İyunun 15-də Türkiyə tərəfinin təşəbbüsü ilə Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov və Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidan arasında telefon danışığı olub.
APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya XİN məlumat yayıb.
Bildirilib ki, xarici siyasət idarələrinin rəhbərləri İsrailin İrana qarşı hərbi əməliyyatı ilə əlaqədar Yaxın Şərqdə vəziyyətin görünməmiş gərginləşməsi ilə bağlı fikir mübadiləsi aparıblar.
Eyni zamanda, vurğulanıb ki, nazirlər hərbi əməliyyatları dərhal dayandırmaq və bütün regionda vəziyyət üçün ən ciddi, gözlənilməz nəticələrə səbəb olan növbəti zorakılıq spiralının qarşısını almaq lazım olduğuna dair yekdil fikirdədirlər.
Türkiyə tərəfi davamlı danışıqlar prosesinin yaradılması çərçivəsində mövcud mübahisəli məsələlərin, o cümlədən İranın nüvə proqramı ilə bağlı məsələlərin qarşılıqlı məqbul həll yollarının tapılmasını asanlaşdırmaq maraqları naminə Rusiyanın vasitəçilik səylərini davam etdirməyə hazır olduğunu yüksək qiymətləndirib.
***
15:50
Türkiyənin xarici işlər naziri Hakan Fidan Rusiya xarici işlər naziri Sergey Lavrovla telefon danışığı zamanı Yaxın Şərqdəki vəziyyəti müzakirə edib və İranın nüvə proqramı ilə bağlı məsələnin yalnız diplomatik yollarla həll edilə biləcəyini bildirib.
APA xəbər verir ki, bu barədə TASS-a Türkiyə Xarici İşlər Nazirliyindəki mənbə məlumat verib.
"Nazir Hakan Fidan bu gün Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovla telefon danışığı aparıb. Danışıq zamanı İsrail və İran arasındakı münaqişə, həmçinin bu gərginliyin mümkün qlobal və regional nəticələri müzakirə olunub. Fidan hadisələrin inkişafının narahatlıq doğurduğunu və İranın atom fəaliyyəti ilə bağlı mübahisənin həllinin və münaqişəyə son qoymağın yeganə yolunun diplomatiya olduğunu bildirib", – deyə mənbə qeyd edib.