsinin məhz Şuşa şəhərində imzalanması rəmzi və strateji əhəmiyyət daşıyır. Bu, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda apardığı mübarizənin, 44 günlük Vətən müharibəsinin nəticələrinin və Türkiyənin bu prosesdəki dəstəyinin rəmzi olaraq qəbul edilir. Prezident Ərdoğanın Şuşaya səfəri və burada Azərbaycan bayrağı ilə yanaşı Türkiyə bayrağının dalğalanması, Türk dünyasına və beynəlxalq ictimaiyyətə güclü bir siyasi mesaj idi. Türk Birliyinə Doğru Şuşa Bəyannaməsi eyni zamanda Türk Dövlətləri Təşkilatının inteqrasiya proseslərinə mühüm töhfə verdi. Bəyannamə çərçivəsində hərbi təlimlər, müdafiə sənayesində birgə layihələr və mədəni əməkdaşlıq təşviq edilir. Bu isə təkcə ikitərəfli münasibətləri deyil, həm də Türk dünyasının ortaq maraqlarının gücləndirilməsini təmin edir.

15 iyun - artıq Azərbaycan tarixində ikiqat əlamətdar gündür. Bu tarix həm Milli Qurtuluş Günü, həm də Şuşa Bəyannaməsinin imzalandığı gün kimi yadda qalır. Bu sənəd iki dövlətin yalnız dost və qardaş deyil, həm də müttəfiq olduğunu sübut etdi. Şuşa Bəyannaməsi gələcək nəsillərə, Türk dünyasına və beynəlxalq ictimaiyyətə verilmiş aydın bir mesajdır. Azərbaycan və Türkiyə bir millət, iki dövlət olmaqla yanaşı, artıq bir ordu, bir iradə və bir gücdür!

Lamiyə İsazadə,
“Kimsəsiz Uşaqların Sosial Müdafiəsi” İctimai Birliyinin sədri,
AYB-nin üzvü, Prezident Təqaüdçüsü.

Seçilən
7
baki-xeber.com

1Mənbələr